SON XƏBƏRLƏR

PKK məsələsi mahiyyətini dəyişirmi?.Türk ordusunun son əməliyyatları və Quzey İraqdan maraqlı bəyanatlar

2021.10.20, 07:36
PKK məsələsi mahiyyətini dəyişirmi?.Türk ordusunun son əməliyyatları və Quzey İraqdan maraqlı bəyanatlar

Gunaz.tv
PKK məsələsi mahiyyətini dəyişirmi? Türk ordusunun son əməliyyatları və Quzey İraqdan maraqlı bəyanatlar Türkiyənin daxili siyasi həyatı indi çox qaynardır. AKP-yə qarşı bağlanma davasının açılması ilə qardaş ölkədə çoxlu suallar yaranıb. Ancaq bu coşquluq terrora qarşı mübarizəni zərrə qədər də kölgəyə salmayıb. Türkiyə ordusu bütün istiqamətlərdə PKK-ya qarşı əməliyyatlarını davam etdirir. Öncədən bildirilmişdi ki, bu mübarizə uzun sürəcək. Çünki PKK-ya bir çox ölkələrdən dəstək verirlər. İraqın şimal hissəsində onların mürəkkəb infrastrukturunu yaradıblar. Havadan vurulan obyektlərin sayının çox olması bunu sübut edir. Deməli, bir neçə il müddətində terrorçulara geniş şərait yaradıblar. Məsələ də həmin şəraiti yaradanları məğlub etməkdən ibarətdir. Son olaraq İtaliya bu terror təşkilatına maddi dəstək verən şəxsi Türkiyəyə yox, Fransaya verib. Bunu Türkiyədə çox pis qarşılayıblar. Doğurdan da ortada Avropanın apardığın müəmmalı oyunlardan birinin nümunəsi var. Buna bənzər başqa nümunələr də vardır. Həmin olayların fonunda türk ordusunun İraqın şimalında apardığı hava əməliyyatı diqqətləri çəkib. Türk qırıcıları bir neçə obyekti vurub. Son məlumatlara görə, 150 terrorçu da məhv edilib. Onların sırasında Murad Qarayılanın olduğu haqqında informasiya yayılsa da, ordu mənbələri bunu təsdiqləməyib. Hər bir halda PKK-ya qarşı ağır zərbənin endirildiyi göz qabağındadır. Məhz həmin aspektdə daha çox maraq doğuran Quzey İraqdakı kürd yönətiminin mövqeyidir. Görünür, onlar PKK-nın perspektivinə inamı tam itiriblər. Türk diplomatları İraqa səfəri zamanı Quzey İraqa da baş çəkmişdilər. Onda Nəçrivan Bərzani PKK-ya qarşı türk ordusuna yardım edəcəklərini demişdi. Son hava hərəkatından sonra Məsud Bərzani də kürdlərə müraciət edərək terrordan əl çəkməyə çağırıb. O, bu yolla heç nəyə nail ola bilməyəcəklərini deyib. Bərzani kürdlərin İraqın ərazi bütövlüyünü də dəstəklədiyini söyləyib. Paralel olaraq Türkiyə ilə strateji əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Rəsmi Ankara da İraqla strateji əməkdaşlıq məsələsini müzakirə etməkdədir. Türkiyə hökuməti İraqla bu səviyyədə əlaqələrin qurulması üçün konkret hərəkət etməyə hazır olduğunu bildirmişdi. Bu gedişmələr PKK məsələsinin yeni özəlliklər kəsb etməyə başladığını göstərir. Eyni zamanda, PKK-nın özü bir neçə qola ayrılmağa başlayıb. Onu bəzi xarici qüvvələr təsiri altına salmağa çalışır. O səbəbdən PKK içində liderlik uğrunda savaş da güclənib. Mümkündür ki, bu terorçu qurumun bəzi qanadları tamamilə Rusiya və Ermənistanın təsiri altına düşsün. Hazırda İraqın rəsmi dairələri və bəzi kürd siyasi qüvvələri PKK-nın məhv olmasını istəyirlərsə, bu ehtimal artır. İndi kürdlərin özləri üçün terrorun sərfəli olmadığı aydındır. Onu da deyək ki, bu, PKK-nın terrorçu təşkilat kimi kürdlər tərəfindən tanınması anlamına gəlmir. Onlar sadəcə başqa taktikanı seçməyə üstünlük verirlər. Hər bir halda PKK-nın erməni terroru ilə çulğalaşması ehtimalı daha yüksək səviyyəyə qalxıb. Çox güman ki, Avropadakı bəzi dairələri də məhz bu variant qane edir. Yəni onlar konkret olaraq Türkiyəyə və Azərbaycana qarşı elə bir terror variantı seçirlər ki, özləri pərdə arxasında qalır, ancaq siyasi hədəflərinə çatmaq üçün imkanı da əldən vermirlər. Həmin baxımdan PKK-nın erməni terroruna daha çox bağlanması düşündürücü olmalıdır. Bu terror qurumunun sadəcə başqa variantı qalmır. Bunlar onu göstərir ki, Türkiyənin PKK-ya qarşı mübarizəsi yeni çalar kəsb edə bilər. Belə ki, bu qurumun artıq başqa güclərlə birgə fəaliyyətini davam etdirməsi, mübarizənin miqyasını və üsullarını dəyişir. O baxımdan Dağlıq Qarabağla bağlı yeni məlumatlar meydana çıxa bilər. PKK-nın bu ərazidə bazalarının sayını artırması və əsas meydan kimi istifadə etmək istəməsi vəziyyəti qarışdıra bilər. Azərbaycanın da bu işə daha aktiv qarışması ortaya çıxa bilər. Türkiyənin PKK-nı vurduqca ortaya fərqli məqamların çıxması geosiyasi aspektdə gözlənilməz faktorların mövcudluğunu təsdiqləyir. Bu terrora Avropadan dəstək hələ kəsilməyib. Yaxın illərdə bunu gözləmək sadəlöhvlük olardı. Ancaq proseslər belə getsə, gec və ya tez bu terrorun kökü kəsilməlidir. Buna qarşılıq kimlərinsə yeni terror qurumları yarada bilməsi ehtimalı üzərində ciddi düşünmək lazım gəlir. Çünki rəqib hələ də köhnə niyyətlərindən əl çəkməyən kimi görünür. Orxan Güneyli olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar