SON XƏBƏRLƏR

Qasım Süleymaninin ölümü- İranın “əfsanəvi general” propaqandasının süqutu

2021.10.20, 07:36
Qasım Süleymaninin ölümü- İranın “əfsanəvi general” propaqandasının süqutu

Gunaz.tv

GünAz TV: 1998-ci ildən “Sepah”ın Qüds Briqadasına rəhbərlik edən Qasım Süleymani daha öncələr adı tez-tez hallanmayan və fəaliyyətləri əsasən gizli saxlanılan iranlı hərbçilərdən biri idi.

 

Lakin Suriyada vətəndaş müharibəsinin başlanmasının ardınca İranın bu ölkənin daxili işlərinə qarışması, Əsəd rejiminə hərbi və maddi yardım göstərməsi, eləcə də İŞİD terror təşkilatının meydana çıxması rəsmi Tehranın Qasım Süleymani propaqandasını yaymasına münbit şərait yaratmışdı. Hətta bir neçə il əvvəl İnqilab Keşikçiləri Korpusuna bağlı media orqanlarından biri yaydığı məqaləyə kinayə ilə “Amerika Süleymanidən xilas olmaq üçün onun üzərinə bəlkə Batman, Superman və ya Spidermani göndərmək üzərində düşünsün” kimi cümlələr daxil etmişdi.

 

Əlbəttə, İŞİD terror təşkilatının mövcudiyyəti dövründə rəsmi Tehranın propaqandasında Süleymaninin İŞİD-ə qarşı döyüşən qüvvələrin komandanı kimi təqdim edilməsi onun öldürülməsinə qarşı fərqli fikirlərə yol aça bilərdi. Lakin həmin əsnada Süleymaninin İŞİD-lə mübarizə adı altında regionda İranın nüfuz dairəsini yayması və yeni yaraqlı şiə qrupları təşkil edərək onlardan İsrail və Amerika maraqlarına qarşı istifadə etməsi Qərbi narahat edirdi. Bu səbəbdən, görünür, Qərb dünyası onun aradan qaldırılması işini İŞİD-in məhv edilməsindən sonraya qədər təxirə salıb. “Sepah” mediasının kinayəsinin əksinə olaraq, ABŞ-ın Süleymanini “Batman” və ya “Superman” göndərmədən, yanvarın 2-dən 3-nə keçən gecə Bağdad hava limanı yaxınlığında uğurlu hava əməliyyatı nəticəsində öldürməsi əslində “əfsanəvi general” fenomeni və propaqandasının elə əfsanədən ibarət olduğunu sübuta yetirdi.

 

Qasım Süleymani də ötən illər ərzində etdiyi çıxışlardan bir neçəsində özünü “əfsanəvi” şəxs kimi təqdim etməyə çalışırdı. O, çıxışlarının birində Trampa xitabən “biz hər yerdəyik, biz elə ağlınıza gəlməyən yerdə sizin yanınızdayıq” kimi fikirlər səsləndirmişdi. Eləcə də, İran mediası onun İŞİD liderə Əbu Bəkr əl-Bağdadinin namaz qılarkən yanına qədər sıza bilməsi, ABŞ ordusunun komandanına mesajı və İŞİD-in məhv edilməsi ilə bağlı məktubu kimi qeyri-real məlumatlar yayınlamaqlq, Süleymaninin obrazını “əfsanəvi” və “məğlubedilməz” komandan kimi formalaşdırmağa çalışırdı. Lakin Süleymaninin öldürülməsi göstərdi ki, əslində ABŞ onu uzun illərdir nəzarətdə saxlayırmış və getdiyi hər bir nöqtədən, eləcə də atdığı addımlardan xəbərdar imiş.

 

Qasım Süleymani propaqandasının formalaşması:

İranın nüvə razılaşması imzalamaqla, nüvə proqramını istədiyi formada davam etdirmək şansını itirməsindən sonra “dini lider” Əli Xamneyi Qərbə qarşı təhdid kimi istifadə etmək üçün 2 əsas xətt müəyyənləşdirmişdi. 1-cisi İnqilab Keşikçiləri Korpusunun nəzarətinə verilmiş raket proqramı, 2-cisi Qasım Süleymaniyə tapşırılmış İranın regionda nüfuzunun artırılması və strateji dərinlik siyasətinin yürüdülməsi.

 

Lakin Süleymaninin Bəşər Əsəd qüvvələri ilə birlikdə Suriya xalqının qətliam edilməsində iştirakı, regionda yeni şiə yaraqlı qruplaşmaları yaratması və digər bu kimi addımları istər Qərb, istərsə də Səudiyyə Ərəbistanı və Türkiyə də daxil olmaqla, bölgə ölkələrinin narazılığı ilə müşayiət olunurdu. Xüsusilə, ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra İranla yenidən razılıq əldə etmək üçün sürdüyü ilk şərtlərdən 2-sinin bu ölkənin raket proqramı və yaraqlı qruplaşmalara göstərdiyi dəstəyi dayandırmasını əhatə etməsi Vaşinqtonun “Sepah” və onun “Qüds Briqadası”na Xamneyi tərəfindən tapşırılmış missiyalardan narahat olduğunu ifadə edirdi.

 

İranın regionda gərginliyi artırmaq istiqamətində fəaliyyətləri:

ABŞ-ın Tehrana qarşı sanksiyaları bərpa etməsi və maksimum təzyiq siyasəti yürütməsinə qarşılıq olaraq İran regionda gərginliyi pikk həddə çatdırmaq və nüvə öhəliklərini azaltmaqla, Avropa ilə Amerika arasında fikir ayrılığı yaradaraq, sanksiyaların ləğv edilməsi və özü üçün əlverişli hesab etdiyi şərtlər altında yeni razılaşmanın əldə edilməsi istiqamətində 2 siyasi kurs izləyirdi. Yay aylarında körfəz və Oman dənizində ticari gəmilərə qarşı keçirilmiş hücum, Amerikaya məxsus pilotsuz uçan aparatın vurulması, Britaniyaya məxsus tankerin saxlanması və Səudiyyə Ərəbistanının “Aramco” şirkətinin neft təsisatlarının bombalanması İran və ona bağlı şiə yaraqlıların ABŞ-a müharibə başlayacağı təqdirdə, regional və beynəlxalq müttəfiqlərinin təhlükəsizlikdə olmayacaqları siqnalını vermək üçün həyata keçirilmişdi.

 

Digər tərəfdən, İranın 2019-cu ilin may ayından, yəni ABŞ-ın nüvə razılaşmasını tərk etməsinin 1-ci il dönümündən etibarən mərhələli şəkildə nüvə öhdəliklərini azaltması və uranın zənginləşdirilmə həddi xüsusunda qəbul etdiyi məhdudiyyətləri aradan qaldırması təkcə Qərbi deyil, region ölkələrini də narahat edən amilə çevrilib.

 

Suriyada İsrail “Sepah” və ona bağlı qüvvələrə dəfələrlə hava zərbələri endirsə də, yay aylarında bu hücumlar İraqa da sirayət etmişdi. ABŞ İsraildən fərqli olaraq, ötən illər ərzində İranın regional nüfuzunu artırmaq istiqamətindəki fəaliyyətlərinə hərbi yolla deyil, sanksiyalarla maneə olmağa çalışırdı.

 

İraq və Livan etirazları:

Oktyabr və noyabr aylarında İraqda və Livanda keçirilən xalq etirazları zamanı Tehranln bu ölkələrdəki nüfuzuna qarşı şüarlar səsləndirilməsi, eləcə də İranın Nəcəf konsulluğunun 3 dəfə yandırılması artıq ABŞ-ın regionda İran amilinə qarşı fəaliyyətə başlamasının carçısı hesab edilirdi. Dekabrın sonlarında İranın Həşdəş-Şəbi qruplaşması vasitəsilə prosesləri əngəlləmək üçün ABŞ-ın İraqda yerləşən bazalarına və səfirliyinə hücumlar təşkil etməsi tərəflər arasında hərbi qarşıdurma riskini artırmışdı. Xüsusilə, ABŞ-ın səfirliyə hücumdan sonra İrana mümkün qarşıdurmadan yayınmaq üçün göstərdiyi səbrin Tehran tərəfindən “qorxmaq” kimi anlaşılmaması üçün bir neçə dəfə xəbərdarlıq etməsi İran tərəfindən ciddiyə alınmamışdı. Bunun kökündə yay aylarında həyata keçirilmiş hücumlardan sonra başda Əli Xamneyi olmaqla, İran tərəfində formalaşmış ABŞ-ın İranla birbaşa müharibədən “çəkinməsi” fikri dayanırdı.

 

Süleymaninin ölümünün regional təsirləri

Süleymaninin ölümü İran siyasi elitası üçün regional siyasətini tərtib və icra edənlərdən birinin itirilməsi deməkdir. O, həm də ölkənin yaratdığı bir neçə şiə yaraqlı qruplaşma arasında koordinasiya işlərini həyata keçirirdi. Süleymaninin ölümü həmin qruplaşmaların Əli Xamneyinin nəzarətindən çıxmasına və ya ən yaxşı halda, İranın qruplaşmaları idarə etməsində problemlər yaranmasına səbəb ola bilər. 

 

Əli Xamneyinin xüsusi etibarını qazanan Süleymani “Sepah”da böyük şəbəkəyə, bir çox icra hakimiyyəti orqanlarına və dövlət qurumlarına nəzarət etməklə yanaşı, böyük mali şəbəkəyə sahib idi və istədiyi an Müdafiə Nazirliyindən öz tabeliyində olan yaraqlılara pulsuz silah əldə edə bilərdi. İranın Suriya, İraq, Yəmən, Livan, Əfqanıstan və Fələstinlə bağlı diplomatiyasını icra edən Süleymani həm də bu ölkələrə səfir təyin edən şəxs hesab edilirdi. “Qüds Briqadasının” komandanı həmçinin İranın regionda “şiə ayparası” yaratmaq üçün fəaliyyət göstərən əsas nümayəndəsi idi.

 

İranlı rəsmilərin ölkənin regional nüfuzunu yaymaq üçün 1 nömrəli şəxs olan Süleymaninin ölümünə verəcəkləri reaksiyalarla bağlı səsləndirdikləri fikirlər bölgədə ABŞ-İran münasibətlərinin daha da kəskinləşəcəyini göstərir. İranın mövcud iqtisadi və hərbi qüdrətini nəzərə aldıqda, rəsmi Tehranın Amerika ilə müharibəyə girəcəyi qeyri-real görünür. İranın intiqam cavabı regionda tabeliyində olan yaraqlılar vasitəsilə müxtəlif hücumlar təşkil etməkdən ibarət ola bilər. Xüsusilə də, İranın məsuliyyətdən yayınmaq üçün şiə yaraqlıları vasitəsilə deyil, daha çox Əfqanıstanda Taliban qüvvələri kimi, sunni və ya sələfi etiqada malik qruplaşmalar vasitəsilə ABŞ-a qarşı qisas əməliyyatını həyata keçirəcəyi daha məntiqli görünür.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar