SON XƏBƏRLƏR

Tobias Baumann: "Almaniya Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün təcrübəsini təqdim etməyə hazırdır"

2021.10.20, 07:36
Tobias Baumann: "Almaniya Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün təcrübəsini təqdim etməyə hazırdır"

Gunaz.tv

- Alman-Azərbaycan Xarici Ticarət Palatası Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələri necə dəstəkləyir?

- Alman-Azərbaycan Xarici Ticarət Palatası Almaniya iqtisadiyyatının Azərbaycandakı rəsmi nümayəndəsidir. “AHK Azərbaycan” 2012-ci ildən bəri şirkətlərə bazarın araşdırılması və təhlili, müxtəlif biznes xidmətləri və məlumat dəstəyi təqdim edir. Bu, üzvlük əsasında çalışan təşkilatdır. 

Üzvlərimiz arasında həm Azərbaycanda fəaliyyəti olan Alman şirkətləri, həm də Almaniya və Almaniya şirkətləri ilə əməkdaşlıqla maraqlanan Azərbaycan şirkətləri var. Palata bazar və müştəri yönümlü xidmətlər vasitəsilə Almaniya və Azərbaycan şirkətlərinin bazar maraqlarını dəstəkləyir və geniş çeşidli xidmətlər təklif edir: bazara çıxış və əməkdaşlıq üzrə tərəfdaşlar cəlb etməkdən tutmuş yerli işgüzar iştirakın təşkil olunmasına, həmçinin dövlət və özəl sektor arasında dialoq üçün məhsuldar platformaların yaradılmasına qədər. İştirakçılar həmçinin şəbəkə və işgüzar tədbirlərdən, B2B görüşlərdən, məlumat turlarından və heyət səfərlərindən faydalanırlar.


- Azərbaycanda hansı Almaniya şirkətləri var və hansı Azərbaycan şirkətləri orada fəaliyyət göstərir? Almaniya şirkətləri AHK vasitəsilə Azərbaycanda əsasən hansı sektorlarda təmsil olunur?

- Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın əsas ticarət tərəfdaşıdır. Almaniya ilə region arasındakı ümumi ticarət dövriyyəsinin 65%-i məhz Azərbaycanın payına düşür. Üstəlik, Azərbaycan Almaniyaya xam neft tədarükünün həcminə görə 9-cudur. Almaniya şirkətləri də öz növbəsində Azərbaycan bazarında ən yaxşı keyfiyyətin tərəfdarlarıdır. Avtomobil və avtomobil hissələri, maşın və avadanlıqlar, kimyəvi maddələr və dərmanlar Azərbaycanın Almaniyadan idxal etdiyi malların ən böyük qrupu olaraq qalır. Aydın məsələdir ki, pandemiya son iki ildə ticarətin həcminə də böyük təsir göstərib. Buna baxmayaraq, Almaniya Azərbaycanın 5-ci ən böyük ticarət tərəfdaşı olaraq qalır.

Üzvlərimiz arasında müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlər var: maşınqayırma, logistika və nəqliyyat, konsaltinq, injinirinq və inşaat, eləcə də kimya və əczaçılıq sektoru. Bir çox tanınmış Almaniya brendlərinin Azərbaycanda nümayəndəlikləri/filialları var. Əslində burada dominant olduğumuz sektor yoxdur, bu səbəbdən də də üzvlərin tərkibi nisbətən qarışıqdır və bu, bizə Almaniya şirkətlərinin müxtəlifliyi haqqında fikir verir.


- Almaniya şirkətləri Qarabağın bərpasına sərmayə qoymağa hazırdırmı? Bu şirkətlərin hansı təcrübəsi bu məsələdə faydalı ola bilər və Azərbaycan tərəfi ilə hansısa danışıqlar aparılırmı?

- Hər şeydən əvvəl, infrastrukturun bərpasına və enerji keçidinə yönəlmiş bu əsaslı bərpa planları hökumət üçün maliyyələşdirmədə böyük xərclərlə nəticələnir və beləliklə beynəlxalq investisiyaların axınına ehtiyac yaranır. Ərazilərin azad edilməsindən əvvəl və sonra çəkilən fotoşəkilləri müqayisə etdikdə məlum olur ki, Qarabağda heç nə qalmayıb. Aydın olur ki, bütün infrastruktur sıfırdan yenidən qurulmalıdır. Almaniya şirkətləri Azərbaycanın bu regionun layihələndirilməsi, bərpası və yenidən qurulması kimi əhəmiyyətli işin bir hissəsi olmaqda maraqlı olduqlarını bildirirlər. Bunun yüksək texnologiyalar, müasir və davamlı iqtisadi həllər tələb edən perspektivli və uzunmüddətli layihə olduğunu nəzərə alaraq, Almaniya Qarabağ və Şərqi Zangezur iqtisadi regionlarının bərpası üçün burada yaxşı təcrübə təklif edə bilər.

Hazırda işğaldan azad edilmiş torpaqlarda əməkdaşlıqla bağlı fəal danışıqlar aparılmır, lakin görürük ki, artıq bir neçə layihə həyata keçirilir. Bilirik ki, Qarabağda həyata keçirilən layihələrdə artıq İsrail, Türkiyə, İtaliya və digər beynəlxalq şirkətlər iştirak edirlər. AHK üzvü olan şirkətlər də infrastrukturun, yolların və hava limanlarının hal-hazırda davam edən tikintisində iştirak edirlər və biz qarşıdakı layihələrdə iştirak etmək məqsədilə əlavə imkanlar əldə etmək üçün artıq müvafiq qurumlar və təşkilatlarla əlaqə qurmuşuq.

- AZPROMO və Azərbaycan İqtisadiyyat Nazirliyi ilə yeni birgə layihələr gözləyə bilərikmi?

- Biz hər zaman dialoqdayıq və fürsət düşəndə ​​AZPROMO ilə birlikdə çalışmaqdan həmişə məmnunuq. Almaniyadan gələn və ya Almaniyaya gedən nümayəndə heyətlərinin səfərlərini təşkil etmək mövzusunda onlarla yaxşı əlaqələrimiz var. Belə hallarda, əlbəttə ki, nümayəndə heyətlərinin bu səfərləri üçün mümkün iştirakçıları tövsiyə etmək məsələsində tərəfdaş kimi AZPROMO-ya güvənirik. 

Onlarla həmçinin Azərbaycan şirkətlərini beynəlxalq həmkarları ilə təşkil olunan B2B görüşlərinə cəlb etmək üçün də əməkdaşlıq edirik.

“AHK Impuls” (AHK üzvləri üçün dialoq formatı) tədbirlərindən birində artıq Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul etmişik; o, üzvlərimiz tərəfindən qaldırılan çətin məsələlərə və mövzulara həll yollarının tapılması məsələsində çox açıq idi və buna görə ona təşəkkür edirik. Eyni zamanda, Cənab Naziri “AHK Biznes Mühiti Sorğusu”nun təqdimatında ikinci dəfə görməkdən də məmnun olduq. Nazirin keçən həftə keçirilmiş tədbirdəki çıxışı zamanı da qeyd etdiyi kimi, bu, qoruyub və təşviq etməyə çalışdığımız yaxşı ənənədir.


- “Azərbaycanda Xarici Biznes” hesabatı “AHK Azərbaycan”ın illik müstəqil nəşridir. Onun ən əhəmiyyətli faydaları nədir?

- Hesabatın keyfiyyətinin unikal olduğunu düşünürəm. Bildiyimə görə, bu, Azərbaycanda işgüzar və investisiya mühiti ilə bağlı xarici şirkətlərin fikirlərini əks etdirən ölkədəki hələ ki yeganə nəşrdir. Çox dərin, hərətərfli təhlillər edirik və hesabat təfərrüatlı olur. Bundan əlavə, anonim şəkildə aparılan və güvəni artıran bəzi fərdi üzbəüz müsahibələr aparırıq. Bu mənada beynəlxalq ictimaiyyətlə belə etimadın yaradılması üzrə çox böyük işlər görmüşük.

Ümumiyyətlə, bu hesabatın hökumətin müvafiq nümayəndələrinin ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər barədə ilk mənbədən məlumat alması və bu mövzuda dövlət sektoru ilə özəl sektor arasında dialoq üçün əsas yaradılması baxımından əla vasitə olduğunu hesab edirik. 

Fürsətdən istifadə edərək, bu hesabatın Azərbaycanda xarici biznesin dinamikasını qiymətləndirmək üçün vacib vasitə olaraq qalmasını təmin etməkdə dəyərli töhfələr verən bütün sahibkarlara və ekspertlərə təşəkkür etmək istəyirəm. Hesabatı saytımızdan (www.ahk-baku.de) pulsuz yükləmək olar. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar