SON XƏBƏRLƏR

Öldürülənlərin anaları: “Hökumətin cinayətləri qarşısında sakit dayanmayacağıq”- FOTO

2021.10.20, 07:36
Öldürülənlərin anaları: “Hökumətin cinayətləri qarşısında sakit dayanmayacağıq”- FOTO

Gunaz.tv

GünAz TV: İranda 1979-cu il inqilabından sonra öldürülən insanlardan bir qrupunun anaları və yaxınları bildiriblər ki, son etirazların qanla yatırılması rejimin bəşəriyyət əleyhinə cinayətlərinin sübutudur.

 

Onlar həmçinin İran rejiminin cinayətləri qarşısında sakit dayanmayacaqlarını bəyan ediblər. Həmin ailələrin birgə yaydığı bəyanatda qeyd edilir ki, “övladlarımız İranda azad və insan kimi yaşamaq üçün etiraz olaraq küçələrə çıxırlar, lakin hökumətin təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilirlər”.

 

Bəyanatı imzalayanlar benzinin bahalaşmasına qarşı son etirazlarda iştirak edən sivil xalqı rejimin gülləbaran etməsi, eləcə də baş verənləri gizlətmək üçün ölkə boyu interneti kəsməsinə xüsusi diqqət çəkiblər.

 

“Təəssüf ki, son etirazlar zamanı yüzlərlə insan hökumət tərəfindən qətlə yetirilib, minlərlə insan həbs edilib. Onlar, hətta 18 yaşdan kiçik uşaqlara da rəhm etməyiblər, 10-dan çox uşağı da öldürüblər. Biz bu halların bəşəriyyət əleyhinə cinayətin sübutu olduğu qənaətindəyik. Cinayəti törədənlərin açıq formada keçirilən beynəlxalq məhkəmələrdə cəzalandırılmalarına çalışmaqla, bir daha bu cür halların baş verməsinin qarşısını almalıyıq. Biz analar sakit dayanmayacağıq”, - deyə bəyanatda vurğulanır.

 

Analar həmçinin faciəni araşdırmaq, öldürülənlərin, tutulanların və yaralıların dəqiq sayını müəyyən etmək, eləcə də bu cinayəti törədənlərin üzə çıxarılmasını təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatını insan haqları müvəkkilini və insan haqları üzrə xüsusi məruzəçisini İrana ezam edərək, xüsusi komitə yaratmağa çağırıblar.

 

Son etirazlar zamanı təhlükəsizlik qüvvələrinin qətlə yetirdiyi insanlardan bir qismi

 

Bəyanatı imzalayanlar beynəlxalq ictimaiyyəti və İran əhalisini son etirazlarda öldürülənlərin dekabrın 26-sına təsadüf edən 40 mərasimləri gününü aban (noyabr-red.) etirazlarında qətlə yetirilənlərin anım günü kimi tanımağa və 1 dəqiqəlik sükutla onların xatirəsini anmağa çağırıblar.

 

Ötən həftənin cümə günü yayılan bəyanatı imzalayanlar benzin üsyanında öldürülən Puya Bəxtiyarinin anası Nahid Şirbişə, 2009-cu il prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilən etirazlar zamanı qətlə yetirilən Mustafa Kərimbeygi və Əmirərşəd Tacmirin anaları Şahnaz Əkməli və Şəhin Məhinfərdirlər.

 

1980-cı illər edamları zamanı 6 ailə üzvü qətlə yetirilən Mənsurə Behkiş, 1999-cu il tələbə etirazlarının qurbanı Səid Zeynalinin anası Əkrəm Nəqqabi və 2006-cı ildə həbsxanada işgəncə verilərək öldürülən tələbə fəal Əkbər Məhəmmədinin anası Gülcahan Əşrəfpur da bəyanatı imzalayanlar arasındadırlar.

 

Qeyd edək ki, İran rejimi ötən ay keçirilmiş etirazlar  zamanı qətlə yetirilən insanların dəqiq sayı barədə statistikanı gizlədir. Eləcə də, ölkənin demək olar ki, bütün şəhərlərində hələ də etirazlarla bağlı insanların həbs edilməsi davam edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar