SON XƏBƏRLƏR

Güney Azərbaycan Təşkilatları kürd partiyalarının Qərbi Azərbaycanda bölücü və terrorçu fəaliyyəti ilə bağlı bəyanat verib

2022.07.24, 19:43
Güney Azərbaycan Təşkilatları kürd partiyalarının Qərbi Azərbaycanda bölücü və terrorçu fəaliyyəti ilə bağlı bəyanat verib

Gunaz.tv

Bəyanatda deyilir:

"Təəssüflər olsun ki, son iki əsrdə Qərbi Azərbaycan əyalətinin qərb bölgələri Azərbaycanda yaşayan azsaylı xalqlardan su-istifadə etməklə və adətən xarici təxribatlarla həyata keçirilən hər cür terrorun şahidi və qurbanı olub.

Şeyx Ubeydullah Şəmzinaninin işğalı, erməni quldur dəstələrinin bölgə xalqını qətliam etməsi, Urmiya qəssabı kimi tanınan İsmayıl Simitkonun əməlləri, Kürdüstan Demokrat Partiyasının Sulduza silahlı basqın etməsi kimi acı hadisələr heç vaxt Azərbaycan türk millətinin yaddaşından silinməyəcək. 

Təəssüf ki, Qərbi Azərbaycanda Pejak (PKK-nın İran qolu), Kürdüstan Demokrat Partiyası, İran Kürdüstan Demokrat Partiyası kimi qrupların silahlı və silahsız terror fəaliyyətinin şahidi oluruq.

Bu qruplaşmalar Güney Azərbaycan ərazisində İran rejiminin qüvvələri ilə silahlı qarşıdurma yaradaraq regionun təhlükəsizliyini pozur, İranı idarə edən fars faşizminə hücum etmək əvəzinə əməldə Azərbaycan övladlarını qurban edirlər".

Güney təşkilatları hesab edir ki, bu münaqişələrin ən azı bir hissəsi incə müharibə və ya daxili hesablaşmalardır.

"Çünki əsasən İran rejimi bu qrupları Qərbi Azərbaycanda yerləşdirib və bu da ayrıca təhlilin mövzusudur.

Başqa tərəfdən, bu cərəyanların təşkilatlarına bağlı mətbuatda və nümayəndələrinin dilindən Azərbaycanın tarixi torpaqlarına qarşı iddialar irəli sürdüklərinin və ya bu məzmunlu materiallar dərc etdiklərinin şahidi oluruq ki, bu da son vaxtlar şübhəli şəkildə artıb.

Azərbaycan türk xalqı, təşkilatları və partiyalarının fikrincə bu cür hərəkətlər düşmənçilik və terrorçuluq xarakteri daşıyır və qəbuledilməzdir. Bu iddia və hərəkətlər Azərbaycan türk millətinə qarşı açıq-aşkar düşmənçilikdir.

Millətimiz keçmişdə və indi olduğu kimi bu terror təhdidlərini və ərazi iddialarını bütün imkanları ilə özünəməxsus qanun çərçivəsində aradan qaldırmaq hüququna malikdir.

Şübhəsiz ki, bu terror aktları ilk növbədə Azərbaycanda yaşayan azlıqları narahat edir və onların təhlükəsizliyini sual altına aparır. Azərbaycan türk milləti tarix boyu Azərbaycanda yaşayan azsaylı xalqlarla birgə yaşamış, qarşılıqlı əlaqədə olmuş və gələcəkdə də bu cərəyanların öz dağıdıcı əməlləri ilə bu birgəyaşayış və qarşılıqlı anlaşmaya xələl gətirməsinə imkan verməyəcəkdir. Şübhəsiz ki, Azərbaycanın azad gələcəyində bu dinc birgəyaşayış demokratik və müasir şəraitdə davam edəcəkdir"-deyə, bəyanatda bildirilir.

Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi bəyan edib ki, İran rejiminə qarşı birgə mübarizə daha effektli ola bilər:

"İranda zülmə məruz qalmış millətlər cəbhəsi şəklində birgə səylərə və birgə mübarizəyə hər zaman inanmışıq və inanırıq ki, birgə mübarizə İranın irqçi, faşist və müstəmləkəçi sistemini çökdürəcək.

Ancaq təəssüflər olsun ki, İran kürd partiyalarının irrasional iddiaları və terror hərəkətləri və təbii ki, PKK kimi qeyri-yerli terrorçu qrupların müdaxiləsi, bu birgə səylərə və ortaq mübarizəyə ciddi problemlər yaradır.

Təbii ki,  kürd partiyaları arasında İran rejiminə bağlı gizli əllərin bu məsələdə rolu var. Əks halda, sağlam düşüncəli bir siyasi cərəyan necə bu qədər məntiqsiz hərəkət edib, fantaziyalara bu qədər qərq ola bilər?!

Sonda bir daha Azərbaycanın tarixi torpaqlarına göz tikən, bu istiqamətdə qeyri-qanuni, terror aktları həyata keçirən bütün tərəfləri qınayır və Azərbaycan xalqının səbrini sınağa çəkməmələri ilə bağlı xəbərdarlıq edirik.

Təbii ki, bu, keçmişdə olduğu kimi, bölgədə ağrılı hadisələrə səbəb olacaq, ancaq hər bir şəraitdə Azərbaycan türk milləti xüsusilə Qərbi Azərbaycanda öz milli kimliyini və ərazi bütövlüyünü müdafiə edəcək və bu həyati məsələdə geri addım atmayacaq".

Bəyanatı Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzinə daxil olan qurumlar imzalayıb:
1. Güney Azərbaycan Türk Demokratik Birliyi-GATDB
2. Azərbaycan Milli Dirəniş Təşkilatı- Dirəniş
3. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi - GAMAC
4. Azərbaycan Öyrənci Hərəkatı-AZOH
5.  Güney Azərbaycan İstiqlal Partiyası-GAİP
6. Güney Azərbaycan Demokrat Partiyası-GADP
7.  Güney Azərbaycan Liberal Demokrat Partiyası-GALDP
8. Azərbaycan Mərkəz Partiyası-AMP

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar