SON XƏBƏRLƏR

Qərbi Azərbaycan Əyalətinin parçalaması planı gündəmdən çıxarıldı –Deputatlar Birliyinin rəisi vəzifəsindən kənarlaşdırıldı

2021.10.20, 07:36
Qərbi Azərbaycan Əyalətinin parçalaması planı gündəmdən çıxarıldı –Deputatlar Birliyinin rəisi vəzifəsindən kənarlaşdırıldı

Gunaz.tv

GünAz TV: Azərbaycan əhalisi və millət vəkillərinin etirazından sonra Qərbi Azərbaycanın parçalanması planı gündəmdən çıxarılıb.

Mərkəzi Xoy şəhəri olmaqla “Sərhəd Azərbaycanı” (“Azərbaycan-i mərzi”) əyalətinin yaradılması ilə bağlı təklif layihəsi Qərbi Azərbaycan Əyalətinin sözdə milət vəkili Tağı Kəbiri tərəfindən İran parlamentinə təqdim olunub.

 

Parlamentin Rəyasət Heyətinin üzvü Əliəsğər Yusifnəjad avqustun 17-də öz çıxışında təklif layihəsinin parlamentə təqdim olunduğunu açıqlamışdır.

 

Tağı Kəbiri

 

Bundan sonra Azərbaycan əhalisi və bəzi millət vəkilləri Qərbi Azərbaycan Əyalətinin parçalanması planına qarşı etiraz bildirdilər. Bunun ardınca avqustun 18-i səhər saatlarında təklif layihəsini təqdim edən Tağı Kəbirinin Qərbi Azərbaycan Deputatlar Birliyinin rəisi postundan kənarlaşdırıdığı ilə bağlı xəbər yayıldı. Məlumata görə, Xoyun millət vəkili Deputatlar Birliyinə üzv millət vəkillərinin əksəriyyətinin səsi ilə tutduğu vəzifədən  uzaqlaşdırılıb, onun yerinə Salmasın millət vəkili Şəhruz Bərzgər seçilib.

 

Şəhruz Bərzgər mətbuata verdiyi açıqlamada Tağı Kəbirinin “Sərhəd Azərbaycanı” yaratmaqla bağlı təklif layihəsi hazırlayıb parlamentə təqdim etdiyinə görə tutduğu vəzifədən uzaqlaşdırıldığını deyib.

 

Qərbi Azərbaycan Əyalətinin parçalanması planına Urmiyənin millət vəkilləri Nadir Qazipur, Hadi Bahaduri, Ruhulla Həzrətpur, Culfa və Mərəndin millət vəkili Məhəmməd Həsənnəjad və Təbrizin millət vəkili Əhməd Əlirzabeygi sərt etiraz bildirmişdir.

 

Mətbuata açıqlama verən millət vəkilləri Tağı Kəbirinin irəli sürdüyü təklif layihəsini onun seçki təbliğatına xidmət etdiyini və növbəti seçkilərdə rəqiblərinə qalib gəlmək məqsədi ilə gündəmə gətirildiyini bildiriblər.

 

“Xoyun millət vəkili tərəfindən parlamentə təqdim olunan təklif layihəsi bir neçə deputat tərəfindən imzalanmışdır. Lakin deputatlar ardıcıl imzalarını geri götürür. Onlar yenə də buna qarşı çıxacaq. Həmçinin bu parlamentin ömrü sözügedən təklif layihəsini müzakirə etməyə çatmayacaq.”- deyə Nadir Qazipur vurğulamışdır.

 

Nadir Qazipur

 

Ruhulla Həzrətpur da həmkarına oxşar açıqlama ilə çıxış edib. O bildirib ki, təklif layihəsi 67 deputat tərəfindən imzalanıb. Lakin məsələyə aydınlıq gətirildikdən sonra onların əksəriyyəti imzasını geri götürüb. Artıq təklif layihəsi üçün yetəri qədər imza qalmayıb.

 

Ruhulla Həzrətpur

 

Hadi Bahaduri isə bəyan edib ki, yeni əyalətin harada yaranacağı sual altındadır. Çünki, əyalətdə yerləşəcək Salmas və Makının millət vəkilləri də bu təklifə qarşı çıxır. Ona görə də təklif layihəsini imzalamaq üçün Kirman, Sistan və Bəluçistan və mərkəzi Əyalətlərinin deputatlarına müraciət edirlər.

 

Hadi Bahaduri

 

Məhəmməd Həsənnəjad isə Qərbi Azərbaycan Əyalətinin o qədər də böyük olmadığını, ona görə də əyalətin içində yeni əyalətin yaradılmasına ehtiyac olmadığını diqqətə çatdırıb. O bildirib ki, söhbət yeni əyalətin yaradılmasından gedirsə, yəqin ki, Fars, İsfahan, Kirman, Yəzd və s. kimi əyalətlər gündəmə gələ bilər.

 

Məhəmməd Həsənnəjad

 

Təbrizin millət vəkili Əhməd Əlirzabeygi də sözügedən təklifə qarşı olduğunu deyib. “Belə təkliflər adətən seçkiqabağı ortaya çıxır. Biz buna qarşıyıq. Sabitsizlik yaradan və təhlükəsizlik problemlərinə səbəb olan istənilən layihə parlamentdə təsdiqlənməməlidir.”- deyə o vurğulayıb.

 

Əhməd Əlirzabeygi

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar