SON XƏBƏRLƏR

Niyazovsuz Türkmənistan uğrunda!_ Yeni Konstitusiya layihəsi Türkmənbaşının üsul-idarəsini ləğv edir

2021.10.20, 07:36
Niyazovsuz Türkmənistan uğrunda!_ Yeni Konstitusiya layihəsi Türkmənbaşının üsul-idarəsini ləğv edir

Gunaz.tv
Niyazovsuz Türkmənistan uğrunda! dunya.jpg Yeni Konstitusiya layihəsi Türkmənbaşının üsul-idarəsini ləğv edir "Kommersant" qəzeti Türkmənistanın yeni Konstitusiya layihəsinin rus dilində tam mətnini əldə edib. Prezident Qurbanqulu Berdıməhəmmədovun rəhbərliyi altında işlənmiş sənəd dövlət quruluşunu əhəmiyyətli dərəcədə dəyişdirməyi nəzərdə tutur. Məsələn, yeni layihə Saparmurad Niyazov tərəfindən yaradılmış Xalq məsləhətinin ləğvini nəzərdə tutur. Türkmənistanın əsas qanununun yeni layihəsi ölkə prezidenti Q.Berdıməhəmmədov tərəfindən Konstitusiya komissiyasının iclasında təqdim edilib. Güman edilir ki, sentyabr ayına qədər mətn ümumxalq müzakirəsinə veriləcək, sonra isə ildə bir dəfə toplaşan Türkmənistanın ali icra orqanı - Xalq məsləhəti tərəfindən təsdiqlənəcək. Yəqin ki, yeni Konstitusiyanın qəbulu bu orqanın son qərarı olacaq. Çünki yenilənmiş əsas qanun bu qurumu ləğv edir. Mərhum prezident Niyazov tərəfindən yaradılmış Xalq məsləhəti Türkmənistanda indiyə qədər ən sirli icra orqanı hesab olunur. Bura 2507 nəfər daxildir. Onlardan çoxunu prezident təyin edib və bura hökumətin bütün üzvləri, partiya, gənclər təşkilatlarının, həmkarlar ittifaqlarının, qadınlar birliyinin rəhbərləri, "Qalkınış" ümummilli hərəkatının üzvləri, ictimai təşkilatların sədrləri və ağsaqqallar daxildir. Bununla yanaşı, onun yaradılması heç yerdə qeydə alınmayıb. Xalq məsləhəti öz səlahiyyətlərini yalnız özü dayandıra bilər. Məsələn, Konstitusiyanın dördüncü hissəsində deyilirdi ki, Türkmənistanda hakimiyyətin dörd qolu var: "Xalq məsləhəti, qanunverici orqan, icraedici orqan və məhkəmə". Bundan başqa, yalnız bu orqan prezidentliyə namizəd irəli sürmək hüququna malikdir. - 2007-ci ilin yanvar ayında olduğu kimi. Həmin vaxt ağsaqqallar hətta Q.Berdıməhəmmədovu heç bir seçkisiz prezident elan etmək istəyirdi. Amma o, israrla ümumxalq seçkisi keçirilməsini tələb etdi. Xalq məsləhətinin ləğvi - Türkmənbaşının irsinin tədricən uzaqlaşdırılması üçün Berdıməhəmmədovun apardığı siyasətin yeni mərhələsidir. Bundan başqa, Konstitusiyanın yeni layihəsində mərhum prezident barədə bütün qeydlər də yoxa çıxıb. Məsələn, əvvəllər əsas qanunda yazılmışdı ki, "Türkmənistanda ölüm hökmü tamamilə ləğv edilib və Türkmənistanın birinci prezidenti Böyük Saparmurat Türkmənbaşı tərəfindən həmişəlik qadağan edilib". Yeni layihənin müəllifləri isə belə yazıblar: "Türkmənistanda ölüm hökmü ləğv edilib". Qeyd edək ki, Konstitusiyaya edilən hazırkı dəyişikliklər Saparmurat Niyazovun ölümündən sonra əsas qanuna edilən ikinci dəyişiklikdir. 2006-cı il dekabrın 26-da Türkmənbaşının ölümündən beş gün sonra Konstitusiyaya belə bir dəyişiklik edilmişdi - prezident öldüyü halda onun avtomatik sələfi əvvəl olduğu kimi parlamentin spikeri deyil, baş nazirin müavini olur. Məsələ bundadır ki, Konstitusiyaya görə, "varis" spiker Əvezgəldi Atayev həmin vaxt artıq həbs edilmişdi, baş nazirin müavini Q.Berdıməhəmmədov isə artıq prezident vəzifələrini müvəqqəti icra edən şəxs idi. Dünən isə prezidentin sədrliyilə bu ölkənin Konstitusiya komissiyasının üçüncü iclası keçirilib. Toplantını açıq elan edən dövlət başçısı ölkənin ali qanununun yeni variantının vacibliyini vurğulayaraq bildirib ki, bu qanun xalqın istəyi, zamanın tələbi və yaxın gələcəkdə atılacaq addımlar nəzərə alınmaqla həyata keçirilməlidir. Q.Berdıməhəmmədovun sözlərinə görə, cəmiyyətin və dövlətin konstitusion əsaslarının təkmilləşdirilməsini yeni intibah dövrü diqtə edir və bu təkmilləşmə qaçılmazdır - onun sayəsində iqtisadi, siyasi, humanitar sahələrdə yüksək sürətlə dəyişikliklər baş verir, ölkənin hər bir vətəndaşı xoşbəxt gələcəyə inanaraq doğma vətən uğrunda ilhamla çalışır. Bu nitqdən sonra prezident komissiya üzvlərini fikir mübadiləsi aparmağa çağırıb. Bir neçə vilayətin rəhbəri çıxış edərək, milli liderin təşəbbüsü ilə yaradılacaq yeni Konstitusiya komissiyasının yerli ictimaiyyət tərəfindən müsbət qarşılandığı qeyd edib. Daha sonra prezident Konstitusiyanın yeni variantında ən çox diqqət mərkəzində olan məsələləri açıqlayıb. O bildirib ki, sənədə əsasən, milli parlamentin funksiyaları, hökumətin ali, yerli icra və özünüidarəetmə orqanlarının hüquqi statusu dəqiqliyilə qeyd olunub. Toplantının sonunda Türkmənistan Nazirlər Kabinetinin rəhbəri, ölkənin xarici işlər naziri Rəşid Meredov çıxış edib. O, iyulun 10-dan etibarən ölkədə yeni, beynəlxalq standartlara uyğun olan xarici pasportların tətbiqi istiqamətində görülən işlər barədə hesabat verib və alqışlar altında prezidentə "bir nömrəli" yeni diplomatik pasportu təqdim edib. kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar