SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlıya bəraət verib

2021.10.20, 07:36
Qərbi Azərbaycan Apellyasiya Məhkəməsi Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlıya bəraət verib

Gunaz.tv

GünAz TV: Noyabrın 2-də Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsi 3 güney azərbaycanlı milli-mədəni fəal barəsində bəraət hökmü çıxarıb.

 

Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlı 2018-ci il mayın 25-də daha bir neçə fəalla birlikdə Sulduzda yaxalanmışdır. Onlar 2006-cı ildə Milli Qiyam zamanı canlarını fəda etmiş sulduzlu şəhidlərin məzarı başında keçirilən 12-ci ildönümü mərasimi ilə bağlı saxlanmışdır. Fəalların əksəriyyəti yaxalandığı gün buraxılsa da adlarını çəkdiyimiz fəallar bir neçə gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. Fəallar yaxalanarkən döyülüb, Cavad Əhmədi Yekanlı təcridxanada saxlandığı müddətdə vəhşicəsinə işgəncə edilmişdir.

 

Uzun müddət Sulduz Məhkəməsində davam edən prosesdən sonra ittihamlardan bəraət qazanan fəallar Urmiyə prokurorunun müavininin şikayəti üzrə Apellyasiya Məhkəməsinə çağırılmışdır. Onlar oktyabrın 9-da Urmiyada Qərbi Azərbaycan Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində mühakimə olunub. Apellyasiya Məhkəməsi işə baxdıqdan sonra birinci instansiyanın hökmünü olduğu kimi qüvvədə saxlayıb və fəallar barəsində bəraət hökmü çıxarıb.

 

Xatırladaq ki, oktyabrın 9-da keçirilən apellyasiya məhkəməsində Təbriz zindanında həbsdə olan siyasi məhbus Əmir Səttariyə məhkəmə iclasına qatılmaq üçün icazə verilməmişdir. Məhkəmə prosesi zamanı hakim Ruhulla Məhbubi, Ulduz Qasimi və Cavad Əhmədi Yekanlının türk dilində yazdıqları özünümüdafiə mətnini qəbul etməkdən imtina etmişdir. O buna səbəb kimi İranda rəsmi yazışma dilinin fars dili olduğunu göstərmişdir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar