SON XƏBƏRLƏR

Nadir Qazipur Urmiyə torpaqlarının iraqlı kürdə buraxılmasını qanunsuz adlandırıb

2021.10.20, 07:36
Nadir Qazipur Urmiyə torpaqlarının iraqlı kürdə buraxılmasını qanunsuz adlandırıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur təmsil etdiyi şəhərə məxsus tarixi bir ərazinin İraqın Ərbil şəhərindən olan Məhəmməd Əmin Novruzi adlı radikal bir kürdə buraxılmasına etiraz bildirib.

 

Ərazinin Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində iraqlı kürdə buraxıldığı bildirilir.

 

Mövzu ilə bağlı Nadir Qazipur sentyabrın 11-də “Fars” xəbər agentliyinə danışıb.

 

“Şəhər Şurasının qərarı olmadan və ərazinin  buraxılması ilə bağlı bildiriş yayılmadan iraqlı yatırımçı ilə birbaşa müzakirə aparmaq qanunsuzluqdur, aradakı anlaşma dərhal ləğv olunmalıdır.

Qanuna görə daxili və xarici şirkətlərin diqqətini cəlb etmək üçün yatırım layihələri mətbuatda elan olunmalıdır. Lakin Xomeyni meydanını inkişaf etdirib və inşaat layihələrini icra etməklə əlaqədar  heç bir məlumat yayılmayıb. Bu barədə Şəhər Şurasının da qərarı yoxdur, müzakirələr Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən də təsdiqlənməyib. Ona görə də bu müzakirələr dərhal dayandırılmalıdır.”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili bu işin əhalinin nigaranlığına səbəb olduğunu deyərək təkidlə vurğulayıb ki, məsullar iraqlı yatırımçı ilə qanunsuz müzakirələri dayandırmalı və nəticəni əhaliyə elan etməlidilər.

 

Nadir Qazipur sözlərinin sonunda vurğulayıb ki, bu şəhərin əhalisi torpağının xarici vətəndaş və iraqlı birisinə satılmasına icazə verməyəcək.

 

Bundan əvvəl Urmiyənin digər millət vəkili Hadi Bahaduri də bu məsələyə öz etirazını bildirmişdir.

 

“Urmiyənin qədim bazarına aid ərazinin satılması barədə şəhərin bələdiyyə başçısı ilə söhbət elədim. Onlardan bu məsələyə yenidən baxmalarını istədim.

Bazar əhli bildirir ki, “bizi yeni meydan tikmək adı ilə mağazalarımızı satmağa məcbur edirlər. Lakin indi eşidirik ki, ərazi İraqın Ərbil şəhərindən olan birisinə satılıb.””- deyə millət vəkili Twitter səhifəsində yazmışdır.

 

Qeyd edək ki, Qərbi Azərbaycan Əyalətində torpaqların satılması və bu kimi planlar bölgənin kürdləşdirilməsi prosesinə uyğun olaraq ən çox Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyarinin səyi nəticəsində baş verir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar