SON XƏBƏRLƏR

Müqəddəs andımız unudulmayıb; ölmək var, dönmək yox

2021.10.20, 07:36
Müqəddəs andımız unudulmayıb; ölmək var, dönmək yox

Gunaz.tv
Müqəddəs andımız unudulmayıb; ölmək var, dönmək yox 1945-46-cı illəğdə Cənubi Azərbaycanın milli istiqlal uğrunda apardığı mübarizəyə böyük səmimiyyət və yüksək ləyaqətlə öndərlik edən Seyid Cəfər Pişəvərinin bu gün də öz aktuallığını və siyasi təsirini saxlamaqda olan tarixi nitqlərindən biri Əziz həmyerlilər! Xalqımızın azadlığı yolunda götürdüyü böyük qədəmin həqiqi mənasını dərk etməkdə aciz olan Tehran azadixahları iki əsas məsələdə bizə öz dünyagörüşləri baxımından böyük irad tuturlar. Bunlardan biri azəri türkcəsi, digəri azərbaycanlıların milliyyətidir. Bu iradları biz özlərini azadixah adlandıran fars şovinistlərinin hamısından eşitmişik. Cavabımız da çox sadə və aydın olub: "Azərbaycanlı türkdür, fars deyil. Fars dili hər bir azəri türkü üçün yabançı dildir. O dili zor gücünə türkün boğazına yeritmək olmaz! Bu, indiyə qədər baş tutmadığı kimi bundan sonra da baş tutmayacaq. Azərbaycanda elə bir türk ailəsi tapa bilməzsən ki, o öz dilindən başqa bir dildə danışsın. Hətta ev şəraitində başqa bir dilə rəğbət bəsləmiş olsun. Mərhum Hacı İmam Cümə Xoylu qırx il Tehranda yaşadığı halda özünün təkiyyə kəlamı olan pii oğlan sözünü bir fars kəlməsi ilə əvəz edə bilməmişdi və ya onu əvəz etmək istəməmişdi. Bu da özlüyündə tehranlılar arasında zərb məsələ çevrilmişdi. Təkcə Tehranın özündə İmam Cümə Xoylu kimilər minlərlədir... Hamısı da öz aralarında ana dilində danışıb ondan ləzzət alırlar. Azərbaycanlı yüz il xaricdə yaşasa da əxlaq-ruhiyyə və tərzi təfəkkür cəhətdən azəri türkü olaraq dəyişməz qalır. Çünki o öz ata-baba yurdunu sevir və onu yada salmaqla iftixar hissi duyur. Azərbaycana dilsuzluq, yəni canı yanıqlıq edən fars şovinistlərinə anlatmaq gərəkdir ki, siz əgər müxtəlif yollarla didərgin salıb Tehrana çəkdiyiniz azərilərin ürəyinə girə bilsəniz, orada Azərbaycana olan məhəbbəti gördükdə heyrətdən donub yerinizdə qalarsınız. Çünki sizdə öz yurdunuza qarşı əlaqə və həqiqi məhəbbət yoxdur. Siz bizi tanımırsınız İnkaredilməz faktdır ki, azərbaycanlı heç bir cəhətdən sizə bənzəmədiyi kimi vətən məhəbbəti, ana eşqində də sizə oxşamamışdır. Buna görə də sizlərə azərbaycanlı psixologiyasına bələd olmaq bir o qədər də asan iş deyil. Daha doğrusu, sizlər azərilərdə olan mərdlik və qürur hisslərindən məhrumsunuz. Doğrudur, Azərbaycan türkləri bu günə qədər özünün milliyyəti barədə susmuşdu. Ancaq əməldə həmişə özünü tamam əyyar müstəqil bir millət hesab etmişdi. Elə buna görə də hər hansı bir millətin tabeliyində yaşamağı özü üçün təhqir sayır və milli azadlıq, müstəqillik uğrunda daim mübarizə aparır. Gedin, Tehranın cənub məhəllələrində fəhlələr yaşayan küçələrdə bir qədər ətraflı tədqiqat işi aparın. Azərbaycanın müxtəlif guşələrindən bir parça çörəkpulu qazanmaq üçün Tehrana mühacirət edib burada fəqir, yoxsul halda yaşayan zəhmətkeş və ləyaqətli insanların əhval-ruhiyyəsi ilə yaxından tanış olun. Bilin ki, nə səbəbə görə biz onları bir millət tanıyıb və özünü öz bildiyi kimi idarə etməyə haqlı sayırıq. Tehranda nəşr olunan "Keyhan" qəzeti özünün 863-cü sayının baş məqaləsini mənə ünvanlayıb: "Peyam be Pişəvəri" Məqalədə ünvanıma xoş sözlər deyilir. Bu mənim şəxsi işim olmadığına görə heç bir qiymət qail deyiləm. Əsas məsələ ondan ibarətdir ki, fars şovinistləri biz azəri türklərini öz məhdud düşüncə tərzinə görə kobud sayırlar, hətta özlərinə yaraşan nalayiq adlarla da adlandırmaqdan belə utanıb xəcalət çəkmirlər... "Keyhan" qəzetində mənə müraciət ünvanlayanda, yumşaq desək, başımı yarıb ətəyimə qoz doldurmaq məqsədi güdüb. Qoy təbiətən fars şovinistlərinə xas olan riyakarlıq, ikiüzlülük özlərinə qalsın. Onların iddiasının əksinə olaraq biz gözüaçıq, ayıq-sayıq adamlarıq. Hiyləgərlərin bizi aldatmaq cəhdi çətin ki, baş tuta bilsin. Buna görə də Pişəvərinin ünvanına üzəvari xoş söz deməyin xeyri yoxdur. Çünki Azərbaycanda yaranmış böyük nehzəti Pişəvəri vücuda gətirməmişdi. Bu bir xalqın ürəyindən-ruhundan qopan güclü bir nərənin əks-sədasıdır. Pişəvəri və onun silahdaşları xalqını sevib, onun səadətini arzuladığına görə bu zərurətdən doğan nehzətdən kənarda qala bilməzdilər. Biz böyük işlə məşğuluq Pişəvəri sadə bir yazıçıdır. Ancaq o həmişə xalqdan ilham aldığına, xalqın dərdlərini düşünüb ehtiyacını duyduğuna görə onun xilası və gələcək səadəti naminə nehzətə gönüllü olaraq qoşulmuşdur. "Keyhan" qəzeti vasitəsilə mənə yazı ünvanlayan Ağayi Novşadın səhvi ondadır ki, o, Pişəvərinin Azərbaycanın milli azadlıq hərəkatına qoşulmasını şovinistlərlə apardığı mübarizə yollarında aldığı xəsarətdə və ya mürtəcelərin onun haqqında işlətdikləri xəyanətdə axtarır. Bu özü də dolayısı ilə Pişəvərini təhqir etməkdən başqa bir şey deyil. Pişəvəri və onun silahdaşları siyasi mübarizə yollarından öz şəxsiyyətləri barədə düşünməkdən çox-çox uzaq adamlardılar. Çünki bu cür təfəkkür tərzi cahil və nadan adamlara məxsusdur. Mən Rza şah Pəhləvinin 11 illik zindanıyla məclis mürtəcelərinin vəkillik etibarnamənin əleyhinə işlətdikləri gülünc oyunları çoxdan unutmuşam! Biz indi böyük bir işlə məşğuluq. İndi nəinki geçmişi xatırlamağa, hətta başımızı qaşımağa vaxt tapa bilmirik... Bir də ki, mən o qara günlərdə belə intiqam və ədavət hissi ilə yaşamamışam. Xoşbəxtlikdən bu barədə vicdanım həmişə rahatdır. Riyakar və üzdəniraq azadixahlar xalqımızın milli mübarizəsinə şəxsi rəng vurub, onu öz arşınları ilə ölçmək istəyirlər. Bizim mübarizəmiz şəxsi mənafe üzərində qurulmadığı kimi şəxsi intiqam hissindən uzaq adamlarıq. Bir də ki söhbət heç də Pişəvərinin şəxsi əxlaqından getmir. Buna görə də nahaq yerə baş sındıran Tehran mətbuatının bəzi yazarlarının əhvalına acıyıram. Məncə, vicdan sarıdan misgin olanların hamısının halına acımağa dəyər. Məsələn, "Keyhan" qəzetində dərc olunan yazının müəllifi yazır: "Siz Azərbaycan dilini rəsmiləşdirməkdən əl çəksəniz, bir kiçik xan, yəni bir Səttar xan, bir Şeyx Məhəmməd Xiyabani ola bilərsiniz". Mən böyük simaların adını həmişə ehtiramla xatırlamışam, ancaq heç bir zaman onları təqlid etmək arzusunda olmamışam. Çünki mən şan-şöhrət naminə mübarizəyə qoşulmamışam. Mən Azərbaycan Demokrat firqəsinin adi bir üzvüyəm. Arzu edirəm xalqımızın nehzəti firqənin adı ilə bağlı olsun. Çünki mən doğma firqəmizin adı ilə fəxr edirəm. "Gəlin bu kiçik dairədən ki, dövrənizə çəkmisiniz, ayağınızı kənara qoyun. Bu sədd ki, Azərbaycanla İranın başqa əraziləri arasında çəkmisiniz, aradan götürün, ta bir kiçik xan, ya Səttarxan, ya Xiyabani və yaxud Atatürk olasınız". Bunu Tehranın üzdəniraq azadixahlarından biri yazır. Bu da özlüyündə sübut edir ki, onlar çox aciz və iradəsiz adamlardırlar. Hətta öz iradələrinə belə inamları yoxdur. Xaricdən bir nəcatverici qüdrət axtarırlar. Əlbəttə, bir millət üçün bundan böyük bədbəxtlik ola bilməz. Dünən Rza şahdan nəcat gözləyənlər bu gün Pişəvəriyə üz tutublar ki, ortalığa çəkilmiş səddi yıxıb onlara azadlıq bəxş eləsin. Doğrudur, Pişəvəri Azərbaycan Demokrat firqəsinin ağsaqqallarından sayılır. Azərbaycanın Milli Məclisi ona etimad göstərib baş nazir təyin etmişdi. Ancaq Pişəvəriyə özbaşınalıq etməyinə xalq bağışlamır, nə də onun ali orqanı olan, yəni qanunvericilik mərkəzi Milli Məclis. Pişəvəri firqə və dövlətin sadə bir əsgəridir. O birincinin göstərişi və ikincinin arzusuna müvafiq olaraq hərəkət edir. Yazıq və siyasi korlar deyəsən, hələ də xalqın qüdrətini dərk etməkdə acizdirlər. Onlara görə Pişəvərinin hörməti və ya Azərbaycan xalqının ona olan etimadı hər hansı bir düşünülmüş nəqşə əsasında qazanılmışdır. Yox, cənablar! Bütün gördükləriniz Azərbaycan xalqının zəkası və ardıcıl mübarizəsi sayəsində əldə edilmişdir. Mənim qəhrəman xalqım heç vaxt bir və ya bir neçə adamdan nəcat payı umub azadlıq gözləməmişdir. İran şovinistləri hələ də dərk edə bilmir ki, bizim qüdrət və gücümüz mübarizənin milli-mütəşəkkil formasındadır. Tehranın vəd etdiyi azadlığı biz qəbul edə bilmirik. Bu barədə ciddi düşünməliyik... İndi Azərbaycan müstəqildir 7 yaşında məktəbə öyrənməyə can atan körpələrimizin boğazına zorla asılmadıqları yabançı bir dili yeritməyi sizcə, azadlıqmı saymaq olarğ Xeyr, cənablar! Bir xalqı başqa bir xalqın əsarətində saxlamaq artıq yolverilməzdir! Azərbaycan xalqı öz müqəddəratını öz əlilə həll etmək üçün artıq qərarını vermişdir. Onu bu yoldan döndərmək olduqca müşkül məsələdir. Bir də ki, əsrlər boyu müstəqillik uğrunda ardıcıl olaraq qəhrəmancasına mübarizə aparan bir xalqın haqq tələbini və müqəddəs arzularını bir və ya bir neçə nəfərin şəxsi mənafeyinə qurban vermək insana yaraşan iş deyil. Böyük hərəkatımızın milli rəng və milli xüsusiyyətini dəyişmək istəyənlər xalqımızın silahını əlindən almağa çalışırlar. Bunların azadixah maskası bizi aldada bilməz. Azadixah adamlar bir millətin başqa bir millət üzərində hökmranlığını tələb edə bilməz. Azadixah olan bir kəsin vicdan haqqını inkar edə bilməz. Haqq və ədalət azərbaycanlıların milli hüquq, milli dil, milli adət-ənənəsi, milli əxlaq, milli istedad və milli tarixlərindədir. Tehran azadixahları bizim dilimizi, milliyyətimizi inkar etməklə çox qaba və olduqca qəddarlıq nümayiş etdirərək mürtəcelərdən daha amansız olduqlarını açıq-aşkar etiraf etmiş oldular. Azərbaycan xalqı mübarizə yollarında özünün qüdrətini milli birlikdə, milli azadlıqda görür. İndi Azərbaycan xalqı müstəqil bir xalqdır, ölkəmiz isə azad, müstəqil ölkələr cərgəsindədir.Mənim qəhrəman xalqım özünü idarə etməyə qadir olduğunu bütün dünyaya isbat etməkdədir. Təbriz mərkəzin mürtəcelərinin xəyanətkar və əvamtərib , sadə insanları aldatmaq siyasətinə baxmayaraq hər cəhətdən Tehrandan irəlidədir. Əmniyyət, asayişin sabitliyi, ucuzluq, xalqın qayğısına qalmaq, işsizliklə mübarizə, iqtisadi siyasət və maarif barədə tədbirlərimiz xalqı gələcəyə günü-gündən daha çox ümidvar etməkdədir. Tehran dövlətinin əhatəsində isə dərin və qəti naümidlik hökm sürməkdədir. Azərbaycanın cəsur xalq arzularına yetmək üçün hər cür zəhmətə və fədakarlığa hazırdı... Bir sözlə, biz milli mübarizəni tam, qəti qələbəyə çatdırana qədər ardıcıl surətdə davam etdirəcəyik! Müqəddəs andımız unudulmayıb - ölmək var, dönmək yox! Milli istiqlal uğrunda gedən mübarizənin sadə fədailərindən biri olan Pişəvəri (1324/1945) "Azərbaycan Ruznaməsi", qəzeti N 109 ikinci dövrə 4 (Bəhmən) ayı cümə günü. Ərəb əlifbasından iqtibas edən Möhsün Qardaş Xuşgənabi olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar