SON XƏBƏRLƏR

QARABAĞ SEPARATÇILARI NƏYƏ ÜMİD EDİRLƏR?

2021.10.20, 07:36
QARABAĞ SEPARATÇILARI NƏYƏ ÜMİD EDİRLƏR?

Gunaz.tv
QARABAĞ SEPARATÇILARI NƏYƏ ÜMİD EDİRLƏR? 34230_1 Rusiya qəzeti Qarabağ separatçılarının hərbi gücündən yazıb. Onların zəif cəhətləri aşkarlanıb C.MƏMMƏDOV Bu günlərdə Rusiyanın "Nezavisimaya qazeta"sının əməkdaşı Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ ərazisinə səfər edib. Hərbi jurnalist Oleq Vladıkin Qarabağ separatçılarının rəhbərliyi ilə görüşüb və bölgənin mövcud durumu ilə bağlı fikirləri qələmə alıb. "Toçka nevozvrata blizka" ("Qayıdışın mümkünsüzlük nöqtəsi yaxındır") başlıqlı məqalənin alt başlığında "Qarabağ qarşıdurması yenidən qaynar mərhələyə qədəm qoya bilər" qeyd edilir. Məqalədə rusiyalı jurnalistin Qarabağ separatçılarına isti münasibəti nəzərə çarpır. Lakin buna baxmayaraq, hazırda Qarabağda baş verənlər, xüsusilə separatçıların bugünkü durumu ilə bağlı müəyyən bilgiləri əldə etmək baxımından məqalədə bir sıra məqamları nəzərdən keçirmək zərurəti yaranır. Müəllif bildirir ki, Ermənistan və Azərbaycan prezidentlərinin bu yaxınlarda Sankt-Peterburqda keçirdikləri görüş diplomatik səciyyə daşıyıb. "Bu görüş hələlik münaqişənin süst vəziyyətindən qaynar mərhələyə keçid ehtimalını azaltmır. Tərəflərin son illər ərzində hərbi potensiallarını artırması vəziyyətin hər an gərgin xarakter alacağına imkan yaradır" deyən müəllif bildirir ki, neftdən gələn gəlirlərin artması Azərbaycanı daha inamlı edir. "Ümumiyyətlə, bu gün azərbaycanlıların böyük əksəriyyəti itirilmiş ərazilərin güc yolu ilə qaytarılmasının tərəfdarıdır. Hakimiyyət cəmiyyətdə belə əhval-ruhiyyənin olmasına müdafiəyə çəkilən xərcləri artırmaqla və ordunu müasirləşdirməklə tam dəstək verir. Rəsmi mənbələrin məlumatına görə, son 5 il ərzində Azərbaycanın hərbi xərcləri 8 dəfə artıb və bu il 1,2 milyard dollara çatıb. Bu yaxınlarda İ.Əliyev 2008-ci ilin büdcəsinə yenidən baxılacağını və müdafiə xərclərinin 2 milyard dollara qədər artırılacağını bəyan edib", - deyə müəllif yazır. Qəzetdə bu gün 95 min nəfərlik Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələri (56 min nəfər) üzərində tam üstünlüyə malik olduğu qeyd edilib. "Neft pulları xaricdən ən müasir hərbi texnikanın alınmasına və Azərbaycanın hərbi təyinatlı məhsullar istehsal etməsinə sərf olunacaq. Belə ki, 2007-ci ildə Azərbaycan müəssisələri tərəfindən 29 adda silah və döyüş sursatının seriya istehsalına başlanılması elan edildi. 2008-ci ildə isə dövlət müdafiə sifarişi əsasında müdafiə xarakterli 80 yeni məhsulun istehsal edilməsi nəzərdə tutulub. Əsas üstünlük müdafiə potensialının keyfiyyətinin artırılmasına verilir. Bu o deməkdir ki, Azərbaycan indiyədək erməni tərəfinin hesab etdiyi üstünlükləri gölkədə qoymaq istəyir. Azərbaycanın gələcəkdə bunu sübut etməsi mümkündür", - deyə qəzetdə qeyd edilir. Müəllif bildirir ki, bu gün Ermənistanın və Azərbaycanın hərbi potensiallarının müqayisəli qiymətləndirilməsi siyasi səbəblərdən müəyyən fikir ayrılıqları yaradır. "Ermənistan Avropada adi silahlı qüvvələrə dair cinah sazişində ona ayrılmış kvotaya əməl etdiyini bəyan edir. Amma heç kimin tanımadığı Dağlıq Qarabağda cəmləşən silah və texnikanın cinah sazişinə uyğun olub-olmamasını kimdənsə soruşmaq mümkün olmur. Qarabağdakı silahlı qüvvələri və hərbi texnikanı Ermənistanınkının üstünə gəlmək də problematikdir. Eyni zamanda, qeyri-rəsmi erməni ordusu Qarabağın müəyyən olunmamış statusu çərçivəsində Azərbaycanın 7 rayonunu nəzarətdə saxlayır", - deyə qeyd edilir. Rusiyalı jurnalist Qarabağ separatçılarının "müdafiə naziri" Movses Akopyanla görüşüb. Onunla söhbətində separatçıların hərbi qüvvələri, ümumiyyətlə, onlarda hərbi əhval-ruhiyyə ilə bağlı müəyyən məlumatlar üzə çıxıb: - birincisi, Qarabağ separatçılarında Azərbaycan - Ermənistan münaqişəsinin alovlanacağına inam çoxdur. Akopyan bildirib ki, "biz müharibəni hər gün gözləyirik. Çünki Azərbaycan dəfələrlə bəyan edib ki, zərurət olduqda, döyüş əməliyyatlarına başlayacaq". - ikincisi, Qarabağ separatçıları bəyan edirlər ki, daha möhkəmləndirilmiş mövqelər Qarabağın ətrafında zəbt olunmuş ərazilərdədir. Ermənilər bu əraziləri "təhlükəsizlik qurşağı" adlandırırlar. Müəllif bildirir ki, "ermənilər tərəfindən tam zəbt olunmuş Laçın, Kəlbəcər, Qubadlı, Zənginlan, Cəbrayıl və qismən zəbt olunmuş Ağdam və Füzuli rayonları qarşı tərəfi Qarabağın yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına imkan vermir". - üçüncüsü, qarabağlı "nazir" rusiyalı jurnalisti ön xətdəki səngərə aparıb ki, Azərbaycan hərbçiləri tərəfindən açılan atəşi ona nümayiş etdirsin. Lakin bu baş verməyib. Belə olduqda martın 3-4-də cəbhə xəttində baş vermiş atışma ilə bağlı rusiyalı jurnalistə növbəti "nağıl" danışılıb. - dördüncüsü, Qarabağ separatçılarının lideri Bako Saakyan cəbhə xəttində hər an baş verə biləcək gərginlikdən ehtiyat etdiyini bildirib. O, Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarını əsas gətirib. - beşincisi, Qarabağın hərbi liderləri bəyan edirlər ki, onların "silahlı qüvvələri" postsovet məkanında, hətta Rusiya ilə müqayisədə "ən döyüş qabiliyyətli" qüvvələrdir. Bununla yanaşı, Akopyan bildirib ki, Qarabağ separatçılarının sərəncamında T-72 tankları var, lakin onlar müasirləşdirilməyiblər. Eyni zamanda, onlar həmin tankların sayı barədə konkret rəqəm bildirməkdən çəkiniblər. - altıncısı, müəllif müstəqil mənbələrə istinadən bildirir ki, Qarabağda 600 ədəd zirehli texnika var, onlardan ən azı 200-ü tanklar, qalanlar PDM və zirehli transportyorlardır. Müəllif Ermənistanın tankları ilə Qarabağ separatçılarının döyüş texnikasını cəmləyir və bildirir ki, Ermənistan və Azərbaycanın hərbi texnikasının sayı, demək olar, bərabərdir. Eyni zamanda, qeyd edilir ki, Azərbaycan cinah sazişinin tələblərini yerinə yetirmək məcburiyyətində olduğundan özünün hərbi texnikasını həm də Daxili Qoşunlarda və Sərhəd Qoşunlarında yerləşdirir. - yeddincisi, müəllif qeyd edir ki, Qarabağ separatçılarının məxsusi döyüş aviasiyası yoxdur. Ermənistan isə bu cəhətdən zəifdir, Qarabağa yardımçı ola bilməyəcək. - səkkizincisi, separatçılar bildiriblər ki, onlar atəşkəs dövründə döyüş mövqelərini möhkəmləndiriblər, beton sığınacaqlar, çoxsıralı tankəleyhinə maneələr yaradılıb. Ermənilər hesablayıblar ki, guya, hücum edən qüvvənin üçqat üstünlüyü şəraitində belə, Qarabağ separatçılarının müdafiəsini yarmaq çətin olacaq. - doqquzuncusu, müəllif bildirir ki, Qarabağda 26 min erməni hərbi qulluqçusu xidmət edir, onun üzərinə 56 min nəfərlik Ermənistan ordusunun əsgəri əlavə edilsə, Azərbaycan və erməni hərbi qulluqçularının sayında o qədər də fərq olmayacaq. - onuncusu, müəllif bildirir ki, 2008-ci ildə Ermənistanın Qarabağla bir yerdə hərbi büdcəsi 1 milyard dollara çatacaq. Bu, ABŞ, Avropa və Rusiyadakı erməni diasporunun güclü maliyyə dəstəyi nəticəsində mümkün olub. - nəhayət, Qarabağ separatçıları Ermənistanın hərbi dəstəyinə arxalandıqlarını bildirirlər. "Nezavisimaya qazeta" yazır ki, bu gün Azərbaycan - Ermənistan münaqişəsinin yenidən alovlanması ehtimalı çox böyükdür. Amma bunun qarşısının alınması üçün iki ölkə rəhbərliyi arasında danışıqların davam etdirilməsi zəruridir. Yeri gəlmişkən, Beynəlxalq Böhran Qrupunun Avropa Proqramının direktoru Sabina Freyzer APA-ya açıqlamasında bildirib ki, Ermənistanın yeni seçilmiş prezidenti və Azərbaycanın dövlət başçısının dialoq prosesini yenidən canlandırması mümkündür. O, Ermənistanda hakimiyyət dəyişikliyinin bu ölkənin xarici siyasət kursuna o qədər də təsir etməyəcəyini bildirib: "Serj Sərkisyanın prezident seçilməsi ilə Ermənistanın siyasətinə böyük dəyişikliklərin baş verəcəyini gözləmək düzgün olmazdı. Dialoq prosesini canlandıracaq kiçik dəyişikliklərin olması mümkündür. Danışıqlarda Azərbaycan və Ermənistan arasında əsas fikir ayrılığı Dağlıq Qarabağın mümkün statusu ilə bağlıdır. Ermənistan Dağlıq Qarabağa müstəqillik verilməsini danışıqların baza prinsiplərinə daxil olunmasını istəyir, Azərbaycan isə qəti şəkildə bunun əleyhinə çıxır. Fikrimcə, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini hər iki ölkə və xalq arasında qarşılıqlı etimad mühiti formalaşdıqdan sonrakı dövrə saxlamaq lazımdır". ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar