SON XƏBƏRLƏR

"Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökümət” şüarı dillərdən düşmür"

2022.11.10, 11:23
"Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökümət” şüarı dillərdən düşmür"

Gunaz.tv

Öncə qeyd edək ki, bu qətnamə gözlənilən idi. Çünki İran rejimi hər zaman bütün etirazları ölümlərlə yatırmağa istiqamətlənmiş bir siyasət yürüdür.

Bu dəfə isə, İran parlamenti 290 deputatdan 227-nin səsi ilə təxminən 15 min nəfərin edam cəzasını təsdiqləyib.

Onların böyük əksəriyyəti son etiraz aksiyalarına qatılanlardır.

Bu qətnamənin nə zaman icra ediləcyi isə, hələ ki, məlum deyil.

Qeyd edək ki, İran rejimi son aksiyalar zamanı 14 mindən çox etirazçını həbs edib.

Bu qətnamə Güney Azərbaycanda yaşayan soydaşlarımızın həyatını da təhlükə altına alır.

Artıq 50 gündən çoxdur ki, İran adlanan ölkədə kütləvi etirazlar dəvam edir.

Bu etirazlar müxtəlif formada özünü göstərir.

Həm məktəblərdə, həm iş yerlərində, həm universitetlərdə və həm də ki, küçələrdə, xiyabanlarda bu etirazları biz görürük.

İnsanlar etiraz üçün öz dükanlarını bağlayır, divarlara şüarlar yazılır.

Demək olar ki, kütlənin əksəriyyəti artıq gerçəkdən də bu rejimdən çox narahat və narazıdır.

Yəni ən adi vətəndaş belə ölümdən qorxmur.

Bu barədə bizimyol.info xəbər portalına

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli danışıb.

Sadiq İsabəyli

“Bu mövzuda Savalan” araşdırmalar mərkəzi tərəfindən araşdırmalar aparılır. Bu araşdırmalara zamanı 500-ə yaxın müxtəlif yaşda insanla danışdıq. İnsanlar “siz bu rejimdən nə istəyirsiz, fikirləşirsiz ki, bu rejim geri çəkilsə, hər şey yaxşı olacaq?” sualına insanlar “yox bu rejim tamamilə qəddar bir rejimdir və getməlidir” deyə cavab verirdilər. Onlardan soruşanda ki, “bəs siz etirazlara qatılacaqsız mı? Bu etirazlara qoşulmaq istəyirsiz? Ya hələ də çəkinirsiz, qorxursunuz? Ən çox nədən qorxursunuz?” Cavablar belə olurdu ki, “biz artıq qorxmuruq. Əgər qorxacaq biri varsa, O da molla rejimi olmalıdır”.

Bu rejim artıq etirazların əhatəsini görür. Bu rejim ideoloji bir rejim olduğu və terror, təxribat mahiyyəti daşıdığı üçün belə rejimlər geri çəkilmirlər və hər zaman çalışırlar ki, kütləni müxtəlif formada basqı altında saxlasınlar”-deyə Sadiq İsabəyli bildirib.

Onun sözlərinə görə, İran adlanan ölkənin də konstitutsiyasında qanunlarda elə bir maddələr vardır ki, o maddələr əsasında çox rahatlıqla etirazçını, Allaha qarşı çıxan bir cinayətkar kimi göstərir.

Ona da ölüm hökmü çox rahat şəkildə verir.

İsabəyli qeyd edir ki, keçən həftə dini rəhbər Əli Xamneyi bir sıra gənclərlə görüşü zamanı bildirib ki, “bu etirazçılara qarşı çox sərt və ciddi addımlar atılmalıdır, onlar ciddi cəzalandırılmalıdırlar”…

“Eyni zamanda İran Məhkəmə hakimiyyətinin başçısı Möhseni Eje televiziyada çıxşı zamanı bildirdi ki, “biz artıq bütün işimizi, gücümüzü buraxmalı, tutulan etirazçıları müəyyənləşdirməli və onlar barədə hökm verməliyik”. Çox ağır hökümlərdən danışırdılar. Onlar Allaha qarşı çıxmaqda ittiham edilirlər.

Deyilri ki, onlar müharibdirlər, dini rəhbərə qarşı çıxıblar, dini rəhbərə qarşı ağır şüarlar veriblər. Bəziləri hətta iddia etdilər ki, güya etirazçıların əlində müxtəlif soyuq silahlar olub və s. Bu səbəbdən də, ölüm hökmlərinin verilməsi yavaş-yavaş artır””-deyə siyasi şərhçi bildirib.

O, qeyd edir ki, bu günə kimi 310 nəfər küçələrdə, xiyabanlarda, zindanlarda, müvəqqəti saxlandığı yerlərdə rejim tərəfindən öldürülüb.

İsabəyli bildirib ki, bir çoxlarının da cəsədini ailəsinə qaytarmaq üçün, ölənin ailəsindən iltizam alırlar. Cəsədlər o şərtlə verilə bilər ki, ailələr həmin şəxlsərin təbii ölümlə öldüyü barədə iltizam versin. Bu iltizam verilməyəndə isə, özləri aparıb cəsədləri gizli şəkildə, ucqar bir yerlərdə basdırırlar.

Bu rejimin qəddarlığından güc alan bir sıra parlament nümayəndələri, yəni İran adlanan ölkənin İslami məclisi bir qətnamə qəbul etdi və bu qətnaməni 227 nəfər “deputat” güya imzaladı.

“Məhkəmə hakimiyyətindən tələb edildi ki, bütün etirazçılara müharib- yəni Allaha qarşı çıxanlar kimi ittiham iləri sürsünlər. Bunun da hökmü qisasdır və edamdır. Hətta onların bəzisi etirazçıları İŞİD -lə müqayisə etdilər ki, güya etirazçılar İŞİD kimi davranırlar.

Bu da bu rejimin mahiyyətcə nə qədər qəddar bir rejim olduğunu göstərir. Çünkü bütün bu cinayətləri öz vətəndaşlarına qarşı bu rejim həyata keçirir. Bu rejimdir ki, soyuq silahlardan belə istifadə edir. İnsanları ya güllə ilə öldürür, ya da ki, dəyənəklərlə. Tutulanların başından, bədənindən o qədər vururlar ki, o insanlar ölür məsələn keçənlərdə bir neçə nəfərin başını dəyənəklə əzmişdilər. Bunlar 16-17 yaşında gənc qızlar idi. Bunları insan görəndə çox təəssüf hissi keçirir. Bir sıra deputatlar bu cinayətləri sanki “belə bir şey olmayıb” deyə gündəmə gətirirlər. Deyirlər ki, “yollarda, küçələrdə vətəndaşlar bizə qarşı hücum edirlər. Yəni mollalara qarşı hücum edirlər və onların əmmaməsını yerə çırpırlar və yaxud bəzi mollaları döyürlər. Ona görə də biz intiqamımızı almalıyıq”…

Yəni görün işin boyutu hansı yerə gəlib ki, artıq rejim öz vətəndaşını bu şəkildə bir cinayətkar,terrorist kimi dəyərləndirir və deyir ki, “biz onlardan intiqam almalıyıq””-deyə politoloq bildirib.

Onun sözlərinə görə, bu təkcə parlamentdə səslənən bəyanatlar, istəklər, tələblər deyil. Həm də hakimiyyətə yaxın imam cüməmələr tərəfindən bu fikirlər səslənir. Deyilir ki, “etirazçıları elə cəzalandırmaq lazımdır ki, artıq belə bir etiraz fikri belə onların ağlına gəlməsin”.

"Məsələn çox qəddar biri var, imam cümədir Tehranda. Adı Əhməd Xatəmidir. O çıxışında deyir ki, “məhkəmə hakimiyyəti, məhkəmələr bu etirazçılara qarşı ciddi davranmalıdır və onların hökmləri ancaq ölümdür. Yəni onlar üçün ən zəif cəza belə ölümdür. Təsəvvürünüzə gətirin ki, bunların öz vətəndaşlarına qarşı mövqeləri görün nə şəkildədir. Digər tərəfdən İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf iddia edir ki, bu etirazçılar Amerika və yəni CİA-yə MOSSAD-a və bir sıra bu kimi gruplara və yaxud bir sıra dövlətlərin agentlərinə, təhlükəsizlik orqanlarına bağlıdırlar. Bu da o deməkdir ki, 15-16 yaşında məktəbli, şagird etiraz edirsə, onu belə xarici qüvvəyə bağlayırlar. Yəni bu qədər bunlar qəddar, sənədsiz, əsassız bəyanatlar verirlər.

Eyni bənzər bəyanatı bir müddət əvvəl Azərbaycan dövlətinə hədə olsun deyə verdilər. Güya Şahçiraq Şirazda olan məsciddə baş verən hadisədə 26 nəfər terrorist tutulub. Onların başında da bir Azərbaycan vətəndaşı var. Amma onun adı nədir, kimdir, hardan gəlib, hara gedir. Öncə niyə belə bir açıqlama yox idi? Ondan 1- 2 həftə öncə dedilər burada sadəcə bir nəfərin rolu var və o da öldü. Sonra da aparılan araşdırmalarda məlum oldu ki, bu rejimin öz işi olub”-deyə S. İsabəyli bildirib.

Politoloqun fikrincə, İran adlanan ölkənin parlamentinin 227 nümayəndəsinin belə bir qətnamə qəbul etməsi onu göstərir ki, rejim çalışır həm də göstərsin ki, güya hakimiyyət daxilində çox ciddi bir birlik var.

Yəni hadisələrə eyni düşüncəylə baxırlar.

Amma ciddi çatlar da var.

O deputatlar arasında Çahbahar deputatı, Zahidan deputatı bu rejimin qəddarlığına etiraz edərək, insanların öldürülməsinin əleyhinə çıxıblar.

“Onlar deyir ki, “Niyə insanları günahsız yerə öldürürsünüz? Onlar sizin vətəndaşınızdır, vətəndaşın gərək istəkləri gündəmdə olsun”. Digər tərəfdən də bir sıra tanınmış dini xadimlər, sünni bölgəsində- Sistanda yaşayan, oranın imamcüməsi olan Muləvi Əbdulhamid o artıq Allaha şikayət edir. O artıq bu rejimdən tələb edir ki, bütün bu cinayətlərini, qan tökmələrini durdursun. Millətin və yaxud vətəndaşların istəyini eşitsin, görsün ki,onlar nə istəyir”-deyən S. İsabəyli əlavə edib ki, İranda qeyri- fars millətləri öz milli şüarlarını səsləndirirlər.

Güney Azərbaycanda “Azadlıq, Ədalət, Milli hökümət”, “Millətlərə istiqlal, qadınlara azadlıq” dillərdən düşmür. Bu isə, sübut edir ki, qeyri-fars millətləri və bütövlükdə bütün insanlar öz etirazlarını gündəmə gətirir. Bunun arxasında ciddi şəkildə dururlar. Rejim daxilində ciddi çatların olduğunuq eyd edən S. İsabəyli vurğulayıb ki, etirazlar davam etdikcə, bu çatların, uçrumlarıln daha da dərinləcəyini müşahidə edəcəyik. İran Parlamentinin 15 min etiraçı haqqında ölüm hökmü çıxarması, onları Allaha qarşı çıxmaqda ittiham etməsi bir daha rejimin daxildən dağıldığını sübut edir.

Belə çıxır ki, İran rejimi özünü Allah hesab edir?!

Belə olan halda Azərbaycanın işğal altında olan torpaqlarında məscidlərin, dini ocaqların Ermənistan tərəfindən dağıdılmasına, donuz fermasına çervilməsinə göz yuman, düşmən dəyirmanına su tökən və bu gün özünü Allah hesab edən İran rejimi çox ədalətsizdir.

Allah isə, heç bir zaman ədalətsiz ola bilməz! Allah ona qarşı çıxanları belə ittiham etmir.

İran rejiminin bu addımı daha çox şeytani qüvvələrin əməlinə bənzəyir…

Məsələn 15-16 yaşlı uşaq Allahı yeni tanımağa başlayırsa, və ona rejim Allahın adil olduğunu deyil də, qəddar olduğunu təlqin edirsə, o uşaq nə düşünməlidir?

Qısacası İran rejimi ikiüzlü, din pərdəsi altında gizlənmiş saxtakar, riyakar bir rejimdir… (bizimyol.info)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar