SON XƏBƏRLƏR

Qarabağ üçün "pilot sülh"..._Həmsədrlər Xankəndidə müştərək siyasi idarəçiliyin yaradılmasını təklif ediblər. Bakı rədd edir

2021.10.20, 07:36
Qarabağ üçün "pilot sülh"..._Həmsədrlər Xankəndidə müştərək siyasi idarəçiliyin yaradılmasını təklif ediblər. Bakı rədd edir

Gunaz.tv
Qarabağ üçün "pilot sülh"... Həmsədrlər Xankəndidə müştərək siyasi idarəçiliyin yaradılmasını təklif ediblər. Bakı rədd edir ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona son səfərləri Qarabağ danışıqlarına yenilik gətirmədi. Əksinə, bu səfərdən sonra beynəlxalq dairələrdə münaqişənin tezliklə həll olunacağına dair ümidlər bir qədər də azalmağa başlayıb. Düzdür, həmsədrlər səfərlərinin sonunda Bakı və İrəvanda eşitdikləri "təzə fikirləri" nəzərə alaraq, təkliflərini yenidən işləyəcəklərini bildirdilər. Ancaq artıq gizli deyil ki, həmsədrlərin hazırladıqları "Madrid sənədi" artıq mahiyyətini dəyişib. Münaqişə tərəflərinin yeni təkliflərini də əlavə etdikdə sənəddəki baza prinsiplərinin sayı 10-dan 15-ə çatıb. Ystəlik, Rusiyalı həmsədr Yuri Merzlyakov deyir ki, onlardan 4-ü üzərində fikir ayrılığı var. Bəs nə üçün vasitəçilər bu dəfə də tərəfləri sülhə inandıra bilmədilər? Dünən "Ekspress"in əməkdaşı Bakıda çalışan Qərb ölkələrindən birinin diplomatından sülh danışıqlarının detalları ilə bağlı bəzi məqamları öyrənə bilib. "Qarabağ münaqişəsinin çözümü ətrafında son siyasi həmlələrin məqsədi ABŞ prezidenti Corc Buş bu il hakimiyyət müddətini başa vurana qədər bölgədə aralıq sülh modelinin tətbiqinə nail olmaq idi", - deyə adının hallanmasını istəməyən mənbə vurğulayıb. O diqqəti buna yönəldib ki, həmsədrlər son təkliflərinin mahiyyətini açıqlamamaqla Azərbaycan və Ermənistan prezidentlərinə müstəqil qərar vermələri üçün şərait yaratmaq istəyirdilər, lakin rusiyalı həmsədr Yuri Merzlyakov da Xankəndidəki mətbuat konfrasında bu barədə az qala ağzından qaçıracaqdı. Rus diplomat bildirmişdi ki, Dağlıq Qarabağın gələcək statusu üçün dünyada mövcud olan heç bir model əsas götürülmür, belə presedent yalnız Qarabağın özü ola bilər. "Vasitəçilər hələ ötən ilin yayından hazırlamağa başladıqları yeni modelə əsasən, bu ilin içində Dağlıq Qarabağda - Xankəndidə həm Azərbaycan, həm də erməni icmasının maraqlarını təmsil edəcək müştərək siyasi idarəçiliyin ortaya çıxa biləcəyinə əmin idilər", - mənbə vurğulayıb və ötən ilin avqust ayında Azərbaycan və erməni ziyalılarının qarşılıqlı təmaslarına işarə edib. Konkret statusu olmayacaq bu idarəçiliyin Qarabağda birgə yaşayışın "sınaqdan keçirilməsi" adı ilə xidmət göstərəcəyi bildirilirdi. "Nəticə olaraq, heç nə dəyişmirdi. Sadəcə, bölgədə müvəqqəti sülh şəraiti yaradılmalı və gözlənilən effekti versə, bu mexanizmin uzunmüddətli tətbiq olunacağı gözlənilirdi", - mənbə vurğulayıb. Onun fikrincə, bu, "pilot layihə" idi: "Amma tərəflər, ilk növbədə Azərbaycan bu variantı rədd edib". Bəzi müşahidəçilərə görə, Ermənistanda prezident postunu Köçəryandan təhvil almış Serj Sяrkisyan da azərbaycanlı həmkarı ilə müəyyən anlaşmaya gedə bilərdi. Amma Bakıda hesab edirlər ki, Dağlıq Qarabağın statusu kimi ana məsələni həll etmədən belə sülh görüntü üçündür və bu, "boş gurultu"dan başqa bir şey deyil. Bu arada, regiona səfərini başa vurduqdan sonra Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza erməni jurnalistlərilə söhbətdə Qarabağ məsələsilə bağlı "vəziyyətin qənaətbəxş olduğunu" bildirib: "Əsas budur ki, tərəflər sülhə sadiqdirlər. Mən prezidentlərin və xarici işlər nazirlərinin danışıqların davamına marağını görmüşəm". Həmsədr optimizmini itirməsə də, münaqişənin nə vaxt həll olunacağını deməyə cəsarət etməyib: "Həm Ermənistanda, həm də Azərbaycanda demokratiya inkişaf edir, seçkilər keçirilir, bu, yaxşı haldır. Mən hiss edirəm ki, problem həll olunacaq, amma nə vaxt, demək çətindir". Eyni zamanda, Brayza bəyan edib ki, problemin həlli Helsinki aktının yekun prinsiplərini əhatə edən kompromis varianta yaxındır: "Söhbət ərazi bütövlüyü və öz müqəddəratını azad təyinetmə hüqüqu və silahlı qüvvənin tətbiq olunmaması prinisiplərinin vacibliyindən gedir. Yuxarıda göstərilən üç prinsipi əhatə edən kompromis varianta məhz Qarabağ problemi daha yaxındır". Brayza bir daha vurğulayıb ki, sülhün əldə olunması üçün vasitəçilərdən çox, tərəflərin siyasi iradasi lazımdır. Münaqişənin hərbi yolla həlli barədə çağırışları şərh edərkən isə Brayza, bu cür bəyanatları eşitdiyini, amma sözlərin həmişə hərəkətdə ifadə olunmadığını bildirib. Həmsədr gələcək sazişin hansı prinsipinin və ya elementinin razılaşdırılmamış qaldığını dəqiqləşdirməkdən yayınıb: "Biz razılaşmanın rəsmiləşdirilməsinin texniki detallarını müzakirə edirik. Lakin bu razılaşmanın şərhləri və xülasələri müxtəlif ola bilər". Kosovo variantının Qarabağ münaqişəsində presedent yaradacağı barədə fikirlərə də amerikalı diplomatın münasibəti neqativdir. Belə ki, dünyada mövcud olan hər bir münaqişənin öz xarakteri var, bu və digər nizamlanmanı model kimi istifadə etmək olmaz: "Əsas ideyalar üzrə fikir ayrılıqlarının həlli üçün bir neçə texniki element var. Hesab edirəm ki, biz bu və ya digər dərəcədə ümumi dil tapmışıq, tərəflər arasında dərin fikir ayrılığı yoxdur". Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar