SON XƏBƏRLƏR

Nizami Cəfərov: "Türk xalqlarının birliyini Güney Azərbaycansız təsəvvür edə bilmirik".Rusiya və İran türk dünyasının birləşməsi üçün maneədir.MÜSAHİBƏ

2021.10.20, 07:36
Nizami Cəfərov: "Türk xalqlarının birliyini Güney Azərbaycansız təsəvvür edə bilmirik".Rusiya və İran türk dünyasının birləşməsi üçün maneədir.MÜSAHİBƏ

Gunaz.tv
Rusiya və İran türk dünyasının birləşməsi üçün maneədir 1213707254_nizami_ceferov.jpg Nizami Cəfərov: "Türk xalqlarının birliyini Güney Azərbaycansız təsəvvür edə bilmirik" Millət vəkili Nizami Cəfərovla müsahibəni davam etdirirk (Əvvəli ötən sayımızda) -Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı münasibətlərin inkişafına keçmiş "böyük qardaş"ın təsiri özünü hansı səviyyədə göstərir? -Əlbəttə, Rusiyanın təsiri həmişə var. Türk dünyasının birləşməsi üçün Rusiya təbii və tarixi bir maneədir. Rusiya ilə yanaşı, o qədər böyük gücü olmasa da, İran da eynilə belə maneədir. Rusiyanın tərkibində hələ də Tatarıstan, Çuvaşıstan, Başqırdıstan, Rusiyanın hər tərəfinə yayılan tatarlar və onlarla belə türk xalqları var. Türk dünyasının birliyindən danışanda birinci mərhələdə altı müstəqil türk dövləti nəzərdə tutulur. Altı müstəqil dövlətin birliyi artıq Rusiya üçün istər-istəməz təhlükə yaradır. Çünki bu birlikdən sonra Rusiyada olan yarım müstəqil türk xalqları bu birliyə qoşulacaq. Bu artıq Rusiyanın yenidən dağılması deməkdir. Bunun ardınca daha azsaylı türk xalqları gələcək ki, bu artıq Rusiyanın daxilinə qədər yenidən qurulması deməkdir. Bu təbii ki, Rusiyanın maraqlarına ziddir və buna qarşı istər-istəməz mübarizə aparmalıdır. Türk xalqlarının birliyini Güney Azərbaycansız təsəvvür edə bilmərik. Siyasi birlik bir tərəfə, amma real birlik gələcək ki, bu da İran üçün müəyyən problem yaradır. Eləcə də İraq, Əfqanıstan, Çin, eləcə də Avropada da türklər yaşadığından bu ölkələr üçün müəyyən problemlər yarana bilər. Bu birlik istər-istəməz regionu yenidən qurmalı olacaq. Bu dövlətlər də bunu əvvəlcədən gördükləri üçün ilk addımları belə qəbul etməkdə çətinlik çəkirlər. Amma bu onların qəbul etməsindən asılı deyil. Əgər dünyada xalqlar və dövlətlər arasında münasibətlər beynəlxalq prinsiplərə uyğun olacaqsa, böyük güclərin diktə etməsi tədricən aradan qalxacaqsa, o zaman bu məsələyə də obyektiv baxmaq lazım gələcək. -Azərbaycan-Türkiyə və Ermənistan münasibətlərini araşdıran yeni bir fond fəaliyyətə başlayıb. Fondda digər türk dövlətlərinin nümayəndələri də təmsil olunacaqmı və erməni problemindən başqa daha hansı məsələlərin araşdırılması nəzərdə tutulub? -Hələlik söhbət ancaq erməni iddialarının qarşısının alınmasından gedir. Bunun üçün müəyyən işlər də gedir. Fondun vəzifəsi bu işləri həm koordinasiya etmək, həm də gücün hara qoyulması, ciddi olan məqamların gözlənilməsi, ermənilərin hərəkətlərinin nəzarətdə saxlanılması, ümumiyyətlə ermənilərin dünyanı cana doydurmuş hərəkətlərinin bir daha təzahür etməməsi üçün lazımi tədbirlərin görülməsindən ibarətdir. Fond çalışacaq ki, görülən işlər beynəlxalq səviyyədə olsun. Ermənilərin özləri bu dəqiqə çox pis vəziyyətdədir. Onların ancaq iddiaları qalıb. Biz zaman-zaman müəyyənləşmiş iddialar torundan çıxmaq istəyirik. Bunun üçün də dünyanın parlamentlərində, həm elmi mərkəzlərində, həm də dünyanı idarə edən qüvvələr konteksində ciddi işlər görülməlidir. Biz bu işləri bəzən sadəcə müəyyən impulslarla aparırıq. Fond problemin çox uzaq olmayan tam həllinə qədər fəaliyyət göstərəcək. Fond Bakıda fəaliyyət göstərir. Amma bizim birinci fəaliyyət miqyasımız türk dünyası, ikinci isə beynəlxalq aləmdir. Hansı ölkədə erməni iddiasının ortaya çıxdığını bilsək, həmin nöqtəni vurmalıyıq. Çünki erməni toxumu elə şeydir ki, hara düşsə, problem yaradacaq. Demirəm ki, erməni xalqının, erməni iddialarının kökünü kəsmək lazımdır. Ermənilərin iddiaları yalnız iddia qaldırılan dövlətlərə deyil, onların özlərinə də problem yaradır. -Vaxtilə Azərbaycanda güclü dövlətlər yaradılıb. Amma bu dövlətlərin tarixi ilə bağlı heç nə yazılmayıb. İran kimi dövlətlər bu tarixi öz adlarına çıxır. Türkiyə tərəfindən yazılan tarixdə də Azərbaycanda yaradılan dövlətlərlə bağlı məlumatlar verilməyib. Hazırda tarixin olduğu kimi yazılması istiqamətində hansı işlər aparılır? -Bizim kifayət qədər böyük tarixçilik təfəkkürümüz var. Və bu bizdə həmişə olub. Daha çox tarixi yaratmaqla məşğul olduğumuza görə tarixi yazmağa o qədər fikir verməmişik. Tarixi təfəkkürü olmayan bir xalqın bu qədər çox imperiya və dövlətləri ola bilməzdi. Qədim dövrlərdə tarixi daha çox ruhanilər yazırdılar. Orta əsrlərdə də bu ənənə var idi. Yəni tarix birinci növbədə kilsələrdə yazılırdı. Xristianlığın təbiəti belədir ki, onlar tarixi yaratmaqdan çox onu mənimsəməyə çalışır. Dünyanın bir çox dinlərində də vəziyyət belədir. İslam dinində isə həddən artıq modelləşdirmə olub. Ümumən müsəlman tarixinin yazılmasına meyl olub. Türklər Xl-Xll-ci əsrlərdən sonra islamın bayrağını ən çox yüksəldən millət olub. Tarixlər də yazılıb, amma çox zaman bir hökmdarın, sülalənin tarixi yazılıb. Tarixi ümumiləşdirmək və onun təfsilatına varmaq gərək bir yerdə aparılsın. Bu məsələdə bizim zəifliyimiz olub. Amma təbiidir ki, tarixi təfəkürümüzü təşkil edən normal tarixin yazılması XlX əsrin sonu XX əsrin əvvəllərindən başlanır. Tarixçilik təfəkkürümüzün paradoksları da o vaxt meydana çıxıb. Biz tariximizi çox böyük problemlərlə müşayiət olunan müasirləşmə dövründə yazmağa başladıq. O zaman artıq tariximizi müəyyən qədər unutmuşduq. Azərbaycanın ensiklopediyası olan "Dədə Qorqud" dastanını biz yaddaşımızda 30-40-cı illərdə bərpa etməyə başladıq və o zaman da təzyiqlərə məruz qaldıq. Nəhayət, 70-80-ci illərdə müəyyən qədər bərpa etdik. Yalnız müstəqilik dövründə biz onu kütləvi şəkildə dərk etməyə başladıq. Təsəvvür edin ki, sənin qədim və orta əsrlər müəyyənləşmiş tarixi şüurunu bir də XX əsrin sonlarında bərpa edirsən. AMEA-nın buraxdığı yeddi cildlik Azərbaycan tarixi bizim son nailiyyətlərimizdən biridir. Amma o kitabların mənbələri xeyli dərəcədə qeyri-milli mənbələrdir. Qeyri-milli mənbələrə istinadən də millətin tarixini yazanda istər-istəməz problemlər ortaya çıxacaq. Bizim tarix təfəkkürümüzün ən mühüm problemlərindən biri də ortaq türk tarixinin zəif dərk olunmasıdır. Azərbaycanlılar çalışır ki, öz tarixlərini Azərbaycanda qədimləşdirsinlər, Özbəklər Özbəkistanda və s. Bu ənənə müəyyən qədər Türkiyədə də olub. Axı bir halda ki, biz eyni dədə-babanın övladlarıyıq, bizim tariximiz müəyyən dövrlərdə ümumi olmalıdır. Biz Mannada türklərin yaşayıb-yaşamamasının mübahisəsinə qalxmaqla ümumi tarix təfəkkürümüzü unuduruq. Çox zaman bizim enerjimiz belə mənasız şeylərə gedir. Qədim tarixi lazımi coğrafi miqyası ilə götürəndə bu məsələlər həll olunur. Nəinki hər bir türk xalqı özünə bir tarix uydura. Məlumdur ki, türk xalqları son olaraq orta əsrlərin sonlarında ayrılıblar. Amma bir də görürsən ki, bizim tarixçilərimizdən biri deyir ki, Azərbaycan xalqı eramızdan əvvəl ikinci minillikdə əmələ gəlib. Bu artıq xalqlarımızı parçalamaq oldu. Elə bil ki, bir ailənin tarixini yazmaq fikrində olursan. Amma burada atanın, ananın, nənənin və s. tarixini ayrı-ayrı yazırsan. Belə ümumi tarix olmaz. Bizim ən böyük problemimiz ümumtürk tarixini lazımi şəkildə yazmaqdır. Bu tarix hara kimi gedir, burada parçalanmalar necə gedir. Biz hara kimi biriksə, orda tariximiz də bir olmalıdır. Təbii ki, ayrı olanda tariximiz də ayrı olacaq. Orada da əlaqələrin sıxlığı elədir ki, biz o tariximizin ümumiliyini bu günə kimi gətirib çıxara bilərik. -Oxucularımız, tələbələrimz türk xalqlarının tarixi ilə bağlı yetərli mənbələrin olmadığını, məlumat almaqda çətinlik çəkdiklərini bildirirlər. Bu gün bu problem nə dərəcədə var? -Düz deyirlər. Bu da bizim günahımızdır. Mən "Türk xalqları ədəbiyyatı" adlı dörd cildlik kitab hazırladım, ümumtürk ədəbiyyatı, dili, türk dillərinin tarixinə aid bir sıra məqalələr yazmışam. Məndən daha az yazanlar da, çox yazanlar da olub. Görünür, bu hələ azdır. Biz daha çox yazmalıyıq. Azərbaycanda, Türkiyədə, Qazaxıstanda və yaxud Özbəkistanda oturub yazmamalıyıq. Biz bu tarixləri birgə yazmalıyıq. Bu mənada müxtəlif türk xalqlarından olan mütəxəssislərin özündə də bir təfəkkür ümumiliyi əmələ gəlməlidir. Yoxsa biz istənilən istiqamətdə tarixlə bağlı ayrı-ayrı yazsaq, yenə də fərqliliklər ortaya çıxacaq. Artıq bundan sonra ümumtürk tarixii ilə əlaqədar konfranslar, müşavirələr keçirilməlidir. Bizim ortaq dərsliklərimiz olmalıdır ki, gənclərimiz türk dünyasının müxtəlif yerlərində ümumi bir tarixə yiyələnsinlər. Onsuz da bu tarix ümumidir. Hər şey inteqrasiyanın gedişindən asılıdır. Türk dünyası nə dərəcədə inteqrasiya olunacaqsa, bu tarixə baxışda da o dərəcədə müşahidə olunacaq. Əslində, tarixə baxış müasir dövrün siyasətinin, ideologiyasının, düşüncə tərzinin daim nəzarəti altındadır. Bu gün sənin təfəkkürün parçalanmış vəziyyətdədirsə, bu cür təfəkkür tarixə doğru baxa bilməz. Çalışacaq ki, parçalasın. Odur ki, bu inteqrasiya-birləşdirici təfəkkür təbiəti yalnız tarixdən bu günə gəlməməlidir, həm də bu gündən tarixə getməlidir. -Hazırda ortaq türk dilinin türk dünyasında yayılması, inkişafı istiqamətində hansı işlər görülür? -Biz bu məsələni türk dünyası ilə əlaqədar olan istənilən tədbirlərdə yada salırıq. Qurultaylardan başlamış mütəxəssislərin ən adi görüşlərinə qədər bu məsələ ətrafında müzakirələr aparılır. Mənə elə gəlir ki, bu məsələdə artıq müəyyənlik yaranıb. Türkiyə türkcəsi ortaq ünsiyyət vasitəsi rolunu oynamağa başlayıb. Gərək burada heç kim süni bir dil yaratmaq iddiasına düşməsin. Bu mənada Türkiyə türkcəsi müxtəlif səbəblərə görə bu funksiyanı artıq yerinə yetirir. Proses gedir. Azərbaycandan sonra Özbəkistan da paralellik olsa da, latın əlifbasına keçib. Digər türk dövlətlərində də bu istiqamətdə ciddi işlər gedir. Yazı inteqrasiyası prosesi də gedir. Bu qaçılmaz bir prosesdir. Ortaq televiziya, türk dövlətlərinin parlament assambleyası yaranacaq və buna kömək edəcək. Əslində biz nə qədər çox bir yerdə ola biləriksə, o qədər çox da bizim ortaq ünsiyyətə ehtiyacımız olacaq. O ehtiyac da istər-istəməz Türkiyə türkcəsini yayacaq. Türkiyə türkcəsi özü də bu prosesdə təkmilləşəcək. Bu yolla da Türkiyə türkcəsi bizim hamımızın dil təfəkkürümüzü ifadə edən bir beynəlxalq dil olacaq. Biz VI Türk dili olimpiadasında olduq və dünyanın yüzdən artıq ölkəsindən olan gənclərin burada yarışmasını izlədik. Bu artıq türk dilinin bir dünya dili olması deməkdir. Bu dilin dünya dili olması üçün tələblər də çoxdur. Türk xalqları həmişə bu dünyada harmoniya axtaran olub. Həmişə dünya xalqlarını ortaq ünsiyyətə gətirə bilən olublar. Dünyaya açıq olublar. Müxtəlif dilləri öyrənmişik, mədəniyyətləri qəbul etmişik. Düşünürəm ki, bundan sonra da dünya bizi lazımi səviyyədə qəbul etməlidir. Aygün olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar