SON XƏBƏRLƏR

Pompeo: “Amerika koronavirusun yayılmasının qarşısını almaq üçün İran xalqına hər cürə yardım etməyə hazırdır”

2021.10.20, 07:36
Pompeo: “Amerika koronavirusun yayılmasının qarşısını almaq üçün İran xalqına hər cürə yardım etməyə hazırdır”

Gunaz.tv

GünazTV: ABŞ dövlət katibi Mayk Pompeo fevralın 28-də bəyanat yayaraq İranda sürətlə yayılan koronavirusdan və Amerika hökumətinin virusa qarşı mübarizədə İran xalqına yardım etməyə hazır olduğundan danışıb.

 

Pompeo deyib ki, Amerika hökuməti İran xalqına yardım təklifini İsveçrənin Tehrandakı səfirliyi vasitəsilə rəsmi Tehrana çatdırıb: “Amerika Birləşmiş Ştatları koronavirusun yayılması ucbatından ümumi sağlamlıqla bağlı yaranmış böhranın aradan qaldırılması üçün İran xalqının yanında dayanıb. Amerika hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün İran xalqına hər cürə yardım etməyə hazırdır.

 

Amerika Birləşmiş Ştatları İran rejimindən bütün beynəlxalq səhiyyə və yardım təşkilatları ilə şəffaf və mükəmməl şəkildə əməkdaşlıq etməsini tələb edir. Biz, bu virusun yayılmasının qarşısının alınması istiqamətində region ölkələri ilə yaxından əməkdaşlığımızı davam etdirəcək, onların virusa qarşı mübarizədə bütün ehtiyaclarını təmin etməyə çalışacağıq.

 

İran xalqına yardım etmək istəyən şəxslər bilməlidirlər ki, İrana edilən bəzi humanitar yardımlar, o cümlədən də bu ölkəyə dava-dərman çatdırılması Amerika Birləşmiş Ştatlarının sanksiyalarından azaddır və sanksiyalar bu kimi yardımlara şamil edilmir” -deyə, ABŞ-ın dövlət katibi Mayk Pompeo yaydığı bəyanatında əlavə edib.

 

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 28-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 34-ə, virusa yoluxanların isə 388 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr virusdan ölənlərin və ona yoluxanların sayının dəfələrlə çox olduğunu deyirlər. Həmin mənbələrin bildirdiyinə görə, İran hökuməti virus qurbanlarının sayını az göstərməklə, ölkədə baş verməkdə olan insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar