SON XƏBƏRLƏR

Qabil Hüseynli: Ermənilərin təlaşı əsaslıdır

2021.10.20, 07:36
Qabil Hüseynli: Ermənilərin təlaşı əsaslıdır

Gunaz.tv

GünAzTv: Noyabrın 19-20-də Portuqaliyanın paytaxtı Lissabon şəhərində NATO-nun növbəti illik sammiti keçirildi. Alyansın yekun bəyannaməsi qəbul edildi.

GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Sammit ərəfəsində mətbuatda Ermənistan prezidentinin tərəfdaş ölkə kimi Lissabona getmədiyi barədə məlumat yayıldı. Məlumatda bildirilir ki, sammitə qatılmamasının səbəbi alyansın yekun bəyannaməsinin mətni ilə bağlı olub. Layihənin son variantında regiondakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli vacibliyi vurğulanır.

Ermənistan tərəfi bəyannamə layihəsindən bu ifadənin çıxarılmasını tələb etsə də, tələb qəbul olunmayıb. Nəticədə Sərkisyan sammitdə iştirakdan imtina edib. Qeyd edək ki, bəyannamədə Ermənistanı narazı salan müddəanın saxlanılması ilə bağlı başqa versiyalar da var. Bəzi müşahidəçilərə görə, Türkiyə diplomatiyasının rolu olub. Məsələ ilə bağlı söhbət etdiyimiz politoloq Qabil Hüseynli NATO bəyannaməsində münaqişələrin həllində “ərazi bütövlüyü” prinsipinin önə çıxarılmasının təbii qarşılayır. Politoloq hesab edir ki, bəyannamə müasir dünya nizamının tələbidir: “NATO-nun bəyannaməsi özündə Helsinki Bəyannaməsinin ruhunu əks etdirməli idi. Helsinki Bəyannaməsi həm iki siyasi sistem - sosializm və kapitalizm - arasında bir növ barışığın və soyuq müharibənin aradan qaldırılmasının bünövrəsini qoydu, həm də dünyada çalxalanmaların əsas səbəbkarı olan ikinci dünya müharibəsindən sonra formalaşmış sərhədlərin dəyişməzliyi müddəasını irəli sürdü. Lissabon Sammitində də Helsinki ruhunu qoruyub saxlamağa çalışıblar. Və dünya təhlükəsizliyi adı altında toplaşan NATO üzvləri və tərəfdaş ölkələr sözsüz ki, yekun bəyannaməyə ”ərazi bütövlüyü" məsələsini salmalı idilər. Ümumiyyətlə, son 50 ildə dünyanın inkişaf və təhlükəsizlik fəlsəfəsini bütövlükdə ehtiva edən və bu gün də dünyanın inkişafında əsas prinsiplərdən biri kimi qəbul edilən “ərazi bütövlüyü” məsələsi NATO bəyannaməsində əks olunmalı idi. Həm təcavüzə meylli, fövqəlgüc və ya regional güc olmaq üçün başqa ölkələrin ərazilərinə göz dikən və bununla da regional münaqişələr, hətta daha irimiqyaslı savaşlar törədə biləcək ərazi dəyişmələrinin rədd edilməsi və dünya birliyi tərəfindən qəbul edilən sərhədlərin toxunulmazlığı dünyanın bugünkü inkişaf fəlsəfəsinə uyğun olan bir ideyadır. Eyni zamanda dünyanın bir çox bölgələrində baş verən münaqişələri həll etmək üçün yaxşı bir ideya platformasıdır". Həmsöhbətimiz bəyannamədə Ermənistanı narazı salan bəndin olmasında Türkiyənin və yaxud başqa bir ölkənin təsiri olmasını inandırıcı saymır: “Biz bunu Türkiyənin və ya Azərbaycanın diplomatik səylərinə bağlasaq, o zaman bu məsələnin universal dəyər kimi əhəmiyyətini aşağı salmış oluruq. Dövlətlərin ərazi bütövlüyü prinsipi artıq universal dəyərə çevrilib. Və getdikcə daha çox dövlət bu dəyəri qəbul etməyə başlayır. Dünya siyasətinin formalaşdırılmasında, dövlətlərarası siyasətdə bu presedent əsas prinsiplərdən birinə çevrilib. Bu qərarı hər hansı dövlətin ayağına yazmaqdansa, oraya toplaşmış dövlətlərin ümumi baxışlarının bir ifadəsi kimi qəbul etmək daha düzgün olardı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar