SON XƏBƏRLƏR

“NPR” radiosu bu il İranda yaşanan iqtisadi və siyasi çətinliklərlə bağlı reportaj yayımlayıb

2021.10.20, 07:36
“NPR” radiosu bu il İranda yaşanan iqtisadi və siyasi çətinliklərlə bağlı reportaj yayımlayıb

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarında yayımlanan “NPR” radiosu cari ilin İran üçün çox ağır keçdiyini bildirib.

 

Reportajda deyilir ki, Amerikada Donald Trampın prezident seçkilərindən əvvəl təbliğat- təşviqat kampaniyasın zamanıİranla bağlı verdiyi vədləri prezident seçildikdən sonra həyata keçirməsi rəsmi Tehranı həm iqtisadi, həm də siyasi problemlərlə üz- üzə qoyub. May ayında Amerikanın nüvə razılaşmasından çıxması ilə İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ölkədə böyük iqtisadi təlatümə səbəb olub.

 

Sanksiyaların tətbiq edilməsi ilə riyalın dollar qarşısında kəskin ucuzlaşması ölkəyə idxal edilən bütün məhsulların bir neçə dəfə bahalaşmasına səbəb olub. Xüsusilə də idxal edilən elektron cihazların 4 dəfədən çox bahalaşdığı bildirilir.

 

Noyabr ayının əvvəllərində isə ABŞ-ın İranın neft və qaz sektoruna qarşı sanksiyalar tətbiq etməsi rəsmi Tehranın iqtisadi vəziyyətini daha da pisləşdirib. Bu sanksiyalara əsasən, bir neçə ölkə öz daxili tələbatlarını qısa müddətdə İran nefti ilə ödəyə bilər. Lakin bu müddət bitəndən sonra həmin ölkələrə İranla hər hansı bir ticarət əlaqəsinə girdikləri halda Amerika tərəfindən sanksiya tətbiq olunacaq.

 

Avropa Birliyi Amerikanın əksinə olaraq İranla ticari əlaqələrini davam etdirəcəyini elan edərək, bu əlaqələrin davamlılığını təmin etmək üçün dollardan asılılığı aradan qaldırmaq məqsədi ilə yeni “maliyyə kanalı” yaradacağını bildirmişdi. Lakin Birliklə rəsmi Tehran arasında bu xüsusda olan fikir ayrılıqları səbəbindən hələ ki, bu kanalı yaratmaq mümkün olmayıb.

 

2018-ci il həm də İranda əhalinin sosial etirazları ilə yadda qalıb. İlin başlanğıcından hakimiyyətin yarıtmaz iqtisadi və siyasi siyasətinə qarşı ölkənin bir çox bölgələrində nümayişlər keçirilmişdi. Ekspertlər hesab edir ki, hazırda sanksiyalar səbəbindən əhalinin maddi rifahının kəskin aşağı düşməsinə görə gələn il, yəni 2019- cu ildə bu etirazlar daha da şiddətlənəcək.

 

Bundan başqa, reportajda İran prezidentinin siyasi karizmasının zəiflədiyi də qeyd edilir:  “İran rəhbərlərinin kəskin sözləri xalqa qarşı iqtisadi təzyiqlər və hər zaman ekstremist fundamentalların təzyiqlərinə tuş gələn prezident Həsən Ruhaninin siyasi mövqeyinin zəifləməsi ilə nəticələnib”- deyə reportajda deyilir.

 

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp cari ilin may ayının əvvəllərində ölkəsinin İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından birtərəfli olaraq çıxdığını elan edərək, rəsmi Tehrana qarşı yeni sanksiyaların qəbul ediləcəyini bildirmişdi. Bundan sonra İran valyutası kəskin olaraq dəyərdən düşmüş, ölkədə ciddi iqtisadi problemlər yaranmışdı. Hətta hazırda ölkədə bir çox müəssisələr maliyyə problemləri səbəbindən işçilərin əmək haqlarını verə bilmədiyi üçün İranın bəzi bölgələrində həmin işçilərin etiraz aksiyaları davam edir.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar