SON XƏBƏRLƏR

"İranda bəhailərə qarşı təzyiqlər artıb"-Dünya Bəhai İcmasından xəbərdarlıq

2022.07.25, 04:11
"İranda bəhailərə qarşı təzyiqlər artıb"-Dünya Bəhai İcmasından xəbərdarlıq

Gunaz.tv

Beynəlxalq Bəhai İcmasının BMT-dəki nümayəndəsi Bali Doqal 44 ildən artıqdır ki, bəhailərin inanclarına görə davamlı repressiyaya məruz qaldıqlarını deyib.

"Ancaq indiki təqib dalğası narahat edicidir. Son bir neçə həftə ərzində onlarla bəhai mühakimə və həbs olunub.

Aylardır barəsində xəbərdarlıq etdiyimiz məsələ indi baş verir. İran hökuməti bütün iranlılar qarşısında insan haqları öhdəliklərini və məsuliyyətini dərhal yerinə yetirməli və bu repressiyaları dərhal dayandırmalıdır"-deyə, Doqal bildirib.

Bununla yanaşı Kanada hökuməti də İranda bəhailərin sistematik şəkildə təqib edilməsindən narahatlığını bildirib və İran İslam Respublikasından beynəlxalq öhdəliklərə əməl etməyi tələb edib.

"Kanada İranın bəhailəri sıxışdırmaq və təqib etmək üçün sistemli kampaniyasının güclənməsindən narahatdır. Biz istəyirik ki, İran öz xalqının əsas insan haqlarına hörmətlə bağlı beynəlxalq və daxili öhdəliklərinə əməl etsin"-deyə, Kanada hökumətinin bəyanatında qeyd olunub.

Rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda dini hakimiyyət qurulandan bu günə kimi, ölkədə minlərlə bəhai həbs olunub, yüzlərlə bəhai edam edilib və on minlərlə bəhai ölkədən köçmək məcburiyyətində qalıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar