SON XƏBƏRLƏR

Narkomaniya Şərqi Azərbaycana hər gün 2 milyard tümən ziyan vurur- VİDEO

2021.10.20, 07:36
Narkomaniya Şərqi Azərbaycana hər gün 2 milyard tümən ziyan vurur- VİDEO

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycanın Narkotiklərlə Mübarizə İdarəsinin Koordinasiya Şurasının katibi Rza Ustadrəhimi narkomaniyanın illik bu əyalətə təqribən 1 trilyon tümən zərər vurduğunu deyib.

 

O, ötən gün Marağanın Narkotiklərlə Mübarizə İdarəsinin Koordinasiya Şurasının toplantısında etdiyi çıxışı zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsinin gündəlik əyalətin iqtisadiyyatına 2 milyard tümən ziyan vurduğunu bildirib.

 

Tədbirdə çıxış edən Marağa Səhiyyə İdarəsinin müdir müavini mart ayından bu günə qədər şəhər ərazisində 60-mindən çox insanı analizdən keçirdiklərini, nəticədə 8 min narkomanın aşkar edildiyini deyib. O qeyd edib ki, hazırda tibb mütəxəssisləri həmin şəxslərlə işləyir və onlara psixoloji konsultasiya verirlər.

 

Qeyd etmək lazımdır ki, ən gəlirli sahələrdən biri olan nartokit vasitələrin qanunsuz dövriyyəsi İranda çox rahat şəkildə həyata keçirilir. Tez-tez rəsmilər öz çıxışlarında bildirirlər ki, ölkə ərazisində böyük narko mafiyalar fəaliyyət göstərirlər və dövlət onlarla mübarizə aparmır.

 

Sentyabr ayında İran Milli Məclisinin Məhkəmə Komissiyasının sözçüsü Həsən Novruzi də rəsmilərin narkotik qaçaqmalçıları ilə əlaqələrinin olduğunu vurğulamışdı:

 

“Bir müddət əvvəl ölkədə fəaliyyət göstərən ən böyük narkotik qaçaqmalçılardan biri 20 kiloqram tiryəklə birlikdə həbs edilmişdi. Lakin onun azad edilməsi üçün 300-dən artıq rəsmi müvafiq orqanlarla əlaqə saxlamışdı. Biz bəzi cavanları bir neçə qram narkotik vasitəyə görə həbs etdiyimiz halda, böyük narko tacirləri dəstəkləyənlər var”, - deyə Həsən Novruzi əlavə etmişdi.

 

2015-ci ildə isə Narkotiklərin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Müstəqil Komitənin rəhbəri Əli Haşimi “İsna” agentliyilə müsahibəsi zamanı ölkədə böyük narkobaronların rahat şəkildə fəaliyyət göstərdiyini təsdiqləmişdi. O qeyd etmişdi ki, həmin baronlar ildə 40 trilyon tüməndən çox pul qazanırlar. Bu isə narkomanların ailələrinin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxarır. Narkotik mafiyaların isə qazandıqları vəsaitlər pul yuma və rüşvətxorluq kimi halların daha da çoxalmasına yol açır.

 

Bir müddət öncə mediaya sızan bir videoda keçmiş “Sepah” komandanı, hazırda isə Ali Məsləhət Şurasının katibi olan Möhsün Rzayi də ölkə rəsmilərinin yüksək gəlir gətirən narkotik ticarətində əli olduğunu etiraf edir. O, həmin videoda bildirir ki, ölkəyə qaçaq yolla gətirilən narkotikin hansı sərhəddən keçirildiyi məlum olsa da, dövlət rəsmiləri bunun qarşısını almırlar. Bu isə göstərir ki, onların özünün də bu işdə əlləri var:

 

 

Digər tərəfdən, Amerika Birləşmiş Ştatları dəfələrlə “Sepah” terror təşkilatının və “Hizbullah”ın narkotik ticarəti ilə bağlı sənədlər yayınlayıb. Hətta ABŞ 2012-ci ildə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan "Qüds Briqadası"nın komandanlarından biri- Qulamrza Bağbanini sanksiyalar siyahısına əlavə etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar