SON XƏBƏRLƏR

Nadir Qazipurun “Heyran gədiyi” və Astara haqda açıqlaması Rəşt və Astaranın millət vəkillərini təşvişə salıb

2021.10.20, 07:36
Nadir Qazipurun “Heyran gədiyi” və Astara haqda açıqlaması Rəşt və Astaranın millət vəkillərini təşvişə salıb

Gunaz.tv

GünAz TV: Ərdəbil Əyalətində yerləşən “Heyran gədiyi”nin bu əyalətdən ayırıb Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlər azərbaycanlı gəncləri hərəkətə gətirdi, artıq vaxtı ilə Gilana ilhaq edilmiş Astaranın Ərdəbilə yenidən birləşdirilməsi tələb olunur. Bu məsəsə Rəşt və Astaranın millət vəkillərini təşvişə salıb.

 

Rəştin İran parlamentindəki millət vəkili Qulaməli Cəfərzadə bazar günü yerli xəbər agentliyi “Diyar-i Mirza” ilə danışıqda Astaranın Ərdəbil Əyalətinə birləşdirilməsi ilə bağlı tələblər haqda xəbərdarlıq edərək Urmiyənin milllət vəkili Nadir Qazipurun ünvanına təhqiramiz ifadələr işlədib.

 

“Astaranın Ərdəbilə birləşdirilməsinin gündəmə gətirilməsi ictimaiyyəti təşvişə salmaqdan başqa heç nə deyil. Bu, həmçinin  milli təhlükəsizliyin əleyhinə olan bir hərəkətdir.

Mən cənab Qazipura tövsiyyə edirəm ki, o getsin armudunu yesin. Onun əhali üçün ən yaxşı işi də elə bundan ibarət ola bilər. Qazipur və Ərdəbilin millət vəkilləri “Heyran gədiyi” və Astaranın ilhaqı ilə bağlı fikir deməyə səlahiyyətləri yoxdur”- deyə o bildirib.

 

“Heyran gədiyini” Gilan ərazisi hesab edən millət vəkili əlavə edib ki, N.Qazipur yenidən bu məsələni gündəmə gətirəcəyi təqdirdə ondan şikayət olunacaq.

 

Q.Cəfərzadənin Urmiyənin millət vəkilini təhqir etməsi şübhəsiz ki, hüquqi cəhətdən bütün Urmiyə əhalisini aşağılaması mənasına gəlir.

 

N.Qazipurun ötən günlərdəki açıqlamasına Astaranın millət vəkili Vəli Dadaşi də oxşar şəkildə reaksiya verib.

 

O “Fars” xəbər agentliyi ilə danışığında “Heyran gədiyi” və Astaranın tarixini təhrif edərək N.Qazipurun Astaranın Ərdəbilə birləşdirilməsi ilə bağlı açıqlamasını təhdid kimi qiymətləndirib.

 

“Astara və “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisidir. N.Qazipurun bu haqda danışmaq səlahiyyəti yoxdur. Astaranın Ərdəbilə birləşdirilməsindən danışanlar əslində siyasi mənafe güdürlər. Bu məsələni gündəmə gətirmək islam inqilabı və sistemin ziyanınadır”- deyə o qeyd edib.

 

Millət vəkili, N.Qazipurun bu məsələdən necə siyasi mənafe güddüyünü şərh etməyib.

 

N.Qazipur bundan öncə rəsmi Teleqram kanalında bir video yayaraq “Heyran gədiyi” və Astara tarixinin saxtalaşdırılmasını sərt şəkildə pisləmişdir.

““Heyran gədiyi” Ərdəbil, Zəncan, Qəzvin, Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Kərəc kimi Azərbaycanın ayrılmaz hissəsidir. Astara ölkənin növbəti inzibati ərazi bölgüsündə Ərdəbil Əyalətinə ilhaq edilməlidir. Tehran əhalisinin 40 faizini türklər təşkil edir, qalan 60 faizinin isə türk olub-olmamasında şübhəmiz var”- deyə o sözlərinin bir hissəsində qeyd etmişdir.

 

Novruz bayramı günlərində “Heyran gədiyi” məntəqəsində turistlərə xidmət göstərmək bəhanəsi ilə təxminən 15 lövhə quraşdırılıb. Gilan rəhbərliyi tərəfindən quraşdırılan lövhələrdə “Heyran gədiyi” Gilan Əyalətinin inzibati ərazisi kimi göstərilib.

Ərdəbil Əyalətinə edilən ərazi iddiası azərbaycanlı gənclərin kəskin etirazı ilə qarşılanıb, qısa müddətdə lövhələrin üzərindəki yazılar gənclər tərəfindən silinərək oxunulmaz hala salınıb, onların bir neçəsi isə aşağı endirilib. Etirazçı gənclər “Azərbaycana xoş gəlibsiniz” cümləsini əks etdirmək üçün lövhələrdəki “Gilan Əyaləti” sözünün üzərinə Azərbaycan bayrağı yapışdırıblar.

 

Gilan rəhbərliyi tərəfindən quraşdırılan bəzi lövhələrin üzrində artıq “Yaşasın Azərbaycan”, “Yaşasın Ərdəbil”, “Heyran canımdır, Torpaqdan pay olmaz”, “Heyran Ərdəbilindir” və s. kimi şüarlar görünməkdədir.

 

 

Sözügedən mövzu İnstaqram və Twitter kimi sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Onlar  kimi hashtag-lardan istifadə edərək Astara məntəqəsinin yenidən Ərdəbil Əyalətinə birləşdirilməsi və “Heyran gədiyi”nin Gilan Əyalətinə ilhaq edilməsi ilə bağlı cəhdlərin dayandırılmasını tələb edirlər.

 

Astara şəhəri Gilan Əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbilin isə 70 kilometrliyində yerləşir. Bu şəhər vaxtı ilə Ərdəbil şəhəri və Şərqi Azərbaycan Əyalətinə bağlı olub. Sonralar ölkənin inzibati ərazi bölgüsündə müvəqqəti olaraq Gilan Əyalətinə ilhaq edilib. Şəhərin əhalisi Azərbaycan türkləridir, onlar bütün azərbaycanlılar kimi Astaranın yenidən Ərdəbil Əyalətinə ilhaq edilməsini tələb edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar