SON XƏBƏRLƏR

ÖZGƏ GÖZDƏ TÜK AXTARAN İRAN Yaxud Şimon Pereslə Serj Sərkisyanın fərqi barədə

2021.10.20, 07:36
ÖZGƏ GÖZDƏ TÜK AXTARAN İRAN Yaxud Şimon Pereslə Serj Sərkisyanın fərqi barədə

Gunaz.tv
İsrail prezidenti Şimon Peresin Bakıya dəvət edilməsi cənub qonşumuzu qəzəbləndirib. Rəsmi Tehran öz silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzaabadinin dilindən Bakıya belə bir mesaj göndərib ki, bu dəvət “müsəlmanlara qarşı xeyirxah iş deyil və Azərbaycanın İranla dostluq münasibətlərinə ziddir”. Tehranın Azərbaycanı generalla qorxutmaq istəməsi təbii ki, yersiz və qabaqdangəlmişlikdir. Ən əvvəl ona görə ki, İsrailin baş naziri və xarici işlər naziri də daxil, yüksək çinli rəsmiləri İranın digər müsəlman qonşusu Türkiyəyə dəfələrlə səfərlər ediblər. Amma nədənsə bu, Tehranda qıcıq və maraq doğurmayıb. Yəqin o səbəbə ki, Türkiyə İran üçün Azərbaycan kimi zəif dövlət deyil. Yaxud əgər Tehran Azərbaycanın şiə ölkəsi olduğunu əsas gətirərək qıcıqlanırsa, o zaman ortaya xeyli sual çıxır: əcəba, ŞİƏ İranı ŞİƏ Azərbaycanın torpaqlarını işğal etmiş və 1 milyon ŞİƏni yurdundan didərgin salmış Ermənistanla niyə 20 ildir isti münasibətdədir? Niyə, nə səbəbə İran təcavüzkara dış qıcamaq əvəzinə, qucaq açır? Nə üçün və kimin acığına işğalçı ölkənin terrorçu prezidentini, əli Xocalı körpələrinin qanına batmış Serj Sərkisyanı Tehrana dəvət edir, yüksək səviyyədə ona qəbul düzənləyir, onu bağrına basır? İranın “müsəlmançılıq” anlayışı zatən bumu? Öz gözündə tiri görməyib də, başqasının gözündə tük axtaran cənub qonşumuzun başbilənlərinə daha bir sual: özünü bizə qardaş ölkə sayan İran bilirmi ki, əgər o da Türkiyə kimi Ermənistanla sərhədlərini bağlı saxlasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan, həm də ədalətli həllini tapmışdı? (Eks-prezident Levon Ter-Petrosyan necə demişdi, “İran bizimçün nəfəslik rolundadır, bu nəfəslik 2-3 günlüyə bağlansa, Ermənistan boğular”). Sözümüzün canı odur ki, İran-Ermənistan dostluğu məgər generalın dediyi “İran-Azərbaycan dostluq münasibətlərinə” zidd deyil ki? Üçüncü yandan, fələstinlilərə qarşı Təl-Əviv hökumətinin zorakılıqlarını zaman-zaman biz də pisləmişik, pisləyəcəyik də. O cümlədən bu ilin əvvəlində Qəzzada törədilən qətliama ən sərt reaksiya verənlərdən biri qəzetimiz olub. Ancaq Azərbaycan torpaqlarını Ermənistan işğal edib, İsrail yox... Rəsmi Tehran İrəvanla isti münasibətlərinə tez-tez belə izah verir ki, o, bütün qonşularla normal münasibətlərin tərəfdarıdır və bu siyasət bölgədə sülhün, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Yenə sual: Ermənistanla “normal münasibətlər” quran Tehran ötən 18 ildə Qarabağ məsələsində hansı köməyi göstərib, müsəlman ölkənin torpaqlarının azad edilməsi üçün öz nüfuzundan istifadə edərək, İrəvana hansısa təsir-təzyiq göstəribmi? Əsla. Çünki İranın Ermənistanla ilişgiləri genişləndirməkdə həmişə bir məramı olub - Azərbaycanın Qarabağ ixtilafından qurtulub güclənməsinə, Güney məsələsinə daha təsirli müdaxilə etməsinə imkan verməmək; münaqişəni “Domokl qılıncı” kimi başımız üstündə saxlamaq. Bu və yalnız bu. NURLAN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar