SON XƏBƏRLƏR

Muğan zindanında saxlanılan Kiyumərs İslami narkomanlar və oğruların saxlandığı bölümə köçürülüb

2021.10.20, 07:36
Muğan zindanında saxlanılan Kiyumərs İslami narkomanlar və oğruların saxlandığı bölümə köçürülüb

Gunaz.tv

GünAz TV:  Muğan Zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Kiyumərs İslami həbsxananın rəisinin əmri ilə oğrular və narkomanların saxlandığı bölümə köçürülüb.

 

Fəalın zindanın ən ağır şəraitdə olan bölümünə köçürülməsi ilə bağlı qərar, onun iyulun 28-də aclıq aksiyasına başlamasından sonra verilib.

 

GünAz TV mətbuat mərkəzinə daxil olan məlumata görə, K.İslaminin ailə üzvləri avqustun 1-də Pasrabad Məhkəməsinə növbəti dəfə müraciət edərək onun azadlığa buraxılması üçün təyin olunan mülki vəsiqəni təqdim etmək istəyiblər, lakin məhkəmə Ettelaat İdarəsinin tapşırığı ilə ikinci dəfə olaraq vəsiqəni qəbul etməkdən imtina edib.

 

Məlumata görə, K.İslami saxlandığı zindanının rəisinin əmri ilə məmurlar tərəfindən işgəncə və təzyiqlərə məruz qalır. O aclığa başlayan gündən oğrular və narkomanların saxlandığı bölümə aparılaraq cəzalandırılıb.

 

Azərbaycanlı fəal müvəqqəti azadlığa buraxılması üçün ailəsinin təqdim etdiyi mülki vəsiqənin qəbul olunmaması və hakimin prosesi uzatmasına etiraz olaraq aclıq aksiyası keçirməyə qərar verib. O azadlığa buraxılanadək aksiyaya davam edəcəyini açıqlayıb.

 

Fəalın ailəsi onun təhlükəli məhbuslarla birlikdə natəmiz və ağır şəraitdə olan korpusda saxlanılmasından nigaranlıq hissi keçirir.

 

Fəalın dosyesinə baxan hakim iyulun 26-da onun ailəsinə bu tezlikdə sərbəst buraxılmayacağını deyib: “Kiyumərsin məhkəmə iclası gələn ay (şəhrivər ayı) keçiriləcək, o məhkəmə prosesinə qədər azad edilməyəcək.”

 

Bundan əvvəl fəalın müvəqqəti azadlığa buraxılması üçün 120 milyon riallıq mülki vəsiqə qərarı çıxarılıb. Ona qarşı irəli sürülən ittiham və ya ittihamlar barəsində hələlik heç bir məlumat yoxdur.

 

“Araz” adı ilə tanınan K.İslami Azərbaycanın tarix və mədəniyyəti üzrə gənc araşdırmaçı fəaldır. O iyulun 3-ü sübh saatlarında, Babək qalası yürüşü ərəfəsində Parsabadda öz evində saxlanılıb. Ettelaat əməkdaşları fəalın evinə hücum çəkərək evdə axtarış aparıb, ona aid bir çox şəxsi əşyanı özləri ilə götürüblər. Fəal yaxalanarkən Ettelaat əməkdaşları tərəfindən döyülüb.

 

K.İslami bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Qeyd edək ki, İran rejimi azərbaycanlı milli-mədəni fəalları təzyiq altında saxlamaq məqsədi ilə onları siyasi məhbuslara məxsus bölümdə deyil, narkomanlar və ağır cinayətlərdə günahlandırılan təhlükəli məhbuslarla eyni korpusda saxlayır. Bu isə həm beynəlxalq, həm də İranın öz qanunlarına ziddir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar