SON XƏBƏRLƏR

Pompeo: “İranın Əl-Qaidə ilə əlaqələri var”

2021.10.20, 07:36
Pompeo: “İranın Əl-Qaidə ilə əlaqələri var”

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo aprelin 10-da Senatın sual-cavab toplantısında İranı Əl-Qaidə terror təşkilatı ilə əlaqələr qurmaqda ittiham edib.

 

Toplantı zamanı respublikaçı senator Ran Paul Pompeodan “2001-ci il 11 sentyabr terrorundan sonra Konqresin gücdən istifadə ilə bağlı verdiyi icazənin İrana qarşı da qəbul edilib-edilməyəcəyi ilə bağlı sual soruşsa da, o, buna qəti cavab verməyib. Dövlət Departamentinin rəhbəri bildirib ki, “bu məsələni hüquq mütəxəssislərinə həvalə etməyə üstünlük verirəm”.

 

“İranın Əl-Qaidə terror qruplaşmaları ilə əlaqəsi tamamilə real məsələdir. Onlar Əl-Qaidəyə ev sahibliyi ediblər, eləcə də qruplaşma üzvlərinin İran daxilindən keçmələrinə icazə veriblər. İslam Respublikası ilə qruplaşma arasında mövcud olan bu əlaqələr tamamilə kəsilməlidir”- deyə Pompeo əlavə edib.

 

Qeyd etmək lazımdır ki, Üsamə bin Ladenin oğlu Həmzə uzun illər İranda yaşayıb və bu ölkənin qoruması altında olub.

 

ABŞ xarici siyasət idarəsinin rəhbəri Ran Paulun prezident Donald Trampın “Sepah”ı terror təşkilatları siyahısına daxil etməsinin İranla müharibə başlatmaq üçün qanuni əsas yaratmaq məqsədi güddüyü ilə bağlı səsləndirdiyi fikri də rədd edərək, bu qərarın digər dəlillərə əsasən qəbul edildiyini bildirib. Onun sözlərinə görə, İraqda rəsmi Tehranın dəstəklədiyi yaraqlılar tərəfindən 600-dən çox amerikalı hərbçinin öldürülməsi də “Sepah”ın terror təşkilatı olduğunu qəbul etməyə əsas verən faktlardan olub.

 

Pompeo prezident Donald Trampın İrana qarşı təzyiqləri daha da şiddətləndirəcəyini bildirib.

 

Xatırladaq ki, aprelin 8-də rəsmi Vaşinqton İran İslam İnqilabı Korpusunu (Sepah-red) terror təşkilatları siyahısına əlavə edib. Bununla da ABŞ tarixdə ilk dəfə olaraq bir ölkənin hərbi birləşməsini terror təşkilatı kimi tanıyıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar