SON XƏBƏRLƏR

Müharibə hələ bitməyib

2021.10.20, 07:36
Müharibə hələ bitməyib

Gunaz.tv
Müharibə hələ bitməyib esker.jpg "26 iyunda Azadlıq meydanında keçirilən hərbi parad xalqımızın özünə, qələbəyə inanımı daha da artırıb" İyunun 26-da Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyi münasibətilə hərbi parad keçirilib. Parad saat 12.00-da müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzəsi ilə başlayıb. Müdafiə Nazirliyinin hərbi orkestri Azərbaycanın dövlət himnini səsləndirdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev çıxış edərək, Silahlı Qüvvələr quruculuğunda son illər görülən işlərdən danışıb. Ramiz Mikayıloğlu "Azərbaycan Silahlı Qüvvələri ən yüksək standartlara cavab verir" Prezident ordunun yaranmasını ölkənin tarixində əlamətdar hadisə adlandırıb. O qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yaranması zərurəti ortaya çıxıb. Dövlət başçısı bildirib ki, Silahlı Qüvvələrin güclənməsi üçün bu gün bütün lazımi tədbirlər görülür, peşəkarlıq artır və bu gün Azərbaycan ordusu ən yüksək standartlara cavab verir. Ordunun peşəkarlığı ilə yanaşı, maddi-texniki bazası da möhkəmlənir və bu istiqamətdə son illər çox böyük işlər görülür: "2003-cü ildə Azərbaycanın hərbi xərcləri indikindən 10 dəfə az idi. Azərbaycanın ümumi hərbi xərcləri bu gün 2 milyard dollardan artıqdır. Azərbaycanın dövlət xərclərində hərbi xərclər birinci yerdədir və əminəm ki, bundan sonrakı illərdə də belə olacaq". Dövlət başçısı çıxışında onu da deyib ki, Azərbaycan Ordusu üçün lazım olan hərbi texnika və silah-sursatın ölkədə istehsalının tərəfdarıdır: "Bunu etmək üçün ölkəyə yeni texnologiyalar gətirilməli, peşəkar mütəxəssislər hazırlanmalı, lazımi miqdarda maliyyə vəsaiti ayrılmalıdır. Bütün amillər Azərbaycanda mövcuddur". İlham Əliyev Azərbaycanın hərbi xərclərinin Ermənistanın dövlət xərclərinə bərabər olduğunu, növbəti illərdə bu xərclərin daha da artırılacağını nəzərə çatdırıb. "Torpaqlarımızı azad etməyə hər an hazır olmalıyıq" Ali Baş Komandan Azərbaycanın müharibə şəraitində yaşadığını, müharibənin hələ bitmədiyini xatırladıb: "Torpaqlarımızı azad etməyə hər an hazır olmalıyıq, biz məhz bu məqsədlə güclü ordu yaradırıq. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı uzun zamandan bəri danışıqlar aparılır. Azərbaycan xalqı artıq bu danışıqlardan yorulub. Danışıqlar əbədi aparıla bilməz. Düzdür, danışıqlar prosesində müsbət irəliləyişlər var. Bu gün müzakirə predmeti olan təkliflərdə Azərbaycanın ərazi bütövlüyü prinsipi əsas götürülür. Danışıqlar masasında mövcud olan təkliflərdə Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün heç bir mexanizm yoxdur". Ermənistanın beynəlxalq hüquq normalarına məhəl qoymadığını deyən prezident Azərbaycanın hələ ki, danışıqları davam etdirmək niyyətində olduğunu açıqlayıb: "Mən əminəm ki, biz bütün səylərimizi səfərbər edib, diplomatik, iqtisadi, hərbi siyasətimizi gücləndirərək məqsədimizə nail olacağıq. Haqq-ədalət, beynəlxalq birlik, iqtisadi imkanlar, hərbi üstünlük bizim tərəfimizdədir". Prezident Azərbaycan Ordusunun bölgənin ən güclü ordusu olduğunu da diqqətə çatdırıb, ordunun güclənməsi üçün bundan sonra da bütün addımların atılacağını vurğulayıb. İlham Əliyev nitqinin sonunda hərbi paradın keçirilməsini böyük hadisə kimi qiymətləndirib, bu gün münasibətilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini və Azərbaycan xalqını bir daha təbrik edib. Pilotsuz təyyarələr, qırıcılar, zirehli maşınlar Daha sonra hərbi orkestrin ifa etdiyi marş sədaları altında Silahlı Qüvvələrin bölmələri tribunanın önündən keçiblər. Meydana gətirilən dövlət bayrağının ardınca Azərbaycan Xalq Cümhuriyyəti ordusunun geyimində və silahları ilə silahlanmış bölmələr, daha sonra hərbi təhsil müəssisələrinin - Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik məktəblərinin müdavimləri, ordu birləşmələrinin, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Milli Qvardiya, FHN-in Mülki Müdafiə Qoşunları, Daxili Qoşunların bölmələri, dəniz piyadaları və xüsusi təyinatlı birləşmələrin əsgərləri keçid ediblər. Eyni zamanda Azərbaycan Hərbi Hava Qüvvələrinin "MiQ" və "Su" markalı döyüş təyyarələri, "Mi-6", "Mi-8" və "Mi-24" markalı vertolyotları Bakı səmasında müxtəlif pilotaj uçuşları yerinə yetirib, səmada Azərbaycanın dövlət bayrağını cızıblar. Piyadaların ardınca Silahlı Qüvvələrin müxtəlif texnikaları, pilotsuz uçan aparatlar, qoşqulu və özüyeriyən artilleriya qurğuları, reaktiv yaylım atəş sistemləri, piyadaların döyüş maşınları, zirehli transportyorlar, zenit raket sistemləri və tanklar keçid edib, gəmilər isə dənizdən parada dəstək verib. Hərbi parada Azərbaycan Silahlı Qüvvələrinin 4510 nəfərdən ibarət şəxsi heyəti, 210 modernləşdirilmiş döyüş texnikası, 19 vertolyot, 25 döyüş təyyarəsi, 31 gəmi və kater cəlb olunub. Bu, Azərbaycan Silahlı Qüvvələrinin tarixində üçüncü hərbi paraddır. İlk hərbi parad 1919-cu il mayın 28-də indiki Xalça Muzeyinin yerləşdiyi ərazidə keçirilib. İkinci hərbi parad isə Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə keçirilib. Bəs bu hərbi paradı və onun təsirini necə qiymətləndirmək olar? Xalqın özünə, qələbəyə inamını artıran parad BAXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli deyir ki, dövlətin atributlarından biri də ordudur. Ordu həm də millətin gücünün göstəricisidir. Onun sözlərinə görə, mürəkkəb regionda və strateji məkanda yerləşən, torpaqlarının 20 faizi işğal altında, böyük qonşularının hər an müstəqilliyinə və ərazi bütövlüyünə qəsd etməyə çalışdığı Azərbaycanın Silahlı Qüvvələrinin güclü və qüdrətli olması vacibdir. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun, həmsədr dövlətlərin illərdir ki, münaqişənin həlli istiqamətində ciddi çalışmadıqlarını, işğalçıyla işğala məruz qalanı fərqləndirmədiklərini, eyni təklifləri irəli sürdüklərini xatırladan Yeganə Mehdibəyliyə görə, biz gec-tez torpaqlarımızı erməni işğalından müharibə yoluyla azad etməyə başlayacağıq. Bu zamansa bizə güclü və qüdrətli ordu mütləq lazımdır. MNTK sədri hesab edir ki, 26 iyunda Azadlıq meydanında keçirilən hərbi parad xalqımızın özünə, qələbəyə inamını daha da artırıb. Yeganə Mehdibəyli gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsində, Silahlı Qüvvələrdə xidmətə, hərbi təhsil almağa marağın artmasında da bu hərbi paradın özünəməxsus rol oynayacağından əmindir: "İnşaallah, ordumuz gücünü torpaqlarımızın işğaldan azad edilməsi zamanı da göstərər və generallarımız da rütbələrini məhz uğurlu hərbi əməliyyatlar sonucunda qazanar". Beynəlxalq aləmə və düşmənə verilən mesaj Mənasız danışıqların bu məqamında, həmsədrlərin regiona səfərə gəldiyi bir vaxtda və saxtakarlıqla, buna etirazını bildirənlərin qanını tökməklə Ermənistanda prezident kürsüsünə yiyələnmiş Serj Sərkisyanın yenə də qeyri-konstrktiv bəyanatlar səsləndirdiyi bir dönəmdə bu hərbi paradın keçirilməsi bir çoxları üçün ciddi mesajdır. Söhbət həm işğalçılıq siyasətinə son qoymamış Ermənistandan, həm də işğalçını öz adıyla çağırmayan həmsədrlərdən gedir. İkincisi, yuxarıda da deyildiyi kimi, Azərbaycanın işi tək torpaqlarının işğaldan azad etmək, buna ciddi hazırlaşmaqla bitmir. Azərbaycanın yerləşdiyi strateji məkan, qlobal neft və qaz ixracı marşurutları fonunda təhlükəsizliyin qorunması da ciddi bir məsələ kimi ortaya çıxır. Bu baxımdan iyunun 26-da keçirilən parad həm ölkəmizin beynəlxalq aləmdə əhəmiyyətli enerji təminatçısı kimi roluna qısqanclıqla yanaşan, bu rolu heçə endirməyə çalışanlar, həm də bizim bu rolu uğurla oynayacağımızı istəsə də, narahatlıq keçirən Qərb üçün də vəziyyəti aydınlaşdırdı. Silahlı Qüvvələrin nümayiş olunan bir qism gücü belə nəticə çıxarmaq üçün yetərlidir. Sözsüz ki, Azərbaycan pilotlarının yüksək ustalıqla qırıcı təyyaləri idarə etməsi, manevrləri, yüksək dəqiqliklə digər silah və texnika, torpaqlarımızın azadlığı uğrunda canlarından belə keçməyə hazır olan əsgərlərimizin qürurlu addımları xalqımızın mənəvi ruhunu da yüksəltdi. Bu ruh bizə çox lazımdır. Təsadüfi deyil ki, Atatürk Çanaqqala zəfərindən danışarkən türklərin qələbəsinin səbəbini bir ifadə ilə ortaya qoyub: "Əmin olmalısınız ki, Çanaqqala döyüşlərini qazandıran yüksək ruhdur". Yeri gəlmişkən, ilk baxışda xırda bir çatışmazlıq olsa da, 26 iyunda təşkilatçıların xalqımızın öz ordusunu izləməyə daha yaxşı şərait yaratması lazım idi. Psoxoloji təzyiqin nəticələri 26 iyunda keçirilən hərbi paradın düşmən üçün güclü psixoloji təzyiq rolunu oynadığını da əminliklə söyləmək olar. Elə Serj Sərkisyanın "Kommersant" qəzetinə son açıqlaması da bunu təsdiqləyir. Ermənistan prezidenti deyib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar sabah da başlaya bilər və bunu istisna etmək olmaz. Çünki, Azərbaycan rəhbərliyi münaqişənin hərb yolu ilə həllindən danışır. Onun qənaətinə görə, ötən 14 il ərzində "nə sülh, nə də ki müharibə" şəraiti qüvvələrin balansı sayəsində saxlanılır və şərtlərin pozulacağı təqdirdə hərbi əməliyyatların yenilənməsi istisna deyil. Biz hər şeyi sülh yolu ilə həll edə bilərik və bu barədə Sankt-Peterburqda prezident İlham Əliyevlə görüşdə də danışmışıq. Görüş konstruktiv keçmişdi. Amma bir məsələ - konstruktiv danışmaq, digər məsələ isə - konstruktiv iş görməkdir. Bir daha deyirəm. Mən hərbi həll görmürəm. Bu, həm Azərbaycan, həm də Ermənistan üçün qırmızı xətdir. Biz bu sərhədi keçməmək üçün bizi yaxınlaşdıran tərəfi tapmalıyıq". Erməni mətbuatı da hərbi paradı və prezident İlham Əliyevin bəyanatlarını diqqətlə izləyib. Məsələn, "Panarmenian.net" internet saytı yazır ki, İlham Əliyev yenə də müharibənin hələ də başa çatmadığını bəyanlayıb. Azərbaycanın müstəqilliyinin ilk illərində Rusiyanın birbaşa hərbi-siyasi yardımı ilə torpaqlarımızı işğal edən ermənilər indi regionda yeni reallıqların yarandığının fərqindədirlər. Bu hərbi, siyasi, iqtisadi reallıqların müəllifi isə Azərbaycan Respublikasıdır. Düz 16 il sonra növbəti hərbi parad keçirib xalqa ruh verən, qələbəyə inam yaradan Azərbaycan Silahlı Qüvvələri əsl gücünü işğal olunmuş torpaqlarımız azad edəndə göstərəcək. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar