SON XƏBƏRLƏR

Muğan zindanında saxlanılan azərbaycanlı fəal Kiyumərs İslaminin son vəziyyəti

2021.10.20, 07:36
Muğan zindanında saxlanılan azərbaycanlı fəal Kiyumərs İslaminin son vəziyyəti

Gunaz.tv

GünAz TV: Babək qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən tutulan azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami hələ də Muğan zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəalın həbsxanada işgəncələr altında sorğu-suala tutulduğu bildirilir.

 

K.İslaminin ailəsi iyulun 26-da Parsabad Məhkəməsinə müraciət edərək hakim tərəfindən fəalın müvəqqəti azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə Ettelaat İdarəsinin tapşırığı ilə vəsiqəni qəbul etməkdən imtina edib.

 

Fəalın dosyesinə baxan hakim onun ailə üzvlərinə bildirib ki, Kiyumərsin məhkəmə iclası gələn ay (şəhrivər ayı) keçiriləcək, o bu müddətdə azadlığa buraxılmayacaq.

 

Hakim və onun katibinin İslami ailəsinə qarşı kobud davrandığı, onları təhqir və təhdidlərə məruz qoyduqları bildirilir.

 

Bu vəziyyətə etiraz edən K.İslami azadlığa buraxılmayacağı təqdirdə iyulun 28-dən aclıq aksiyasına başlayacağını elan edib.

 

Bundan əvvəl fəalın dosyesinə baxan hakim onun müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarıb.

 

K.İslaminin həbsxanada ağır cismi və ruhi işgəncələr altında saxlandığı bildirilir.

 

“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O iyulun 3-ü sübh saatlarında Parsabad şəhərində öz evində saxlanılıb. Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, fəala aid bir çox şəxsi əşyanı özləri ilə götürüblər. Fəal yaxalanarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb.

 

İranın təhlükəsizlik qüvvələri iyulun 5-i və 6-da keçirilən ənənəvi Babək qalası yürüşünə bir neçə gün qalmış milli-mədəni fəalların ev və ya iş yerlərinə hücum çəkərək çox sayda fəalı yaxalayıb, bir neçə fəal isə qalada saxlanılıb. Ümimilikdə Babək qalası yürüşü ilə əlaqədar ən azı 70  nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onların əksəriyyəti yaxalanarkən və saxlandıqları müddətdə işgəncə edilib.

Bir neçə fəal istisna olmaqla Babək qalası yürüşü ilə əlaqədar saxlanılan fəallar ağır mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar