SON XƏBƏRLƏR

Güneyli musiqiçi və milli fəal Abbas Nikrəvan sərbəst buraxılıb

2022.06.26, 18:52
Güneyli musiqiçi və milli fəal Abbas Nikrəvan sərbəst buraxılıb

Gunaz.tv

Abbas Nikrəvan mayın 7-də Salmas şəhərinin məhkəmə məmurları tərəfindən saxlanılaraq bu şəhərin zindanına köçürülmuşdu.

Qeyd edək ki, Salmas şəhər məhkəməsinin 102 saylı bölməsi sənətçi barəsində “kiberməkanda sistemə qarşı təbliğat” ittihamına görə 91 gün həbs cəzası vermişdi.

Lakin o bundan öncə təcridxanada saxlanıldığı günlərə görə müddətdən əvvəl sərbəst buraxılıb.

Nikrəvan 2021-ci il sentyabrın 5-də Salmasda həbs edilərək dindirilmək üçün ETTELAAT-ın Urmu İdarəsinin təcridxanasına köçürülüb. 

Əslən Şərqi Azərbaycan əyalətinin Şəbistər şəhərinin Nadarlı kəndindən olan güneyli fəal və musiqiçi ETTELAAT təcridxanasında sorğu-suala çəkildikdən sonra Urmu zindanına köçürülüb, sentyabrın 22-də isə 600 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıb.

Musiqiçi və mədəni fəal Abbas Nikrəvan daha öncə də 2014 və 2018 illərində müvafiq olaraq bir toy mərasimində və Babək Qalası yürüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Onun 2015-ci ilin fevralında xeyriyyə məqsədilə təşkil edəcəyi bir konserti ləğv olunub.

Ümumiyyətlə İranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan siyasi və ictimai fəallar təcridxanada təkadamlıq kameralarda saxlanılaraq dindirilir.

Onlar vəkillə təmin olunmaq  və ailələri ilə telefon əlaqəsi saxlamaq hüququndan məhrum edilirlər. 

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar