SON XƏBƏRLƏR

Pompeo ilə britaniyalı və fransalı həmkarları arasında İran rejiminin bədxah siyasətləri ilə bağlı telefon əlaqəsi olub

2021.10.20, 07:36
Pompeo ilə britaniyalı və fransalı həmkarları arasında İran rejiminin bədxah siyasətləri ilə bağlı telefon əlaqəsi olub

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bu gün ayrı-ayrılıqda öz britaniyalı və fransalı həmkarları ilə telefon əlaqəsi yaradıb.

 

O, britaniyalı həmkarı Ceremi Hantla İran rejiminin bədxah və düşmənçilik siyasətləri ilə mübarizə, Suriyadakı vəziyyət, Şimali Koreyanın nüvə proqramı və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb.

 

Pompeo Fransanın xarici işlər naziri Jan-İv Le Drian ilə telefon əlaqəsi zamanı isə Suriya və İraqda DAİŞ-in məğlubiyyətə uğradılması istiqamətində beynəlxalq ictimaiyyətin göstərdiyi cəhdlər ətrafında müzakirələr aparıb. Pompeo həmçinin Fransanın İran tərəfindən himayə edilən terroristlərin Avropa və Yaxın Şərqdə terror fəaliyyətləri ilə mübarizə aparmaq üçün göstərdiyi təlaşlara da toxunub.

 

Baxmayaraq ki, təqribən 1 il öncə Avropa ölkələri ilə Amerika arasında rəsmi Vaşinqtonun İranla 5+1 ölkələri arasında imzalanmış nüvə razılaşmasından çıxması ilə bağlı fikir ayrılığı var idi, lakin son aylar ərzində tərəflərin İranın regionda sabitliyi pozmağa istiqamətlənmiş fəaliyyətləri ətrafında mövqelərinin üst- üstə düşdüyü nəzərə çarpır.

 

Qeyd etmək lazımdır ki, ABŞ 2018-ci ilin may ayında İrana qarşı yenidən sanksiyaların qəbul ediləcəyini elan edərək, nüvə razılaşmasından çıxıb. Bundan sonra 2 mərhələdə rəsmi Tehrana qarşı sanksiyalar qəbul edilib.

 

Amerika bildirir ki, dünyada terrorizmin ən böyük himayədarı olan İran rejimi öz ballistik raket proqramı ilə BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozur və regionda əmin- amanlığı pozmağa istiqamətlənmiş fəaliyyətlər göstərir.

 

Digər tərəfdən, son aylar ərzində İranın Avropada planlaşdırdığı terror hücumları ilə bağlı bir neçə nəfər həbs edilib. İran xüsusi xidmət orqanlarının əməkdaşları və ya casusları olan bu şəxslər Avropa ölkələrində rejim müxaliflərinə qarşı terror hücumları planlaşdırırmışlar. Bu isə öz növbəsində bir neçə Avropa ölkəsinin İrana qarşı diplomatik səviyyədə cavab verməsi ilə nəticələnib. Hətta bir neçə gün öncə Hollandiya İranın bu ölkə ərazisində 2 iranlı müxalifə qarşı terror təşkil edərək öldürməsi ətrafında yaranmış gərginlikdən sonra öz səfirini məsləhətləşmələr aparmaq üçün Tehrandan geri çağırıb.

 

Amerika Birləşmiş Ştatları İran rejimi ilə yenidən razılıq əldə edilməsi üçün 12 şərt irəli sürüb. Bu şərtlər həmçinin İrandan terrorizmə göstərdiyi dəstəyi kəsməyi, regionda qeyri- stabil vəziyyət yaratmaqdan və digər ölkələrin daxili işlərinə qarışmaqdan çəkinməyi, eləcə də Hizbullah terror təşkilatına göstərdiyi hərbi, siyasi və maddi yardımı dayandırmağı tələb edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar