SON XƏBƏRLƏR

Qalib gəlmək fəlsəfəsi haqqında. Bir türk taqımının qəlbindəki sevginin gücü

2021.10.20, 07:36
Qalib gəlmək fəlsəfəsi haqqında. Bir türk taqımının qəlbindəki sevginin gücü

Gunaz.tv
Qalib gəlmək fəlsəfəsi haqqında Bir türk taqımının qəlbindəki sevginin gücü "Sonunu düşünən qəhrəman ola bilməz". Mübarizə həmişə ümid tələb edir. İnsan fəaliyyətinin bütün sahələrində bu qayda keçərlidir. Çünki Allah insan üçün o qədər geniş sevgi potensialı verib ki, hər bir vəziyyətdə situasiyanı kəskin dəyişmək ehtimalı qalır. Tarix də hər an və hər zaman sevgi ilə savaşanların qalib gəldiyini sübut etməkdədir. Sonadək mübarizə aparmaq qabiliyyəti olan millətlərin taleyi də xoşbəxt olur. Yetər ki, həmin mübarizənin kökündə Allah sevgisindən qaynaqlanan millət sevdası dursun. Müasir həyat insan fəaliyyətinin bütün sahələrini "qədər savaşı" halına gətirib. Kültür, siyasi, iqtisadi, sosial və sair aspektlər üzrə aparılan savaşların həm də tale üçün həlledici olduğunu qəbul etmək lazım gəlir. Odur ki, hətta futbol oyunları belə millət və dövlətin imici kimi qəbul edilməkdədir. İndi Avropanın mərkəzində təşkil edilən Çempionatda çıxış edən hər bir komandaya həm də millətin təmsili, mübarizə əzmi kimi baxırlar. Türklər bu mübarizədə də tarixə keçdilər. Baş məşqçi Fatih Terim elə bu cür də son oyuna dəyər verib. Bəli, məsələ təkcə oyunun texnik hesabatında deyil - mübarizəyə qoyulan sevgidədir. Türklər Allaha sevgidən qaynaqlanan sevgi ilə milləti və dövləti sevdiklərini bir daha nümayiş etdirdilər. Onların qələbəsinin səbəbi bu sevgidədir. Oyun son 15 dəqiqəyə qədər çexlərin üstün olacağını göstərirdi. Lakin bu, zahiri tərəf idi. Texnikaya, sürətə, oyun taktikasına əsaslanaraq əldə olunan 2 top üstünlüyü gözləri qamaşdırırdı. Gözü qamaşdıran qəlbi qamaşdıra bilmir. Qəlbdə sevgi varsa, onun qalib gələcəyinə heç kəs şübhə etməməlidir. O sevgi futbolda fantastik sayılan 15 dəqiqə ərzində çexlərin bütün insani hesablarını İlahinin alt-üst etməsinə yetdi. Türklər bütün savaşlara "Allah" deyib gedirlər. Bunun mənası və sirri böyükmüş. Bu söz çağırış, sevginin qəlbdə hər zaman, hətta ən böhranlı anlarda, bütün insani dəyərlərin itirildiyi zaman da qaldığını göstərirmiş. Çünki müharibə faktiki olaraq könüllü şəkildə ölümə atılmaq deməkdir. Fiziki ölümə atılan insanın dilində "Allah" kəlməsi, qəlbində İlahi sevgi olursa, o, qalib gəlməlidir. Bəlkə elə buna görədir ki, dünyada heç kəs türk ordusunun taktikasından baş aça bilmir. Bu çempionat öncəsi də İsveçrədən bir məşqçi 3 ay türkləri izlədiyini, ancaq onların taktikasından bir şey baş aça bilmədiyini demişdi. Məsələ türklərin mürəkkəb oyun sxemi və ya ağıla gəlməyən mükəmməl texniki və taktik sistem hazırlamasında deyil. Bizcə, məsələ ondadır ki, insan zəkası Allah sevgisindən qaynaqlanan "taktikləri" dərk etmək iqtidarında deyil və heç vaxt da ola bilməyəcək. Elə buna görədir ki, Uzaq Şərqdən tutmuş Amerika və Afrikaya qədər hər yerdə türk xalqlarının mədəniyyətinə rast gəlmək olur. Özü də hər biri bir incidir. Amurun sahillərində hələ də dünyanı heyrətləndirən şaman kültür nümunələrindən tutmuş Avropaya qədərki yazı və maddi kültür nümunələri tarixin yaddaşının incilərindən xəbər verir. Nə etməli, biz türklərin də tarixi incədən incədir. Bəziləri qadın qarnını yırtıb, körpə qatili olur, bizlər də körpə natillərinin ruhunu təmizləyən millət missiyamızı yerinə yetirməli oluruq. Ağrıyırıq, sızlayırıq, lakin heç vaxt birdəfəlik yıxılmırıq. Çünki qəlbimizdə Allah sevgisi həmişə üstün olur. Türkiyə futbolunun Avropanı fəthi davam edir. İndi türklər "Vyanaya girirlər". O Vyanaya ki, türklərin dövlətçilik tarixində damğası və yeri var. Həmin şəhərdə bir türk əsgərinin boğazını kəsən bir avropalını göstərən tarixi daş var. İndi türklər heç kəsi kəsməyə hazırlaşmırlar. Onlar futbol vasitəsi ilə sevgi, əzm, savaş mədəniyyəti və qalibiyyət fəlsəfəsini göstərmək üçün Vyanaya təkrar "savaşa" gedirlər. Bu savaşın futbol səhifəsində texniki hesabın kimin xeyrinə olacağı baxımından elə bir fərqi yoxdur - ruhi səviyyədə qalib olmağın meyarları başqadır. Ancaq türkləri saya almayanlar bir türk taqımının meydanda necə mücadilə edəcəyini izləyəcək. Bu da nümunədir. Kıbrsıdan tutmuş, Qarabağa, Təbrizə və Kərkükə qədər hər yer üçün nümunədir. Türk sevgi ilə savaşırsa, həmişə qalib gəlir. Millətin ruhunu oyadan və onu hərəkət gətirən bu sevgi üçün ölməyə dəyər. Hər zaman dəyər! Füzuli Qurbanov olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar