SON XƏBƏRLƏR

Pompeo: “Baxmayaraq ki, neft tankerlərinə İran hücum edib, lakin biz savaş istəmirik”

2021.10.20, 07:36
Pompeo: “Baxmayaraq ki, neft tankerlərinə İran hücum edib, lakin biz savaş istəmirik”

Gunaz.tv

GünazTV: Amerikanın dövlət katibi Mayk Pompeo iyunun 16-da “Fox News Sunday” telekanalına müsahibəsində İranın Oman körfəzində iki neft tankerinə hücumundan və Tramp hökumətinin buna münasibətindən danışıb.

 

 

O bildirib ki, Oman dənizində Norveçə və Yaponiyaya məxsus iki neft tankerinə hücumda İranın əli olması barədə zərrə qədər şübhə yoxdur: “Lakin buna baxmayaraq, biz savaş istəmirik və prezident Tramp İranla müharibənin qarşısını almaq üçün əlindən gələni edir. Daha doğrusu, Amerika Birləşmiş Ştatları İranla savaşın tərəfdarı deyil.  Bununla belə, Vaşinqton regionda beynəlxalq sularda gəmilərin sərbəst hərəkətinə maneə yaradılmasına imkan verməyəcək, onların təhlükəsizliyini təmin edəcək.

 

 

Mən, Amerikanın məsələ ilə bağlı atacağı növbəti mümkün addımları haqda danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, Amerika Birləşmiş Ştatları dəniz yollarının açıq saxlanılması üçün lazım olan diplomatik addımları atacaq, zərurət yaranarsa, digər tədbirlərə əl atacaq. Hədəfimiz isə bəllidir. İran nüvə silahına yiyələnməməlidir.

 

 

Mən dünən dünyanın müxtəlif ölkələrində olan həmkarlarımla telefon əlaqəsi saxlayaraq bu məsələni müzakirə etmişəm. Əminəm ki, bizim bu kimi təhdidləri dərk edən, onun qarşısını almaq istəyən tərəfdaşlarımız olacaq” –deyə Mayk Pompeo vurğulayıb.  

 

Xatırladaq ki, iyunun 13-də Oman dənizində Yaponiya və Norveçə məxsus iki neft tankerində partlayışlar baş verib və gəmilərdən birində yanğın əmələ gəlib. Gəmilərə bombalı hücum, Yaponiyanın baş naziri Şinzo Abenin Tehranda İranın dini lideri Əli Xamneyi ilə görüşdüyü  vaxta təsadüf edib.

 

 

Rəsmi Tehran neft tankerlərinə qarşı hücumları “şübhəli” adlandıraraq, həmin hücumlarda əli olduğunu təkzib edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar