SON XƏBƏRLƏR

BMT-nin Təhlükəsizlik Şurasının İranla bağlı iclası keçirilib-Repressiyalar pislənilib

2022.11.03, 05:41
BMT-nin Təhlükəsizlik Şurasının İranla bağlı iclası keçirilib-Repressiyalar pislənilib

Gunaz.tv

Birləşmiş Ştatlar bu yaxınlarda İslam Respublikası ilə diplomatik əlaqələri kəsmiş Albaniya ilə birlikdə noyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında bu görüşə ev sahibliyi edib.

İclas BMT-nin İranın insan haqları məsələləri üzrə xüsusi məruzəçisi Caved Rəhmanın hesabatı ilə başlayıb, ondan sonra hüquqşünas Şirin İbadi, həmçinin Britaniya Amnesty International təşkilatının səfiri, aktrisa Nazənin Bonyadi çıxış ediblər. 

Cavid Rəhman çıxışında İranda repressiya və insan haqlarının pozulması ilə bağlı müstəqil araşdırmalar üçün beynəlxalq mexanizm formalaşdırmağa çağırıb.

O bildirib ki, son 6 həftə ərzində jurnalistlər, hüquq müdafiəçiləri və vətəndaş fəalları da daxil olmaqla, bir çox vətəndaş həbs edilib.

Rəhman əlavə edib ki, İran hökumətinin Məhsa Əmininin qətli ilə bağlı araşdırması nəticəsiz qalıb və Məhsanın ölümündən sonra keçirilən etirazlar zamanı 40-ı uşaq olmaqla azı 277 nəfər hökumət məmurları tərəfindən öldürülüb.

Rəhmandan sonra Şirin İbadi İranın vəziyyəti ilə bağlı beynəlxalq tədbirlər görməyə çağırıb.

"Belə bir vəziyyətdə İran xalqı Qərb hökumətlərindən, xüsusən də Amerikadan rejimin ayaqda qalmasına kömək edəcək hər hansı saziş bağlamaqdan çəkinmələrini xahiş edir",- deyə, İbadi bildirib.

İclasın davamında Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv dövlətlərinin nümayəndələri İrandakı repressiyalarla bağlı fikirlərini bildiriblər.

Bu görüşdə Amerika nümayəndəsi İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatının Qadınların Statusu Komissiyasına üzvlüyünə işarə edərək qadınların zülmünü tənqid edib və bildirib ki, onun ölkəsi Birləşmiş Millətlər Təşkilatının digər üzvləri ilə əməkdaşlıq edərək, İran hökumətinin nümayəndəsinin bu komissiyadan çıxarılması məsələsini reallaşdırmağa çalışacaq.

Albaniya nümayəndəsi İranda qadınları və etirazçıları dəstəkləyərək bildirib ki, bu etirazlar “azadlıq və zülm”lə “cəsarət və qorxaqlıq” arasında qarşıdurmadır.

Toplantıda iştirak edən Rusiya və Çin nümayəndələri İran hökumətinin repressiyalarını pisləməkdən boyun qaçırıblar.

Çin nümayəndəsi İranda baş verənlərin xaricə dəxli olmadığını və bu ölkənin öz problemlərini özünün həll etmək iqtidarında olduğunu iddia edib.

Fransa, Norveç, Meksika və başqa ölkələrin nümayəndələri də sıra ilə çıxış edib və Tehran hakimiyyətinin etirazçılara qarşı amansız davranışını, repressiyalarının qəbul edilməz olduğunu, bu ölkənin BMT-nin qadınların Statusu Komissiyasından çıxarılmasının vacibliyini bildiriblər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar