SON XƏBƏRLƏR

Mustafa Pərvinin rəssamlıq sərgisi evində keçirilib – Ərdəbildə / GÖRÜNTÜ

2021.10.20, 07:36
Mustafa Pərvinin rəssamlıq sərgisi evində keçirilib – Ərdəbildə / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Mustafa Pərvinin rəssamlıq sərgisi Ərdəbildə öz şəxsi evində keçirilib. Sərgiyə bir çox azərbaycanlı fəalın baxış keçirdiyi bildirilir.

 

Açılışdan əvvəl milli-mədəni fəal Əsgər Əkbərzadə, Pərvin ailəsi tərəfindən hər kəsi salamlayaraq sərgiyə qatıldıqlarına görə öz təşəkkürünü bildirib. O qeyd edib, sərginin şəhərin normal bir salonunda deyil, ev şəraitində keçirilməsi böyük təəssüf doğurur. O Mustafa Pərvinin səlahiyyətli məsulların yaratdığı bütün manelərə rəğmən sərgi keçirməkdə israrlı olduğunu xüsusi alqışladıqdan sonra sözü tanınmış milli-mədəni fəal Abbas Lisaniyə verib.

 

Abbas Lisani Pərvin ailəsinə Azərbaycana layiq övladlar yetirdiyinə görə öz təşəkkürünü bildirərək çıxışa başlayıb. O bildirib ki, sənətkar öz sənətini ideyaları uğrunda inkişaf etdirməlidir. Müəyyən imkanlardan yararlanmaq üçün sənəti fəsad törədən və xarakteri pozulmuş insanların tələbi istiqamətində irəli aparmaq düzgün deyil. Mustafa Pərvin rəssamlıq sahəsində istedadlı bir sənətkar olduğu kimi, mübarizə aparmağı da yaxşı bilir. Bu isə Azərbaycan millətinin ideyalarının gərçəkləşməsi istiqamətində mübarizə aparmağın əsas şərtlərindən biridir.

Tanınmış fəal sözlərinin davamında 21 Azər Hərəkatının adını çəkib. O bildirib ki, sərginin Azər ayında, yəni 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi ilə əlaqədar baş verən hadisələrin ildönümü ərəfəsində keçirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan milləti, eləcə də xaric ölkələrdə yaşayan milli fəallar millətimizi soyqırıma məruz qoyan qüvvələrin varisləri, həmçinin fədayilərlə müəyyən məsafə saxlamalı və millət üçün həssas olan məsələləri nəzərə almalıdılar. İranın qorunub saxlanılmasını istəyənlər isə heç bir millət və dilə xüsusi status vermədən millətlərin bərabər hüququndan bəhs etməlidir. Lakin hakim sistem və onun opozisyonu belə davam edərsə, zülmə məruz qalan millətlər Tehranla sağollaşmağa məcbur olacaqlar.

 

Bu çıxışdan sonra tanınmış fəallar Abbas Lisani, Rəhim Qulami, Hüseyn Balaxani, Şapur Nüsrətpur və Əli Xeyrcu sərginin açılış lentini kəsiblər.

 

“Evin” zindanının siyasi məhbuslarına həsr olunan sərgidə azərbaycanlı sənətkar Səccad Colani tərəfindən türk musiqisi ifa olunub. Mədəni fəallar 5 saat ərzində sərgiyə baxış keçiriblər.

 

Xatırladaq ki, bundan əvvəl Mustafa Pərvinin “Şirvan dərəsi” adı ilə keçirmək istədiyi rəssamlıq sərgisi təhlükəsizlik qüvvələri tərəfindən ləğv edilmişdir. Qərara görə, sərgi Ərdəbilin Fədək İncəsənət və Mədəniyyət Kompleksində keçirilməli idi.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar