SON XƏBƏRLƏR

Qazaxıstan: keçmişini bilməyən millətin gələcəyi də yoxdur

2021.10.20, 07:36
Qazaxıstan: keçmişini bilməyən millətin gələcəyi də yoxdur

Gunaz.tv
Qazaxıstan: keçmişini bilməyən millətin gələcəyi də yoxdur 4297.jpg Müstəqilliyini əldə etdikdən sonra Qazaxıstan öz tarixinin şanlı səhifələrini yenidən araşdırmağa başlayıb. Bu məqsədlə 2004-cü ildə Prezident Nursultan Nazarbayevin sərəncamı ilə hazırlanan “Mədəni Miras Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər diqqəti cəlb edir. Vaxtilə Türküstan və Altay çöllərindən başlayaraq, Balkanlar və Misir də daxil olmaqla böyük bir ərazidə hökmranlıq edən qazaxların ulu əcdadlarının qəhrəmanlıqlarının yetişməkdə olan nəslə çatdırılması və onlarda milli şüurun artırılması yönündə görülən işlər ölkənin hər yerində böyük coşqunluqla qarşılanıb. Təsadüfi deyil ki, Prezident Nursultan Nazarbayev qazaxların gələcəkdə əldə edəcəkləri uğurların onların öz şanlı tarixlərindən ibrət götürmələrindən asılı olacağını xüsusi vurğulayaraq: “Əgər biz keçmişimizi sevə-sevə öyrənməsək və əcdadlarımızın qəhrəmanlıq səhifələrini ruhən yenidən onlarla birgə yaşamasaq, onda heç vaxt inkişaf etmiş millətlər sırasında öz yerimizi tuta bilməyəcəyik. Keçmiş yenidən öyrənilməzsə, gənc nəsil milli şüurdan və milli mənlikdən uzaq düşərək gələcəyi olmayan müti insanlara çevriləcək. Keçmişi olmayan millətin gələcəyi də yoxdur”, - deyib. Məhz Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən “Mədəni Miras Proqramı” çərçivəsində qazax xaqının böyük oğlu, məşhur sərkərdə və dövlət xadimi, hazırda məzarı Şamda (Dəməşq) olan Sultan Baybarsın xatirəsi əbədiləşdirilməyə başlanıb. Bu məqsədlə Baybarsın Şamdakı məzarı üzərində möhtəşəm bir abidə ucaldılması üçün Suriya ilə razılıq əldə edilib. Eyni zamanda Misirin paytaxtı Qahirədəki Sultan Baybars camisi də yenidən restavrasiya edilir. Buna paralel olaraq, qazaxların türk kökənli olduqları və tarix səhnəsində 20-ci əsrin 20-ci illərinə kimi (bolşevik istilasına qədər) türk olaraq tanındıqları barədə yetişməkdə olan nəslə ətraflı məlumatlar verilməkdədir. Məhz bu çərçivədə Nazarbayev qardaş Türkiyə ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. İki ölkənin etnik yöndən eyni kökənli olmasını gənclərə daha dərindən aşılamaq və onlarda türk milli şüurunun daha da formalaşdırılması məqsədi ilə ölkənin paytaxtı Astananın mərkəzindəki ən mənzərəli yerlərindən birində türk dünyasının ən böyük tarixi simalarından olan görkəmli sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün abidəsinin ucaldılması nəzərdə tutulub. Bundan əlavə, adıçəkilən proqramda nəzərdə tutulanlara uyğun olaraq, qazax və eləcə də bütün türk xalqlarının mənəvi, mədəni və ruhi həyatında əvəzedilməz bir iz buraxan və bəşəriyyətə türklərin bəxş etdiyi ən böyük simalardan biri olan Əhməd Yasəvinin türbəsi yenidən qurulub və nəticədə o bütün dünya türklərinin ən müqəddəs ziyarətgahlarından birinə çevrilib. Qazaxların dünya tarixində vaxtilə ən möhtəşəm sivilizasiyalardan birini qurduqlarını sübuta yetirən onlarla sənət incisi var. Hazırda YUNESKO-nun mədəni irsin qorunması siyahısında Qazaxıstana aid olan 10 möhtəşəm sənət əsərinin adı var. Bunların içərisində eramızdan 2500 il əvvələ aid edilən altun əlbisəli (geyimli) adama aid qızıl-zinət əşyaları da var. Bu zinət əşyaları bu gündə onu görənləri heyrətə salaraq qazaxların vaxtilə nə qədər böyük bir intibah dövrü yaşadıqlarını bir daha sübut edir. Ölkədə aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılan qədim incəsənət əsərləri dünyanın müxtəlif muzeylərində nümayiş etdirilib və qazax xalqına böyük şöhrət qazandırıb. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar