SON XƏBƏRLƏR

Qeşm adasında turizm xidmətlərinin özəl sektora verilməsinə qarşı etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Qeşm adasında turizm xidmətlərinin özəl sektora verilməsinə qarşı etiraz aksiyası keçirilib

Gunaz.tv

GünAz TV: İranın körfəz adası Qeşmin sakinləri oktyabrın 21-də Qeşm sahillərindən 22 km məsafədə yerləşən Naz adasında turizm xidmətlərinin özəl sektora verilməsinə etiraz olaraq insan zənciri formasında etiraz aksiyası keçiriblər. 

 

Məsullar bildirirlər ki, əvvəllər bu səbəbdən insanların pulsuz çimərliklərə girişi məhdudlaşıb. Ona görə də, ada sakinləri turizm xidmətlərinin tamamən özəl sektora verildiyi təqdirdə, ödənişsiz çimərlikdən istifadələrinin tamamilə məhdudlaşdırılmasından narahatdırlar.

 

İranda özəlləşdirmə sövdələşmələri şəffaf keçirilmədiyindən, müxtəlif iaşə obyektləri çox ucuz qiymətlə hökumətə bağlı şəxslərə ya satılır, ya da icarəyə verilir. Eləcə də, sakinlər müxtəlif layihlələrin icra edilməsi üçün nəzərdə tutulan bölgədə yerləşən evlərini real bazar qiymətlərindən olduqca aşağı qiymətə satmağa məcbur edilirlər. Bu isə öz növbəsində insanlar arasında ciddi narazılığa səbəb olur. Müəyyən sahə üzrə keçirilən tenderlərdə də saxtakarlıq edilir, sıravi iş adamlarının böyük layihələrin tender qalibi olmalarına əngəllər törədilir.  

 

Qeşm Azad Ticarət Zonasının rəhbəri Murtuza Şeyxzadə sakinlərin etirazına bildirdiyi münasibətdə adada turizm xidmətlərinin özəl sektora verilməsinin xidməti daha da yüksəltmək məqsədini güddüyünü deyib.

 

Qeyd etmək lazımdır ki, avqust ayında “Sepah” terror təşkilatına məxsus böyük biznes holdinq olan “Xatəmül-Ənbiya” körfəzdə, Kiş adasının cənubunda süni ada yaratmaqla bağlı layihə təqdimatı keçirmişdi. Kiş Azad Zona Təşkilatının icraçı direktoru Qulamhüseyn Müzəffəri avqustun 30-da bildirmişdi ki, sözügedən ada əsasən turistik bölgə olacaq, lakin orada yaşayış binaları da mövcud olacaq. Həmin süni adanın 500000 kvadrat metr ərazidə salınacağı planlaşdırılır.

 

Hazırda “Xatəmül-Ənbiya”nın Tikinti Qərargahının layihə üzrə işlərə başladığı bildirilir. Lakin bu layihənin icrasının sözügedən quruma qanunun tələb etdiyi kimi, tender üzrə, ya qeyri-qanuni yollarla verilməsi məlum deyil.  İran rəsmilərinin ötən illər ərzində müxtəlif layihələrin icrası zamanı vətəndaşlara məxsus olan böyük torpaq sahələrini mənimsədiklərilə bağlı çoxlu cinayət faktları var.

 

Qeşm adasının sakinləri də etiraz aksiyası zamanı pulsuz çimərliklərə girişin pullu ediləcəyilə bağlı narahatlıqları ilə yanaşı, öz torpaqlarının layihələrin icrası zamanı mənimsənilməsindən qorxduqlarını deyiblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar