SON XƏBƏRLƏR

Zənganda səfalət pik həddə: Yoxsul insanlar məişət tullantılarını toplamaqla dolanır

2021.10.20, 07:36
Zənganda səfalət pik həddə: Yoxsul insanlar məişət tullantılarını toplamaqla dolanır

Gunaz.tv

Bu barədə Zəngan Bələdiyyəsi Tullantıların İdarə Edilməsi Təşkilatının rəhbəri Şəhram Fərəhbəxşiyan açıqlama verib.

O, şəhərdə çoxlu sayda insanın məişət tullantılarının toplanılması yolu ilə dolandığını etiraf edib.

Şəhram Fərəhbəxşiyan “İlna” xəbər agentliyinə verdiyi açıqlamada işsizlik və inflyasiyanın kəskin artması nəticəsində əyalətdə zibil axtaran və tullantı toplayanların sayının çoxaldığını deyib.

O, bildirib ki, bu artıq bir peşəyə çevrildiyi üçün bu işlə məşğul olanları sənədləşdirmək üçün tədbirlər görməyə başlanılıb.

Ş.Fərəhbəxşiyan bununla bağlı İranın başqa böyük şəhərlərində tətbiq olunan müxtəlif təcrübələrdən istifadə etdiklərini, cari günəş ilinin sonuna kimi sənədləşdirmə işlərini başa çatdırmaq niyyətində olduqlarını qeyd edib.

“Təəssüflə qeyd edim ki, şəhər ictimaiyyəti məsələyə fərqli yanaşma sərgilədiyindən tullantı toplayanların qeydiyyata alınması, bu məşğuliyyətin sənədləşdirilməsi ilə bağlı atdığımız addımları xoş qarşılamırlar”-deyə, bildirib.

Qeyd edək ki, bir neçə gün öncə İran Statistika Mərkəzinin yaydığı məlumata görə, ölkədə 20 əyalətin əhalisi yaşayış göstəricilərinə görə səfillik səviyyəsində yaşayırlar.

İran Statistika Mərkəzinin son hesablamalarına görə, sentyabr ayının sonunda inflyasiya yüzdə 45,8, işsizlik nisbəti isə 9,6 faizə çatıb. 

Bu səbəbdən bu yayın sonunda ölkədəki səfalət indeksi 55,4 faizə yüksəlib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar