SON XƏBƏRLƏR

“Parlamentdə ana dilinin tədrisi ilə bağlı imza toplanılır” – Ərdəbilin millət vəkili

2021.10.20, 07:36
“Parlamentdə ana dilinin tədrisi ilə bağlı imza toplanılır” – Ərdəbilin millət vəkili

Gunaz.tv

GünAz TV: Ərdəbilin İran parlamentindəki millət vəkili Südeyif Bədri məktəblərdə ana dilinin tədrisi ilə bağlı layihə təklifinin hazırlandığını bildirib.

 

Onun sözlərinə görə, artıq deputatlar layihənin qəbul olunması üçün imza toplayır.

 

S.Bədri aprelin 17-də parlamentin xəbər agentliyi ilə danışığında bildirib ki, bu layihə qəbul olunacağı təqdirdə məktəblərdə müxtəlif qövmlərin ana dilinin tədrisinə şahid olacayıq.

 

“İran İslam Cümhuriyyəti Konstitusiyasının 15-ci maddəsi fars dili ilə yanaşı məktəblərdə qövmlərin dilinin tədris olunmasına icazə verir. Lakin müəyyən məsələr və bəzilərinin dar düşüncəsinə görə bu maddə icra olunmur. Artıq bununla bağlı parlamentdə imza toplanılır, layihəni imzalayan deputatların sayı getdikcə artır. Ümid edirəm ki, bu iş nəticə verəcək və İranın müxtəlif məntəqələrində ana dilinin tədrisinə şahid olacayıq. 15-ci maddənin icrası qövmlərin əsas tələbidir”- deyə o sözlərinin bir hissəsində qeyd edib.

 

Ana dilində təhsil hüququnun beynəlxalq bəyannamələr, insan haqları sənədləri və İranın Konstitusiyasında qeyd olunduğunu deyən millət vəkili bunun ölkənin inkişafına yeni təkan verəcəyini açıqlayıb. O bildirib ki, “ana dilinin tədris olunmaması islam cümhuriyyətinin müəyyən sahələrdə daxili və xarici potensialını məhdudlaşdırıb. Bu məhdudiyyət aradan qalxarsa, ölkənin inkişafı üçün yeni zəmin yaranacaq...”

 

Oxşar layihə 2016-cı ildə İranın Təhsil Nazirliyi tərəfindən hazırlanaraq ölkə prezidenti Həsən Ruhaniyə təqdim olunmuşdur, lakin prezident layihənin icra olunmasına qarşı çıxmışdır.

 

Türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması və türk dilinin tədris olunması azərbaycanlıların əsas tələblərindən biridir. Bu tələblər seçkiqabağı təbliğat-təşviqat dönəmində prezident Həsən Ruhaninin əsas şüarlarına çevrilmişdir. Lakin üstündən təxminən 5 il vaxt keçməsinə rəğmən verilən vədlərin heç biri yerinə yetirilməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar