SON XƏBƏRLƏR

PENTAQON CƏNUBİ QAFQAZDA GENİŞMİQYASLI HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

2021.10.20, 07:36
PENTAQON CƏNUBİ QAFQAZDA GENİŞMİQYASLI HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR

Gunaz.tv
33675_1 PENTAQON CƏNUBİ QAFQAZDA GENİŞMİQYASLI HƏRBİ TƏLİMLƏRƏ BAŞLAYIR Bölgəyə 1000-dən artıq amerikalı hərbçi gəlir. Bu, ABŞ-ın bölgədə ən böyük hərbi mövcudluğu hesab ediləcək C.SÜMƏRİNLİ Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda - konkret olaraq Gürcüstanda genişmiqyaslı hərbi təlimlərə hazırlaşır. Bu barədə www.milaz.info saytına Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib. İyul ayının ortalarında start götürəcək "Immediate Resronse 08" adlandırılacaq təlimlərdə Amerikadan görünməmiş sayda - 1000-dən artıq hərbi qulluqçu iştirak edəcək. Eyni zamanda, hazırda planlaşdırılma mərhələsində olan təlimlərdə Azərbaycan, Gürcüstan və Ermənistandan 1000-ə yaxın hərbi qulluqçunun (hərəsinə təxminən 300-350 nəfər) iştirakı planlaşdırılır. Hazırda bu kvota ilə bağlı müəyyən dəqiqləşdirmələr aparılır. Təlimlərə Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri də qatılacaqlar. ABŞ Silahlı Qüvvələri Avropa Komandanlığının (EUCOM) zabiti - polkovnik-leytenant Edvin Ernandes təlimlərin genişmiqyaslı olacağını, buraya əsasən dəniz və quru qüvvələrinin, xüsusi təyinatlıların cəlb olunacağını deyir. SETAF-ın (Southern Eurorean Task Force) təşkilatçılığı ilə keçiriləcək təlimlər bir neçə həftə davam edəcək. EUCOM rəsmilərinin sözlərinə görə, təlimlərin əsas məqsədi sülhməramlı əməliyyatlara töhfə verən Cənubi Qafqaz ordularının döyüş qüdrətini artırmaqdır. Ernandes bildirib ki, Gürcüstana gələcək hərbi qulluqçuların təminat məsələləri ilə bağlı işlər artıq yekunlaşıb. 2000 nəfərə yaxın hərbi qulluqçuya gün ərzində iki isti yemək (ətlə birgə) veriləcək. Təlimlərin əsas qida təminatına 158.112 funt ayrılıb. 352.000 şüşə su və 660.000 funt dəyərində olan digər qida növləri Almaniyadan yük-kommersiya maşınları vasitəsilə gətiriləcək. Təlimlər üçün 61 ton çəkisində atıcı silahlar və partlayıcı maddələr gətiriləcək. "Bütün bunlar hamısı hesablandıqda aydın olur ki, təlimlərə 7 milyon ABŞ dollarına yaxın vəsait sərf ediləcək", - deyə EUCOM rəsmisi Ernandes bəyan edib. "Ayna" qəzeti bu məsələ ilə bağlı məqalə dərc edən "Stars and Strires" internet dərgisinə diqqət yetirir. Dərgi bildirir ki, EUCOM-un təşəbbüsü ilə keçiriləcək təlimlərdə ABŞ Milli Qvardiyasının, Dəniz Qüvvələrinin əsgərləri iştirak edəcəklər. Qeyd edək ki, "Immediate Resronse" təlimləri EUCOM-un tərəfdaşları ilə keçirdiyi mühüm təlimlərdən biridir. "1000-dən artıq ABŞ hərbi qulluqçusunun təlimlərdə iştirakı Amerikanın regionda ən böyük hərbi mövcudluğu hesab edilə bilər", - deyə SETAF sözçüsü mayor Ryan Dillon bəyan edib. "Biz bir-birimizi yaxından öyrənəcəyik ki, koalisiyada daha yaxşı çalışmaq imkanlarımız olsun. ABŞ-ın istədiyi də elə budur", - deyə o bildirib. Mayor Dillonun sözlərinə görə, təlimlər Gürcüstan - Abxaziya münasibətlərində yaranmış gərginliklə bağlı deyil. Təlimlər Tbilisidən 40 dəqiqəlik məsafədə - Vaziani hərbi bazasında keçiriləcək. Təlimlər bir aya yaxın davam edəcək. Xatırladaq ki, əvvəlki təlimlər Bolqarıstanda (2005 və 2006) və Polşada (2007) keçirilib. "Təlimin məqsədi odur ki, qoşunlar istənilən yad döyüş əməliyyatlarına cəld uyğunlaşdırılsın. Bu istiqamətdə ABŞ-ın metodları fərqlidir", - deyə SETAF-ın planlaşdırma zabiti Deyv Klingman bəyan edib. Bu arada ABŞ-ın Azərbaycanda daha bir neçə radar quraşdırmaq planları barədə məlumatlar yayılıb. Hərbi mənbələrin məlumatına görə, ABŞ Azərbaycanın daha bir neçə rayonunun ərazisində radiolokasiya stansiyaları quraşdıracaq. Məlumata görə, artıq ABŞ mütəxəssisləri Azərbaycan hərbçilərinin iştirakı ilə radarların quraşdırılacağı ərazilərə baxış keçiriblər. Yeni radiolokasiya stansiyalarının Füzuli və ya İmişli, Neftçala, Xanlar rayonlarında quraşdırılacağı bildirilir. Hərbi mənbələr ABŞ-ın Azərbaycana keçmiş sovet ordusundan qalma radiolokasiya stansiyalarının modernləşdirilməsində iştirak etdiyini də qeyd edib. ABŞ-ın Avropa Komandanlığı (EUCOM) Lerik, Salyan və Ağstafadakı radiolokasiya stansiyalarının modernləşdirilməsində iştirakla bağlı öz maraqlarını bəyan ediblər. Bu məqsədlə Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları zabitlərinə bacarıqlarının artırılması məqsədi ilə kurslar keçirilir. Qeyd edək ki, ABŞ 2005-ci ildə Azərbaycanın Xızı və Astara rayonlarında TRML-3D tipli 2 radar quraşdırıb. Radarların Xəzər dənizi üzərində Azərbaycanın hava məkanına nəzarət etdiyi söylənilir. Hazırda Pentaqon Azərbaycanın Kürdəmirdəki hərbi aerodromunun modernləşdirilməsinə də maraq göstərir. ABŞ-ın Azərbaycanda quraşdırdığı TRML-3D tipli radarlar EADS firmasının istehsalıdır. Mobil tipli bu radarlar asanlıqla daşına bilir və 200 km məsafəyə nəzarət imkanına malikdir. Radar müxtəlif hədəfləri, xüsusilə də kiçik, sürətli və alçaqdan uçan təyyarələri, raketləri və helikopterləri aşkarlaya bilir. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar