SON XƏBƏRLƏR

QARABAĞDA MEMARLIQ İRSİNİN DAĞIDILMASINA DÜNYA GÖZ YUMUR

2021.10.20, 07:36
QARABAĞDA MEMARLIQ İRSİNİN DAĞIDILMASINA DÜNYA GÖZ YUMUR

Gunaz.tv
"QARABAĞDA MEMARLIQ İRSİNİN DAĞIDILMASINA DÜNYA GÖZ YUMUR" 34022_1 Türkiyə Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Dəmirçi deyir ki, ən təsirli bir şəkildə səsimizi dünyaya eşitdirməliyik Ələskər ƏLƏSKƏRLİ, Ankara Bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dünyası Memarlıq və Şəhərçilik Qurultayı işini başa çatdırdı. Qurultayda 17 ölkə və toplumdan nümayəndələr iştirak etdi. Tədbirin təşkilatçılarından olan Türkiyə Mühəndislər və Memarlar Birliyinin sədri İlyas Dəmirçi ilə müsahibəmizdə qurultayla bağlı maraqlı məqamlara aydınlıq gətirdik. - Türk Dünyasının mədəni həyatında əhəmiyyətli bir hadisə kimi qalacaq bu qurultayın əsas məqsədi nədən ibarətdir? - Bildiyimiz kimi, üç qitəyə (Asiya, Avropa, Afrika) yayılmış türk memarlıq əsərlərinin dünya gündəminə gətirilərək varlıqlarının müəyyən edilməsi, müzakirəsi, qeydiyyatının aparılması və bütün bunların elmi metodlarla yerinə yetirilməsi böyük əhəmiyyətə malik məsələdir. Memarlıq əsərləri də hər şey kimi fanidir, öz mövcudluğunu müəyyən zaman davam etdirir, müəyyən zaman içində bəzən xarici amillərin təsiri ilə, bəzən isə ideoloji səbəblər üzündən yox olur. Xüsusi ilə son illərdə dövlətlərarası siyasi ziddiyyətlər üzündən türk və islam xarakteri daşıyan bir çox önəmli əsərlər yer üzündən silinmişdir. Buna görə də türk dünyasında, türk mədəniyyətinin izlərini daşıyan torpaqlarda memarlıq əsərlərinin dünəni, bu günü və gələcəyi baxımından bu cür tədbirlərin əhəmiyyəti böyükdür. Türk Dünyası Memarlıq və Şəhərçilik Qurultayı Türkiyə Mühəndislər və Memarlar Birliyinin rəhbərliyi altında Abadlaşdırma və Məskunlaşdırma Nazirliyi, Mədəniyyət Nazirliyi, TÜRKSOY və Keçiörən Bələdiyyəsinin fəal iştirakı ilə keçirildi. Üç gün davam edən bu qurultay tarixi Türk Ocağı (Dövlət Rəsm və Heykəl Muzeyi) salonlarında keçirildi. Zənnimcə, qurultay "Dildə, fikirdə, işdə birlik" düşüncələrinin memarlıq və şəhərçilik sahəsinə daşınması baxımından önəmli hadisədir. - Qurultayda müxtəlif ölkələrdən çox sayda nümayəndə iştirak edirdi. Amma Azərbaycan mövzusunun daha qabarıq olduğunu müşahidə etdik. - Tamamilə doğrudur. Əvvəla, Tatarıstan, Orta Asiya, Qafqazdan, qısası, türk dünyasının dörd bir tərəfindən təşrif buyurmuş dəyərli dostlarımızın hamısına təşəkkür edirəm. Memarlıq və şəhərçilik mövzularının elmi və təcrübi baxımdan müzakirəyə çıxarıldığı bu qurultayda 17 ölkədən 40 mütəxəssis iştirak edirdi. Buna bənzər elmi qurultayların hər zaman bir ana mövzusu olur. Bu qurultayın da ana mövzusu Azərbaycan və özəlliklə Qarabağ idi. Qarabağın dağıdılmış, düşmən tərəfindən yox etdirilməyə çalışılan memarlıq mirası idi. Təəssüf ki, beynəlxalq təşkilatlar, dünyanın böyük dövlətləri bu məsələdə susmaqda davam edir, bu fəlakəti və cinayəti görmək istəmirlər. Buna baxmayaraq, biz ən təsirli bir şəkildə səsimizi dünyaya eşitdirməliyik. Məncə, biz dünyada bu sahədə fəaliyyət göstərən tanınmış, obyektiv elm adamlarının iştirakı ilə ciddi beynəlxalq konfranslar keçirməliyik. - Sizcə, bu toplantının Azərbaycanda keçirilməsi daha məqsədəuyğun deyilmi? Məncə, 17 ölkədən nümayəndənin iştirak etdiyi bu mötəbər tədbir, sadəcə, memarlıq problemləri baxımından deyil, ümumiyyətlə, Qarabağ məsələsi baxımından çox faydalı ola bilərdi. - Əslində biz bu qurultayın Azərbaycanda keçirilməsini istəyirdik. Qurultayın təşkilat komitəsi hətta Azərbaycandan tərəfdaş təşkilat olaraq Azərbaycan İnşaat Mühəndisləri Universiteti ilə görüşdü və universitet rəhbərliyi bu təklifimizi müsbət qarşıladı. Qarşılıqlı görüşlər, toplantılar keçirildi. Qurultayın elmi məsələləri barədə tam bir fikir birliyinə vardıq. Lakin qurultayın ciddi qarşılanması üçün beynəlxalq səviyyədə tanınan ciddi bir təşkilatın ortaqlığına ehtiyac vardı. Bunun üçün Heydər Əliyev Fondunu ortaqlığa dəvət etdik. Məqsədimizi açıqladıq və bu qurultayda Qarabağın tarixi-memarlıq abidələrini, düşmənlər tərəfindən yox edilməyə çalışılan mədəni irsimizi dünyaya tanıtmaq və qısası, bir daha səsimizi dünya ictimaiyyətinə çatdırmaq istədiyimizi söylədik. Görüşlərdə millət vəkili Qənirə Paşayeva məsələni fondun rəhbəri hörmətli Mehriban xanım Əliyevaya çatdıracağını bildirdi. Çox uzun zaman keçdi və heç bir cavab gəlmədi. Biz məsələnin çatdırılmadığı qənaətinə gəldik. Təşkilat komitəmiz Türkiyənin ən yüksək səviyyəli mühəndis bürokratlarından təşkil olunmuşdur. Bundan əlavə bir neçə nazir müavini də bu komitədə yer almaqdadır. Doğrusu, belə bir münasibət bizi çox məyus etdi. Bundan sonrakı qurultayların Assambleya tərəfindən hər il başqa-başqa ölkələrdə keçiriləcəyi üçün bəlkə də Azərbaycana uzun illərdən sonra növbə çatacaq. - Növbəti qurultayın keçiriləcəyi məkan məsələsində hansı qərar verildi? - Növbəti qurultayımız 2010-cu ildə Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək. Şəhərsalma ilə bağlı Astanadakı yenilikləri dəstəkləmək üçün əsas mövzu olaraq "Modern türk şəhərçiliyində parametrlər" mövzusu seçilmişdir. Aldığımız bu qərar TÜRKSOY-un koordinatorluğunda Türkiyə və Qazaxıstan tərəfləri arasında müvafiq protokol imzalandıqdan sonra qüvvəyə minəcək. - Türk dünyası memarlıq və şəhərçilik problemləri ilə bağlı hansı işləri planlaşdırmısınız? Türk dünyasının, xüsusi ilə türk respublikaları xaricindəki memarlıq abidələrinin qorunması, inventarizasiya ilə bağlı problemlərin həlli üçün nə etmək lazımdır? - İlk növbədə müxtəlif istiqamətlər üzrə ortaq çalışmalara üstünlük verəcəyik. Məsələn, hazırda "Türk Dünyası Ortaq İnşaat Terminləri Lüğəti" layihəsi üzərindəki çalışmalar sürətləndirilməkdədir. Terminologiya bizim ən əhəmiyyətli və həssas problemlərimizdəndir. Bu lüğətin hazırlanması, ortaq terminlərin müəyyənləşdirilərək onlara ümumişləklik statusunun qazandırılması "Dildə, fikirdə, işdə birlik" şüarımızın həyata keçirilməsində önəmli addım olacaq. Artıq bu istiqamətdə konkret addımlar atılmaqdadır. Sizin də söylədiyiniz kimi, memarlıq əsərlərinin inventarizasiya məsələsi ilə yaxından məşğul olacağıq və bundan sonrakı hər qurultayda Dünya Memarlıq Mirası Siyahısına salınması üçün UNESCO-ya təkliflər veriləcək. Təbii proseslər nəticəsində, həm iqlim şərtləri, həm də insan əli ilə dağıdılmış memarlıq əsərlərinin müəyyən edilməsi üçün işçi qrup yaradılacaq. Qrup öz sahələrində yüksək səviyyəli mütəxəssislərdən təşkil olunacaq. İşçi qrup əsərlərin inventarizasiyasını aparıb bu əsərlərin təkrar dünyaya qazandırılması üçün nələr edilməsi lazım gəldiyini müəyyən edəcək. Hazırlanan bütün inventar çalışmaları hesabat şəklinə gətiriləcək, 2010-cu ildə keçiriləcək qurultayın nümayəndələrinə təqdim ediləcək və onların bu barədə rəyləri alınacaq. Qurultaydan sonra hesabatın son şəkli redaktə edilərək başda BMT Baş Katibliyi və UNESCO olmaqla əlaqədar beynəlxalq təşkilatlara təqdim olunacaq. Qurultayda aldığımız qərarların icrası istiqamətindəki fəaliyyətlərimiz də öz axarı ilə davam edəcək. Bu qurultayın qətnaməsində müxtəlif ölkələrdəki tarixi əsərlərin öz funksiyaları xaricində istifadəsinə yol verilməməsi məsələsi də vurğulandı. Məsələn, ibadətxana və məbəd funksiyası yerinə yetirən bir abidənin başqa məqsədlərlə istifadəsinə yol verilməməlidir. Türk dünyasının ortaq malı olan və Dünya Memarlıq Mirası Siyahısında yer alan Divrici Ulu Camisi və Şəfaxanəsinin restavrasiyası və qorunması ilə bağlı qanun layihəsi hazırlanması və Türkiyə parlamenti tərəfindən bu məsələnin nəzarət altına alınması tövsiyə edilmişdir. Bundan əlavə ortaq mədəniyyətimiz və öz ölkəsi qarşısında xidmətləri olan fikir və sənət adamlarına, memar, mühəndis, şəhərçilik mütəxəssisi və elm adamlarına veriləcək "Türk Dünyası Mükafatları"nın təqdim edilməsi ilə bağlı əsasnamə tezliklə hazırlanacaq. Qısası, görməli işlərimiz çoxdur. Biz hələ yolun başlanğıcındayıq. Ümidvaram ki, birlikdə hərəkət edərək türk dünyası üçün qısa zamanda çox işlər görə biləcəyik. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar