SON XƏBƏRLƏR

"Artıq xalq çörək almaqda belə çətinlik çəkir"- Güney təşkilatları İrandakı iqtisadi durumla bağlı bəyanat yaydı

2022.05.08, 05:48
"Artıq xalq çörək almaqda belə çətinlik çəkir"- Güney təşkilatları İrandakı iqtisadi durumla bağlı bəyanat yaydı

Gunaz.tv

Bəyanatda deyilir:

“Azərbaycan Türk Milləti! Göründüyü kimi, İslam Respublikası rəhbərliyinin məntiqsiz və macəraçı siyasəti və rejim orqanlarındakı sistematik fəsad ucbatından Güney Azərbaycan və İranın müxtəlif bölgələrində insanların iqtisadi və məişət şəraiti görünməmiş dərəcədə pisləşib. 

Ət və meyvə kimi ərzaq məhsulları uzun zamandan bəri xalqın süfrəsindən yox olub. Artıq çörək və un kimi həyati əhəmiyyət kəsb edən məhsullarla belə təmin olunmaq cəmiyyətin böyük hissəsi üçün ciddi problemə çevrilib.

Rejim çörək böhranını sınırlı satış kimi tədbirlərlə nəzarət altına almağa çalışsa da, təcrübədə iflas edən iqtisadiyyat, ideoloji qeyri-elmi baxış və kökləşmiş korrupsiya rejimin uğur qazanmasına mane olur.

Məhz bu məcrada müxtəlif bölgələrdən müxtəlif formalarda xalqın narazılıq səsi yüksəlir və son günlər müxtəlif bölgələrdə etiraz qığılcımları alovlanır”. 

Bəyanatda qeyd olunur ki, yoxsulluqdan Urmu şəhərində Mərkəzi Kəşfiyyat İdarəsinin qarşısında avtomobilini yandıran, divara “Xamneyiyə ölüm” yazıb və sonra həbs olunmaq üçün oturub gözləyən gəncin halı Azərbaycan cəmiyyətinin acınacaqlı durumunun açıq ifadəsidir.
 
“Etiraz dalğasının İran xalqları arasında genişləndiyi bir zamanda və İran rejiminin ayrı-seçkilik siyasətinin əsas qurbanlarından biri olan Azərbaycan Türk Milləti ikən, digər  əzilən xalqlarlar, o cümlədən məzlum Ərəb xalqı ilə birgə etiraz etmək millətimizin ən doğal haqqıdır.

Çünki insanca və şərəflicə yaşamaq bütün xalqların ən əsas haqqıdır.

Aydındır ki, acınacaqlı həyat vəziyyəti bəziləri üçün ikiqat olsa da, ümumilikdə İranda bütün millətlərin və sosial təbəqələrin ümumi problemidir. Buna görə də, bu böhranlara çarə tapmaq üçün bütün xalqlar eyni zamanda mübarizə aparmalıdır. 

Amma eyni zamanda unutmaq olmaz ki, bəzi faşist, terrorçu və totalitar cərəyanlar keçmişdə olduğu kimi Azərbaycanın azadlıq mübarizəsini öz adlarına çıxmaq, nəhayət, istibdad və faşizmi yenidən yaratmaq və Azərbaycanı bir daha istibdad və sömürgə altına almaq niyyətindədirlər.

Ona görə də Azərbaycan başqa xalqlarla birgə mübarizə apararkən, faşist, terrorçu və totalitar cərəyanların planlarını alt-üst etmək üçün öz adı ilə, öz simvolları ilə, öz şüarları ilə və öz ana dilində mübarizə aparmalıdır”-deyə, sənəddə bildirilir.

Güney Azərbaycan Təşkilatlarının İşbirliyi Mərkəzi hesab edir ki, ancaq xalqların azad iradəsinin həqiqi mənada üstün olduğu və İran xalqlarının azad və şüurlu qərar verəcəyi zaman İrandakı köklü problemlər və böhranlar sözün əsl mənasında həllini tapacaq. 

“Bu səbəblə də xalqımızın içindən çıxan və xalqımızın dilinə düşən “Azadlıq, Ədalət, Milli Hökumət” şüarını özümüzə və millətimizə yol xəritəsi hesab edir və bu istiqamətdə mübarizəmizi davam etdirəcəyimizi bildiririk”-bəyanatda bildirilir.
 
Bəyanatı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinə üzv olan təşkilatlar:

Güney Azadlıq Milli Azadlıq Cəbhəsi (GAMAC), Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAIP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar