SON XƏBƏRLƏR

Qarabağa Tatarıstan modeli yaraşır?

2021.10.20, 07:36
Qarabağa Tatarıstan modeli yaraşır?

Gunaz.tv
Qarabağa Tatarıstan modeli yaraşır? Qabil Hüseynli: "Dağlıq Qarabağa hansı modelin tətbiq ediləcəyinin fərqi yoxdur" Zərdüşt Əlizadə: "Arxasında böyük qüvvələrin dayandığı işğalçı dövlət açıqdan-açığa deyir ki, gücün varsa, gəl torpaqlarını al" Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirləri səviyyəsində danışıqlar olub. Görüşdən sonra KİV-ə açıqlama verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağın statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğumuzu bir daha bəyan edib. Nazir erməni tərəfin diqqətinə onu da çatdırıb ki, rəsmi Bakı dünyada mövcud olan bütün modellərin üzərində işləməyə hazırdır. Bu istiqamətdə hətta Tatarıstan modeli danışıqların mövzusu ola bilər. Maraqlıdır ki, Azərbaycan rəsmisinin təklifinə qarşı tərəfdən heç bir reaksiya göstərilməyib. Rusiyadan olan politoloq Sergey Markedarov isə hesab edir ki, Tatarıstan muxtariyyat modeli Dağlıq Qarabağa uyğun gəlmir. O, fikrini Tatarıstanda hərbi konfliktin və münaqişə qurbanlarının olmaması ilə əsaslandırıb. Dağlıq Qarabağın statusu ilə bağlı indiyədək müxtəlif modellərin adı çəkilsə də, Tatarıstan variantı ilk dəfədir ki, hallanır. Belə bir modelin tətbiqi Azərbaycan üçün nə verə bilər? Politoloq Qabil Hüseynlinin fikrincə, əsas məsələ Azərbaycanın ərazi bütövlüyüdür: "Dağlıq Qarabağa hansı modelin tətbiq ediləcəyinin fərqi yoxdur. Azərbaycanın ərazi bütövlüyü üçün istənilən modellə razılaşmaq olar. Əlbəttə ki, ermənilər daha çox şeyə iddia edə bilər. Hesab edirəm ki, ermənilər üçün bundan artıq status ola bilməz" . Rusiyalı politoloqun açıqlamasına münasibət bildirən Q.Hüseynli bunu ermənilərə ünvanlanan təlimat kimi dəyərləndirir. "Rusiya bütün hallarda Ermənistanın adından danışmaq hüququnu özündə saxlayır. Bu açıqlama ilə ermənilərə deyilir ki, Tatarıstan modeli ilə bağlı heç bir razılıq ola bilməz". Politoloq Zərdüşt Əlizadə isə Azərbaycanın ərazi bütövlüyü qorunsa belə, Tatarıstan modelinin Azərbaycanın mənafeyinə zidd olduğunu bildirir: "Rusiya Federativ Respublika, Tatarıstan isə federativ qurumdu. Dağlıq Qarabağa bu modelin tətbiq edilməsi Azərbaycanın federativləşməsinə gətirib çıxaracaq. Konstitusiyamızda isə göstərilir ki, Azərbaycan unitar dövlətdir. Digər tərəfdən, ən yüksək status olsa belə, Ermənistanın bununla razılaşması real görünmür. Arxasında böyük qüvvələrin dayandığı işğalçı dövlət açıqdan-açığa deyir ki, gücün varsa, gəl torpaqlarını al. Ona görə də bütün diqqətimizi Azərbaycanın inkişafına, ordunun güclənməsinə yönəltməliyik. Sülh danışıqları yalnız vaxt almağa xidmət edir". Ömər Əmirli www.adalet-az.com

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar