SON XƏBƏRLƏR

Parad: cəmiyyətin güzgüsünün güzgüsü

2021.10.20, 07:36
Parad: cəmiyyətin güzgüsünün güzgüsü

Gunaz.tv
Parad: cəmiyyətin güzgüsünün güzgüsü 20080613110857_1.jpg 1992-ci ildə "Azadlıq" meydanında Azərbaycan ilk hərbi paradını keçirəndə təbii ki, təsəvvür belə edə bilməzdi ki, meydanın asfaltına tank tırtılı dəyməyəcək. Hər halda, bunu başa düşmək mümkün idi. 1992-ci ildə Azərbaycan yenicə ayağa qalxmağa başlayan ordusunu göstərməyə çalışır, bununla paralel müharibənin getdiyini nəzərə alaraq vətəndaşların vətənpərvərlik ruhunu da qaldırmaq məqsədi güdürdü. 2008-ci ilin prizmasından baxanda təbii ki, məhz həmin dövrün hərbi paradının üstün və mənfi cəhətlərini görmək daha asan idi. İstər şəstlə addımlayan əsgərlərin əynindəki paltarın sırf Azərbaycan hərbi forması olmadığını, hətta parada hazırlaşan əsgərin addımlayarkən çəkməsinin bağının açılması, eləcə də hərbi texnika sürücülərinin özünü sanki paradda yox, gəzintidə hiss edirmiş kimi arxayın oturmasını kiçik səhvlər kimi qələmə vermək olar. Lakin hər halda, bu, bizim İLK paradımız idi. Və təbii ki, tədricən bu məsələdə əyər-əskiklər yığışdırılaraq, vəziyyətin düzəldilməsinə şərait yaradan məqam idi. İlk paraddan 16 il keçir. Bu 16 il ərzində hərbi paradın nə üçün keçirilməməsi ilə bağlı çox mülahizələr irəli sürmək olar. İlk paradın keçirilmə dövrü Azərbaycan ordusunun uğurlu əməliyyatları fonunda keçirildi. Lakin tədricən cəbhədə hərbi və Bakıda siyasi vəziyyətin dəyişməsi paradı bəlkə də sonuncu plana atdı. Tədricən Azərbaycan üçün elə məsələlər prioritet təşkil etməyə başlamışdı ki, artıq hərbi paradın mövcudluğu barədə düşünməyədə dəyməzdi. Neft müüqavilələri, ölkə daxili vəziyyətin stabilləşdirilməsi, xarici münasibətlərin normallaşdırılması istənilən halda Azərbaycanın ayağa qalxması üçün atılması vacib olan addımlar idi ki,bunların fonunda parad elədə böyük əhəmiyyət kəsb etmirdi. Eləcə də müharibədən təzə çıxmış ölkənin Silahlı Qüvvələrinin vəziyyəti istənilən deyildi. Məhz bu baxımdan, ordunun ilk olaraq daxili vəziyyətinin normalaşdırılması vacib idi. Ölkənin iqtisadiyyatının daha yüksək səviyyəyə qalxması artıq hərbi paradın da keçiriməsinə zəmin yaratdı. 16 ildən sonra ordu nəyə qadir olduğunu artıq göstərə bilər. Kimə və nəyi göstərəcək? Bu, elə əsas suallardır. Elə indiyədək ölkə daxilində bu paradın keçirilməsinin lazım olmadığını düşünənlər var. Və müharibədən üzüağ çıxa bilməyən bir ölkənin baş şəhərində tank gurultusunu eşitmək istəməyənlərin bir arqumenti var-«uduzmuş ordu nəyi göstərə bilər»? Bu isə yeganə və yanlış arqumentdən başqa bir məqam deyil. Ən sadəsi ona görə ki, müharibənin başa çatmadığı və atəşkəs müqaviləsinin formal xarakter daşıdığı aydın məsələdir. Eləcə də əhali arasında ordunun nəyə qadir olduğunu ən əvvəl paradda göstərmək daha yerinə düşür. Bununla da orta statistik vətəndaş ordunun reallığını görə bilir. Parada baxıb müəyyən nəticəyə də gəlmək analitik imkanlara malik şəxs üçün elə də çətin deyil. Ordu cəmiyyətin güzgüsü olduğu təqdirdə bu ordudada hər bir məqamın ideallığını axtarmaq düzgün olmazdı. Ordunun generalı da, əsgəri də elə həmin cəmiyyətin üzvüdür. Yeganə fərq onların paltarındadır. Və elə bu paltara olan hörməti qaldırmaq üçün paradın vacibliyi göz qarşısındadır. İyunun 26-sı keçiriləcək parad elə bu sualların cavabını elə hərbçisayağı konkret verə bilər. Lakin bunun üçün parada Gürcüstanda olduğu kimi yalnız əsgərləri və İranda olduğu kimi qoşqu üzərində hərbi texnikanı çıxarmaq düzgün olmazdı. Ən sadəsi ona görə ki, hərbi texnikanı paradda görməyənlər asanlıqla deyə bilər ki, tankımız yoxdur və onu fikrindən daşındırmaq mümkün deyil və qoşqu üzərində tankı görən deyəcək ki, tanklarımız işləmir. Elə bu səbəbləri də nəzərə almaqla Silahlı Qüvvələrin verdiyi məlumatlara inansaq, Bakını möhtəşəm tədbir gözləyir. Artıq bəlli məsələdir ki, paradda nəinki Müdafiə Nazirliyinin, eləcə də bütün güc strukturlarının bölmələri iştirak edcək. Hər halda, Moskvada keçirilən 9 may paradı bir növ əyani vəsait kimi istifadə edilir. Düzdür, ruslar bu parada bütün yox, yalnız ən yeni silah növlərini çıxardı ki, bu da paradın həm də xarici potensial alıcılara istiqamətləndiyini göstərirdi. Buyurun, bu, bizim satışa çıxa bilən T-90 tanklarımız, bu, bizim BMP-3-lərimiz, bu da BMD-4-lərimiz… Azərbaycan təbii ki, parada arsenalında olan hərbi texnikaı çıxarmaqla sadəcə olaraq öz gücünü göstərə bilər. Yeni gəlmişkən, məhz ermənilər də istər İrəvanda, istərsə də Xankədində parad təşkil edir. Paradda nəyi varsa ortaya qoyur və “Varın verən utanmaz” atalar məsəli özünü doğruldur. Elə bu səbəbdən parada təkcə gücün nümayişi deyil, eləcə də tarixə bir baxış formasıdır. Məhz bu səbəbdən rusların 9 may münasibəti ilə keçirdiyi parada tarixə də bir nəzər var idi. Parada çıxan 1941-1945-ic illər Böyük Vətən müharibəsi dövrünün formasında addımlayan əsgərlər və o dövrün bayraqları buna bariz nümunə idi. 2008-ci il Azərbaycanda keçiriləcək hərbi paradda özündə bir çox məqamları birləşdirə bilər. Yaddan çıxarmaq lazım deyil ki, 90 il ərzində Azərbaycanın döyüşçüləri və döyüşləri kifayət qədər olub. Elə ona görə də təsəvvür edin-parada bir balaca kreativ yanaşsaq nə qədər yenilik göstərmək mümkündür. 1918-ci il Azərbaycan ordusunun libasında əsgərlər addımlayır. Onlar üçün hərbi geyimin sifarişini etmək elə də çətin və baha başa gələn deyil. Eləcə də paradda Böyük Vətən Müharibəsində iştirak etmiş veteranlar elə adi mülki paltarda lakin orden və medalları sinəsi düzülmüş halda keçdikdən sonra, Əfqanıstanda iştirak etmiş veteranları da parada dəvət etmək həm onlara göstərilən diqqət, həmdə Azərbaycanın hərb tarixinin çox geniş olduğunu göstərmək imkanı verərdi. Beləliklə, 1918-ci ili əks etdirən formada döyüşçülərin keçidi, Böyük Vətən müharibəsində iştirak etmişlər və Əfqanıstan müharibəsinin veteranları. Və ən maraqlı, bəlkədə ən diqqəti cəlb edən məqam. Müstəqil Azərbaycanın Qarabağ müharibəsinə yollanmış ilk batalyonu. O dövrün formasında və ayaqqabılarında. Eləcə də bayraqlar. Və məhz bayraqlar hər bir dövrü asanlıqla əks etdirə bilər. Məhz birinci batalyon üçün elə həmin dövrlərdə döyüşlərdə iştirak etmiş şəxslər paraddan keçidə cəlb edilsə, daha gözəl və əsaslandırılmış olar. Bu, bir daha bizim tariximizə olan münasibətimizdir. Tarixə nəzər saldıqdan sonra isə ölkənin güc strukturlarının vəhdətini də göstərmək üçün bu keçid əla məqamdır. Müdifiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Sərhəd Qoşunları, Fövqəladə hallar, Ədliyyə, bir sözlə silahla əlaqəsi olan bütün strukturların paradda keçidi onların birliyini göstərə biləcək əla məqamdır. Təbii ki, parada baxanlar bu məqamda daha çox hərbi texnikanın keçidini gözləyir. Çünki məhz hərbi texnika ordunun gücünü göstərə biləcək amildir. Bax elə burada hərbi texnikanı tam göstərmək lazımdır. BRDM-lərdən tutmuş T-72 tanklarına qədər, adi 82 mm-lik minaatanlardan tutmuş 152 mm-lik uzaqvuran toplar , eləcədə QRAD və SMERÇ reaktiv yaylım atəşi komlpekslərinə qədər nümunələri parada buraxma hərbi gücün nümayişidir. Etiraf edək ki, məhz böyük görsənən hərbi texnika daha güclü təsir bağışlayır. Bu eləcə də Hava Hücumundan Müdafiə Qüvvələrinə aiddir. Və təbii ki, Hərbi Hava Qüvvələri. Bütün tip təyyarə və vertoletların uçuşu və yüksək pilotaj fiqurları əsrarəngiz effekt yarada bilər… Lakin bu, hələ son deyil. Parad başa çatdıqdan sonra şəhər əgər belə demək olarsa, hərbçilərə verilməlidir. Başqa sözlə, Milli Park boyu müxtəlif texnika və silahların bir sıraya düzüb şəhər sakinləri üçün bir növ gəzinti növü təşkil etmək olar. Tank, top, raket nümunələrinə kim baxmaq istəməz?!. Eləcə də Azadlıq meydanına iki ədəd Mi-8 və Mİ-24 tipli vertoletların oturması və mülki vətəndaşların onlara baxışı həm ordu ilə mülki əhali arasında əlaqələrin möhkəmlənməsi, eləcə də marağın artması deməkdir. Digər tərəfdən isə şəhərin müxtəlif parklarında elə başqa güc strukturları ilə birgə yüngül atıcı silahların təqdimatını keçirmək, hərbi səhra mətbəxini təşkil etmək və istənilən sakinə əsgər yeməyi təqdim etmək və xüsusi təyinatlıların və kəşfiyyatçıların nümunəvi çıxışlarını təqdim etmək. Hətta bir az da irəli gedərək Bakıya yaxın poliqonlardan birində texnianın nümunəvi təlimini keçirərək arzu edənləri ora tamaşaçı kimi dəvət etmək. Tamaşaçılar kənardan artilleriya və zirehli texnikanın atəş açmasına baxır. Ordu ilə mülki şəxslərin inteqrasiyasına bundan yaxşı necə nail olmaq mümkündür? Eləcə də Təlim Tədris Mərkəzində olan hərbi muzeyə açıq qapı günü keçirmək. İstəyən hərbi muzeyə baxa bilər. Məhz paradın belə formada keçirilməsi və finalın konsert-atəşfəşanlıqla başa çatması əla nəticələr verə bilər. Paradın məqsədi tək güc nümayişi deyil. Həm də ordunun həyatını asanlıqla mülki şəslərə göstərmək mümkündür. Bu isə bizə ordu ilə mülki cəmiyyət arasında olan boşluğu aradan qaldırmaq üçün əla şansdır. Və bu şansdan istifadə etmək üçün əlimizə əla məqam düşüb. İlqar Mikayıloğlu  yenisharq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar