Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayı artıb. Qərbi Azərbaycanın daha iki şəhərində “qırmzı vəziyyət” elan edilib.
Gunaz.tv
Bu barədə Qərbi Azərbaycan Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə məlumat verib. Onun sözlərinə görə, koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunduğu üçün Urmudan başqa daha iki şəhərdə: Xoy və Sulduzda “qırmızı vəziyyət” elan olunub.
Onun dediyinə görə, son sutkada daha 550 nəfər koronavirusa yoluxub. Hazırda əyalət xəstəxanalarında 632 nəfər COVİD-19 xəstəsi müalicə olunur.
Onlardan 165 nəfər reanimasiya şöbələrində yerləşdirilib. 41 nəfər süni tənəffüs aparatına qoşulub.
Hazırda Qərbi Azərbaycan əyalətinin Urmu, Sulduz, Xoy şəhərlərində “qırmızı vəziyyət”, Makı, Poldəşt, Çaldran, Üşnəviyyə, Sərdəşt, Piranşəhr və Bukan şəhərlərində isə “narıncı vəziyyət” elan olunub.
Qeyd edək ki, İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Yanvar ayından bu kateqoriyalara mavi rəng də artırılıb.
Təhlükə səviyyəsi sarı kimi göstərilən şəhərlərdə daha az məhdudiyyət tətbiq edilməsi üçün mavi rəng müəyyən edilib.
Bu kateqoriyaya aid şəhərlərdə bütün iş yerləri elan edilmiş karantin qaydalarına uyğun olaraq fəaliyyət göstərə bilər.
C.E