ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 5-də mediaya açıqlamasında Vaşinqtonun nüvə sazişinə qayıtması xüsusunda bu gün Vyanada Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri ilə İran arasında aparılacaq üz-üzə danışıqlara münasibət bildirib.
Gunaz.tv
Prays deyib ki, Amerika hökuməti aprelin 6-da Vyanada aparılacaq nüvə müzakirəsinin dərhal nəticə verə biləcəyini gözləmir.
Amerika Birləşmiş Ştatları İranla nüvə danışıqlarında dərhal və sürətli irəliləyiş gözləmir. Biz qarşımızdakı problemlərin miqyasını az qiymətləndirmirik. Hələ başlanğıc günlərdir. Güman edirəm ki, Vyanadakı danışıqlar çox çətin və mürəkkəb olacaq”, -deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Prays həmçinin indiki şəraitdə İranla Amerika arasında birbaşa müzakirənin mümkün olmadığını bildirərək, Vyana danışıqlarında Tehranla Vaşinqton arasında dolayısı ilə müzakirələr aparıla biləcəyi ehtimalı rədd etməyib.
Xatırladaq ki, aprelin 2-də İranın Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya ilə Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması barədə video-konfrans şəklində virtual iclası keçirilib.
Avropa Birliyinin təşəbbüsü ilə keçirilən iclasda Avropa heyətinə AB-nin xarici siyasət məsulu Josep Borrell-in müavini, ispaniyalı diplomat Enrike Mora, İranın nümayəndə heyətinə isə xarici işlər naziri Məhəmməd Cavad Zərifin müavini Abbas Əraqçi başçılıq edib.
İclasda tərəflər 2015-ci ildə imzalanmış nüvə razılaşmasının gələcəyi və Amerikanın nüvə sazişinə (“Bərcam”a) qayıtması şərtləri və bununla bağlı qarşıdakı perspektiv müzakirə edilib.
Danışıqların detalları mediaya açıqlanmasa da, növbəti müzakirələrin aprelin 6-da Vyanada üz-üzə aparılacağı bildirilib.
A.M