SON XƏBƏRLƏR

OSETİYA MÜHARİBƏSİ: RUSİYA NATO-nun QAFQAZ HƏDƏFLƏRİNƏ QARŞI HÜCUMA KEÇDİ_C.MƏZAHİROĞLU

2021.10.20, 07:36
OSETİYA MÜHARİBƏSİ: RUSİYA NATO-nun QAFQAZ HƏDƏFLƏRİNƏ QARŞI HÜCUMA KEÇDİ_C.MƏZAHİROĞLU

Gunaz.tv
35067_1 OSETİYA MÜHARİBƏSİ: RUSİYA NATO-nun QAFQAZ HƏDƏFLƏRİNƏ QARŞI HÜCUMA KEÇDİ Cənubi Qafqazın siyasi perspektivi yaxın vaxtlarda bəlli olacaq C.MƏZAHİROĞLU Dünən gürcü-osetin cəbhə xəttində baş verən hadisələr, Rusiya ilə Gürcüstan arasında real müharibənin başlaması beynəlxalq aləmin diqqətində olan məsələ idi. Oxucuların yadındadırsa, iyul ayında Qafqazda bir sıra hərbi təlimlər keçirildi. Birincisi, ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının (EUCOM) maliyyə dəstəyi ilə "Bilavasitə cavab - 08" təlimləri idi ki, bu təlimlərdə ABŞ, Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan hərbçiləri iştirak edirdilər. EUCOM rəsmilərinin sözlərinə görə, təlimlərin əsas məqsədi sülhməramlı əməliyyatlara töhfə verən Cənubi Qafqaz ölkələri ordularının döyüş qüdrətini artırmaq idi. 7 milyon ABŞ dollarına başa gələn bu təlimlər Amerikanın Gürcüstanda ən böyük hərbi iştirakı hesab edilirdi. Digər bir təlim isə Rusiyanın müxtəlif silahlı birləşmələrinin Şimali Qafqazda keçirdiyi "Kavkazskiy rubej-2008" idi. Şimali Qafqazın bir çox ərazilərini əhatə edən təlimlərin bir hissəsi məhz Osetiyanın şimalında keçirildi. Rusiyalı generallar bildirirdilər ki, bu təlimlərdə məqsəd Rusiyanın müxtəlif hərbi strukturlarının birgə döyüş əməliyyatlarına uyğunlaşmasını təmin etmək idi. Maraqlısı onda oldu ki, bu təlimlərdən əldə edilən vərdişlər təxminən bir həftə sonra real təcrübədə gerçəkləşdirildi. Hərbi mənbələrin məlumatına görə, gürcü-osetin münaqişə zonasında hərbi əməliyyatların bərpa olunacağı həm Gürcüstan tərəfinə, həm də Rusiya və Amerikaya bəlli idi. Amma əməliyyatın məhz dünən başlamasını çoxları gözləmirdi. Rəsmi Tbilisi məhz gözlənilməz əməliyyatın ona uğur vəd edəcəyinə əmin idi. MÜHARİBƏ NƏ VƏD EDİR? Ekspertlərin fikrincə, dünən başlayan əməliyyatlar fonunda regionun bugünkü vəziyyəti və gələcəyi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirildi: - birincisi, Cənubi Qafqaz birbaşa olaraq dünyanın, xüsusilə supergüclərin ciddi marağındadır. NATO, BMT kimi nüfuzlu qurumlar bu bölgədə hərbi əməliyyatların bərpa olunmasını istəmirlər və bütün yollarla bunun qarşısını almaqda maraqlı görünürlər. Bu maraq çərçivəsində Rusiyanın Cənubi Qafqazda mövqelərinin güclənməsi qəbul edilmir. - ikincisi, dünən baş verən toqquşma göstərdi ki, Gürcüstanın ərazi bütövlüyü Qərb üçün prioritet olmaqda davam edir. - üçüncüsü, dünənki hadisə göstərdi ki, Rusiya Cənubi Qafqazdan asanlıqla çəkilmək fikrində deyil. Aydın oldu ki, Kreml bölgədə dondurulmuş münaqişələrin tənzimlənməməsində maraqlı olan əsas qüvvə rolunda çıxış edir. - dördüncüsü, Ermənistanın rəsmi dairələri gürcü-osetin münaqişəsi ilə bağlı heç bir rəsmi açıqlama vermədilər. Ayrı-ayrı erməni ekspertlərin hadisə ilə bağlı rusiyameyilli, rəsmi Tbilisinin addımlarını pisləyən bəyanatları fonunda Yerevanın Gürcüstanın ərazi bütövlüyü istiqamətində atdığı addımlarla razılaşmadığı hiss edildi. - beşincisi, Rusiyanın real hərbi əməliyyatlar həyata keçirmək imkanları istər Qərb, istərsə də Rusiya ilə konfrontasiya vəziyyətində olan region ölkələrinin ekspertləri tərəfindən öyrənildi. Dünən gürcü hərbçilərin Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi təyyarələri məhv etməsi "ağ ayı"nın elə də dəfedilməz olmadığını bir daha göstərdi. Qeyd edək ki, dünən baş verən hadisələrdə gürcü əsgərlərin həlak olması barədə məlumat yayılmayıb. Rusiya Müdafiə Nazirliyi isə toqquşma zamanı 10 rus əsgərin öldürüldüyünü, 30 nəfərin yaralandığını bildirib. RUSİYA "NATO BAZALARI"na ZƏRBƏ ENDİRİB Baş vermiş hadisələr fonunda bir neçə məsələ diqqəti çəkdi. "Ayna"nın söhbətləşdiyi siyasi və hərbi ekspertlərin əksəriyyəti bir fikri bölüşürlər: dünən baş verənlər bölgədə separatizmə güclü zərbə oldu. Əsası, separatizmin əsas himayədarı rolunda Rusiyanın iştirak etdiyi aydınlaşdı. Beləliklə, baş verən hadisələr fonunda Gürcüstan mühüm bir uğura imza atdı. Müşahidəçilərin fikrincə, rəsmi Tbilisi bütün dünyaya bildirdi ki, o, əslində Osetiya separatçıları ilə mübarizə aparmır, mübarizə hədəfi Rusiyanın regiondakı "çirkli" maraqlarıdır. Rusiya "sülhməramlı"larının regionda təcavüz xarakterli hərbi əməliyyatlar həyata keçirməsi bəlkə də Moskvanın bilmədən ona hazırlanmış "tələyə" düşməsi anlamında başa düşülməlidir. "Ayna"nın əməkdaşı məsələ ilə bağlı rusiyalı mənbələrin münasibətini öyrənib. Onların fikrincə, Rusiyanın Gürcüstana hərbi müdaxiləsi bir neçə saat ərzində hazırlanmış plan olub. "Burada dərhal, düşünmədən qərar çıxarılması faktı da ola bilər. Lakin Gürcüstan şəhərlərinin bombalanması, Cənubi Osetiya ərazisində mövqe tutan gürcü hərbçilərinə qarşı amansız mövqe tutulması kimi hallar müharibənin gedişində düşünülmədən qəbul olunan qərarlar hesab edilməlidir və bunun ağrısını Moskva uzun müddət çəkəcək", - deyə Rusiya hərbi elitasına yaxın mənbə "Ayna"nın əməkdaşı ilə söhbətində bildirdi. Rusiyalı tanınmış ekspert Modest Kolerov bildirib ki, Gürcüstanın ABŞ-ın dəstəyi ilə Cənubi Osetiya uğrunda gerçəkləşdirdiyi hərbi ssenari "müharibə olmayacaq" deyən "hərbi mütəxəssisləri" məyus etdi. Onun fikrincə, baş vermiş hadisə nəticəsində Gürcüstan öz hədəflərinin minimum yarısına nail olub: dinc əhali kütləsi Cənubi Osetiyadan çıxarılır, Sxinval isə dağıdılıb və qeyri-yaşayış sahəsinə çevrilməkdədir. "Rusiyanın Cənubi Osetiyanın müdafiəsində zəifliyi, məğlubiyyəti onun üçün ağır siyasi nəticələrlə müşayiət olunacaq. Söhbət Rusiyanın öz vətəndaşlarının və müttəfiqlərinin təhlükəsizliyinin qarantı kimi reputasiyasına dəyəcək fövqəladə ziyandan gedir. Bu, Rusiyanın təkcə Cənubi Qafqazdakı mövqelərində və onun müttəfiqlərində əksini tapmayacaq, bu məsələ Moskvanın regional siyasətində, Abxaziya, Dnestryanı və Dağlıq Qarabağ siyasətində əksini tapacaq. İndi Rusiyanın əleyhdarlarının radikallaşmasını və tələblərinin sərtləşməsini gözləmək lazımdır", - deyə o bildirib. Həqiqətən də, Rusiya təyyarələrinin o qədər də ciddi əsas olmadan Gürcüstan ərazisindəki hərbi obyektləri bombalaması (söhbət Tbilisi yaxınlığındakı Vaziani bazasından, Qoridəki obyektlərdən, Marneulidəki və Bolnisidəki hərbi hava limanlarından gedir) bir qədər anlaşılmaz görünür. Qeyd edək ki, Tbilisidən 40 dəqiqəlik məsafədə olan Vazianidəki hərbi baza birbaşa Pentaqonun dəstəyi ilə qurulmuş və bu yaxınlarda orada "Bilavasitə cavab - 08" təlimlərinə start verilmişdi. Marneulidəki hava limanı isə Türkiyə Silahlı Qüvvələrinin maliyyə dəstəyi ilə yeniləşdirilib. Qeyd edilən hərbi obyektlər NATO standartlarına tam olaraq uyğunlaşdırılıb və indiyə kimi Rusiya mətbuatı bu obyektləri "NATO bazaları" kimi təqdim edib. Belə olan halda həmin obyektlərin bombalanması Rusiyanın NATO-ya cavabı kimi başa düşülməməlidirmi? Bu xüsusilə o zaman baş verir ki, Gürcüstan NATO-nun üzvlük əməliyyat planına (MAP) qoşulmağa hazırlaşır və ilin sonunadək NATO tərəfindən ona rəsmi "hə" cavabı verilməlidir. Rusiyanın NATO yanında daimi nümayəndəsi Dmitri Roqozin NATO-ya üzv ölkələrin hökumətlərinə rəsmi nota göndərib. Roqozin bildirib ki, Rusiya tərəfi NATO üzvlərini Gürcüstan və onun prezidenti Mixail Saakaşviliyə dəstək verməyi dayandırmağa çağırır. Roqozin qeyd edib ki, "Gürcüstanın Cənubi Osetiyaya hücumu" NATO-nun Buxarestdə keçirilən son sammiti ilə bağlıdır. "O sammitdə Gürcüstana NATO perspektivini göstərdilər və silahlı təcavüzə razılıq verdilər. Buxarest sammitinin yekun sənədində göstərilənlər Saakaşvilini silahlı müdaxilə etməyə ruhlandırıb", - deyə o bildirib. Vaziani və Marneulidəki hərbi obyektlərin Ermənistan ərazisindən havaya qalxmış təyyarələr tərəfindən bombalanması barədə məlumat da çox diqqətçəkəndir. Məlumata görə, hərbi obyektləri bombalayan təyyarələr Rusiya ordusunun Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci bazasından gəlib. "Qruziya-onlayn" İnternet səhifəsi bildirir ki, Gürcüstanla Ermənistan arasında imzalanmış müqaviləyə əsasən, Ermənistan öz ərazisini Gürcüstana hücum üçün başqa bir dövlətə təqdim edə bilməz. Hadisə nəticəsində Marneuli aeroportunda çalışan 4 gürcü həlak olub. Ermənistan Müdafiə Nazirliyi isə bu təyyarələrin ölkə ərazisindən qalxması barədə məlumatları təkzib etsə də, yerli mənbələr məlumatın doğru olduğunu israr edirlər. Beləliklə, baş verən proseslər fonunda Rusiyanın Gürcüstana qarşı keçirdiyi hərbi əməliyyat, NATO ölkələrinin dəstəyi ilə Gürcüstanda qurulmuş hərbi obyektlərə aviasiya zərbələrinin endirilməsi əslində Tbilisinin NATO-ya üzvlük perspektivinə əngəl olmaq niyyəti ilə bağlı görünür. Söhbətləşdiyimiz ekspertlərin əksəriyyəti bu fikirdədir. AZƏRBAYCAN ÜÇÜN OSETİYA DƏRSLƏRİ Azərbaycan dünən Sxinvalda baş verən hadisələrdən nəyi öyrənməlidir? Ekspertlər hesab edirlər ki, sözügedən məsələdə Ermənistanla münaqişə vəziyyəti yaşayan Azərbaycanın vəziyyəti, demək olar, eynidir. Bizdə Qarabağ və ona bitişik rayonları Ermənistan işğal edib və ona himayədar rolunda Rusiya çıxış edir. Gürcüstanın Cənubi Osetiya və Abxaziya əraziləri isə faktik olaraq Rusiyanın siyasi və hərbi dairələrinin himayəsindədir və rəsmi Tbilisi dəfələrlə Moskvanı işğalçılıq siyasətində ittiham edib. Beləliklə, dünən baş verən toqquşmalardan Bakı üçün müəyyən nəticələr hasil edilə bilər: - birincisi, beynəlxalq birlik Gürcüstanın öz ərazi bütövlüyü uğrunda həyata keçirdiyi antiterror əməliyyatını pisləmədi. Bütün beynəlxalq təşkilatlar, dünya liderləri "əməliyyatların tezliklə kəsilməsi, dinc danışıqların aparılması" tərəfdarı kimi çıxış etdilər. Beləliklə, Gürcüstanla oxşar separatizmlə üzləşən Azərbaycan özü üçün qət edə bilər ki, Qarabağın işğaldan azad olunması uğrunda əməliyyatlara başlarkən ona ciddi beynəlxalq qınaq olmayacaq. Əslində bu fikir çoxdan ekspertlərin dilindədir. ********** Bu məsələyə münasibətdə ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayzanın APA-ya açıqlaması diqqəti çəkir. O, Dağlıq Qarabağ və Cənubi Osetiya arasında indiki vəziyyətdə hər hansı paralel aparmaq istəmədiyini bildirib: "Fakt odur ki, indiki halda Cənubi Osetiya Gürcüstana hücum edib"; - ikincisi, gürcü-osetin münaqişəsinin davamiyyətindən asılı olaraq Rusiyanın separatçılara dəstək vermək imkanları aydın olacaq. Bu isə Azərbaycan üçün olduqca əhəmiyyətli bir məsələdir. Azərbaycanın işğalçı Ermənistanın Qarabağdakı qanunsuz birləşmələrinə qarşı aparacağı hərbi əməliyyatlar zamanı Rusiyanın Yerevana göstərə biləcəyi hərbi və siyasi dəstək və bu dəstəyin beynəlxalq təşkilatlar vasitəsilə dəf olunması yollarının aydınlaşdırılması üçün gürcü-osetin münaqişəsinin verəcəyi töhfə olduqca böyükdür; - üçüncüsü, bu tip əməliyyatlar zamanı kimin real dost, kimin gerçək düşmən olduğu üzə çıxır. Hələlik Gürcüstana həyata keçirdiyi əməliyyatlara münasibətdə GUAM-da təmsil olunan ölkələr fəal reaksiya verir. Rəsmi olaraq Azərbaycan və Ukrayna dəstək verir. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bildirib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir və hesab edir ki, münaqişə məhz bu çərçivədə həll olunmalıdır. "Digər tərəfdən Gürcüstanın ərazi bütövlüyünü bərpa etmək üçün tam hüququ var, BMT-nin əsasnaməsi də buna işarədir. Ona görə də Gürcüstanın atdığı addımlar beynəlxalq normalar çərçivəsindədir", - deyə o qeyd edib. GUAM-ın digər üzvü olan Moldova isə məsələyə münasibətdə hələlik neytral mövqedədir və yəqin ki, Kişinyov bu gün öz sözünü deyəcək. Türkiyə isə Gürcüstana "enerji dəstəyini" bəyan edib. Ermənistan və İrandan səs çıxmır. Yerevan "ərazi bütövlüyü" məsələsini dilə gətirməyə qorxur, çünki bu zaman söhbət Azərbaycanın ərazi bütövlüyündən də gedə bilər. İran daha çox neytral mövqedə olmağa üstünlük verir. İndiki situasiyada Tehranın Moskvanı dəstəkləməsi "nüvə məsələsi"ndə İran üçün faydasız olardı. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin isə Saakaşvilini ittiham etməsi yaxın gələcək üçün Tbilisinin Astana ilə bağlı prioritetlərinin müəyyənləşməsində mühüm rol oynayacaq; - dördüncüsü, geosiyasi kəsişmə nöqtəsində olan dövlətlər üçün bu tip münaqişələr fonunda "beynəlxalq siyasi alver" nöqtələri üzə çıxır. Bu kimi addımların dəqiq və düşünülmüş şəkildə atılması dövlətlərin perspektiv imkanlarını təmin edir. Misal üçün, prezident Saakaşvili baş verən hadisələr fonunda İraqdakı 2 minlik hərbi qulluqçusunu bu gün çıxaracağını bəyan etdi. O bildirdi ki, Gürcüstan hazırda Finlandiyanın 1939-cu ildə olduğu vəziyyətdədir. O zaman Finlandiyaya Sovet İttifaqı hücum etmişdi. Onun sözlərinə görə, hazırda Avropa tarixinin həlledici anıdır. Elə dünən axşam saatlarında Gürcüstanın xarici işlər naziri Eka Tkeselaşvili dünya ölkələrini Gürcüstanı Rusiyadan müdafiə etməyə, birbaşa hərbi təcavüzü dayandırmaq üçün Moskvaya təzyiq göstərməyə çağırıb. BAKI EKSPERTLƏRİNİN FİKİRLƏRİ "Cənubi Osetiyadakı son hadisələr haqda yekun nəticə çıxarmaq hələ tezdir. Gürcüstan qüvvələri əvvəllər də Suxumi və Sxinvala daxil olublar, lakin bu, Tbilisi üçün acınacaqlı nəticələrlə başa çatıb". Bu fikri "Turan"ın müxbiri ilə söhbətində politoloq Rasim Musabəyov bildirib. O, Gürcüstanın hazırkı hücumunun Qərb və Rusiya arasında hansısa sözləşmə nəticəsində mümkün olduğuna inanmır. Bununla belə, o, Gürcüstanın bu addımını Rusiyanın Cənubi Osetiyaya yeni silahlı qüvvələr yeritməsinə yol verməmək üçün preventiv tədbir kimi qiymətləndirir. R.Musabəyov hesab edir ki, niyyət tez bir zamanda Roks tunelinə çıxmaq, onu bağlamaq və Rusiyanın quru ilə Cənubi Osetiyaya silahlı qüvvələr keçirməsinin qarşısını almaqdan ibarətdir. Bu vəziyyətdə Rusiya üçün hava-desant əməliyyatı çox da effektli ola bilməz. Çətin ki, Rusiya öz hərbi bazasından Ermənistana qüvvələr göndərə. Rusiya aviasiyasının Gürcüstanın iri şəhərlərini, o cümlədən paytaxtı kütləvi şəkildə bombalaması ehtimalı da azdır, belə ki, bu, Qərbdə kəskin etirazlara səbəb olacaq. Eyni zamanda, R.Musabəyov osetinlərin Tbilisiyə qarşı partizan müharibəsinə başlamasını istisna etmir. Hərbi əməliyyat uğurla başa çatarsa, Tbilisinin Cənubi Osetiya üzərində nəzarətinin bərpası regionda digər münaqişələrə necə təsir edə bilər? Bu suala cavab verən R.Musabəyov belə bir fikir bildirib ki, Gürcüstan çətin ki Abxaziya istiqamətində fəallıq göstərə. Qarabağ münaqişəsinə gəlincə, bir tərəfdən bu, Ermənistan tərəfi ayıldacaq. Digər tərəfdən, Dağlıq Qarabağdakı vəziyyət Cənubi Osetiyadan fərqlənir. Son illər ərzində Ermənistan tərəfi silahlı qüvvələrinin möhkəmlənməsi üzrə tədbirlər həyata keçirib. Bundan başqa, Cənubi Osetiyada bütün bu vaxt ərzində gürcü əhalisi yaşayıb və gürcü hərbçiləri olub, Dağlıq Qarabağda Azərbaycan əhalisi və hərbçiləri yoxdur. Digər bir ekspert, "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Gürcüstan "düzgün nəticə çıxarıb ki, Cənubi Qafqazda yeni hərbi münaqişə Rusiya üçün sərfəli deyil, belə ki, yaranan alov Şimali Qafqaza da keçə bilər". Cənubi Osetiya ilə bağlı Qərb və Rusiya arasında sözləşmə ola biləcəyi haqda suala cavabda ekspert vəziyyəti qiymətləndirməyin hələ tez olduğunu, məntiqi yekunu gözləməyin zəruriliyini bildirib. Əgər Cənubi Osetiyadan sonra Abxaziyada vəziyyət dəyişərsə (bu regionun Gürcüstandan qopardılması), sözləşmə haqqında danışmaq olar. Son vaxtlar Qərb mətbuatında analitiklər Abxaziya və Gürcüstanın Avropa Birliyinə müstəqil dövlətlər kimi inteqrasiyası və onlar arasında Serbiya-Kosovo modeli üzrə münasibətlər qurulması haqqında ideyalar irəli sürürlər. Ə.Oruclu bunu Qarabağ münaqişəsi üçün təhlükəli tendensiya sayır, belə ki, Gürcüstanda bu ssenarinin tətbiqi Qərbə eyni variantı Qarabağda da qəbul etdirmək imkanı yaradacaq. Buna görə də Azərbaycan Qarabağ nizamlanmasında belə ssenarilərə yol verməmək üçün çox diqqətli olmalıdır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar