İsrailin baş naziri Benyamin Netanyahu martın 1-də mediaya açıqlamasında İranı bu ölkənin “MV Helios Ray” adlı yük gəmisinə hücumda günahlandırıb.
Gunaz.tv
İsrailin Kan telekanalına açıqlama verən Netanyahu deyib ki, ötən cümə günündə Oman dənizində hərəkət edən bu ölkənin “MV Helios Ray” gəmisinə qarşı həyata keçirilən hücumun arxasında İran durur: “Bu hücum İranın işidir. Bu isə artıq bizə məlumdur.
İran İslam Respublikası İsrailin ən böyük düşmənidir və biz onun qarşısını almaqda qərarlıyıq. Hazırda isə biz bütün regionda İranı və onun hərbi qüvvələrini hədəfə almaqla məşğuluq”, -deyə İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
Qeyd edək ki, ötən həftə cümə günü Oman dənizində Baham adaları (Bahama) bayrağı altında üzən və avtomobil daşıyan İsrailin “MV Helios Ray” adlı gəmisinin yanında güclü partlayış baş verib. Şübhəli partlayış nəticəsində gəminin gövdəsinin alt hissəsində də 4 iri deşik əmələ gəlib.
Yayılan məlumatlara əsasən, İsrail gəmisi təmir üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin “Raşid” limanında lövbər salıb. BƏƏ rəsmiləri isə İsrail gəmisinin “Raşid” limanında lövbər salması ilə bağlı yayılan xəbərlərə münasibət bildirməkdən imtina ediblər.

A.M