SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda bir qrup terrorçu tutulub

2021.10.20, 07:36
Qərbi Azərbaycanda bir qrup terrorçu tutulub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın qərb bölgəsində bir qrup terrorçunun tutulduğu barədə xəbər yayılıb.

 

Bu barədə Qərbi Azərbaycan Polis İdarəsinin rəisi Nasir Aslani mətbuata məlumat verib.

 

O terrorçu qrupun saxlandığını bildirsə də, onların hansı terror qruplaşmasına mənsub olduğunu açıqlamayıb. Polis rəisi “bu qrup əyalətdə təxribat törətmək istəyib, onlar azı 10 tanınmış şəxsiyyəti terror etməyi planlaşdırıblar” deməklə kifayətlənib.

 

Qərbi Azərbaycan Əyalətində Komelə, Demokrat, PKK və ona bağlı olan “Pejak” kimi kürd qruplaşmaları terror fəaliyyəti ilə məşğul olur. Lakin İran rejimi onlarla müəyyən işlərdə işbirliyi içində olduğu üçün bu qruplaşmaların adlarını hallandırmaqdan çəkinir.

 

Məsələn, aprelin əvvəllərində kütləvi informasiya vasitələrində “Qərbi Azərbaycanda “Pejak” terrorçularına bağlı olan peşəkar dilənçi bandasının üzvləri aşkarlanaraq saxlanılıb” başlığı ilə xəbər yayıldığı zaman, Qərbi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Əlirza Radfər xəbərlə bağlı qəribə iddia ilə çıxış etmişdir.

 

O bildirmişdir ki, “virtual aləmdə yayılan məlumatlar vasitəsi ilə Urmiyədə “Pejak”a bağlı olan dilənçi banda üzvlərinin saxlanılmasını öyrəndim. Bu haqda əyalət rəhbərliyinə heç bir məlumat verilməyib, mən də başqaları kimi bu xəbəri internetdən oxudum və bundan sonra hadisənin araşdırılması haqda göstəriş verdim.”

 

Güney Azərbaycanın qərb bölgəsinə göz tikən PKK və “Pejak” terror qruplaşmaları bölgədə insan alveri, silah və narkotik qaçaqmalçılığı, insan girov götürmək və s. kimi işlərlər məşğul olaraq böyük məbləğdə pul əldə edir. Onlar çirkin hədəflərinə çatmaq üçün bu pulları əsasən terrorçuluğa və radikal kürd ailələrini Azərbaycanın şəhər və kəndlərində məskunlaşdırmağa sərf edirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar