ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays aprelin 6-da jurnalistlərə açıqlamasında həmin gün Vyanada Rusiya, Çin, Böyük Britaniya, Fransa və İran arasında aparılmış nüvə danışıqlarına münasibət bildirib.
Gunaz.tv
İranla yeni nüvə danışıqları müsbət adlandıran Prays, rəsmi Tehranın müzakirələrdə maksimum tələblər irəli sürməsini tənqid edib.
“Biz Vyana danışıqlarında iranlılarla birbaşa müzakirə aparmadığımıza baxmayaraq, hesab edirik ki, nüvə sazişini imzalamış ölkələr arasında aparılan bu danışıqlar faydalı və irəliyə doğru konstruktiv bir addımdır.
Bu danışıqlar İranın nüvə razılaşması əsasında üzərinə götürdüyü öhdəliklərin icrasına qayıtmağa hazır olub-olmadığını, Amerikanın isə sazişə qayıtmaq üçün hansı addımlar atmalı olduğunu müəyyənləşdirəcək.
Biz danışıqların dərhal nəticə verəcəyini və ya onda sürətli irəliləyiş olacağını proqnozlaşdırmırıq. Bilirik ki, qarşıda çətin və mürəkkəb mövzular barədə danışıqlar aparılacaq, bunu isə irəliyə doğru atılan sağlam və faydalı bir addım sayırıq”, - deyə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Dünənki müzakirələrin detalları mediaya açıqlanmasa da, İranla üz-üzə nüvə danışıqlarının qarşıdan gələn günlərdə davam edəcəyi bildirilir.
A.M