SON XƏBƏRLƏR

Qəzvin Əyalətində iki sənaye müəssisəsi fəaliyyətini dayandırıdı

2021.10.20, 07:36
Qəzvin Əyalətində iki sənaye müəssisəsi fəaliyyətini dayandırıdı

Gunaz.tv

GünAz TV: Qəvzin Əyalətində fəaliyyət göstərən “Fulad Qəzvin” və “Arman Şəfəq” zavodları 12 il fəaliyyətdən sonra müvəqqəti olaraq işini dayandırıb.

 

Mayın 31-dən fəaliyyətini dayandıran sənaye müəssisələrində azı 300 işçi çalışıb, işçilərin iş yerlərini itirməsi onların etirazına səbəb olub.

 

“Ötən il yay aylarında “Fulad Qəzvin” və “Arman Şəfəq” zavodları Takistan Ədliyyə Şöbəsinin İflas İşləri üzrə Mərkəzi tərəfindən bir fiziki şəxsə buraxılıb. Həmin şəxslə müqavilə müddəti bitmədən, cümə axşamı günü zavodlarda işlər müvəqqəti olaraq dayandırılıb. Buna səbəb şirkət rəhbərliyinin öz öhdəliyinə əməl etməməsi və sənaye müəssisələrində yaranan problemlərdir”- deyə “İlna” xəbər agentliyi mövzu ilə bağlı yaydığı xəbərdə bildirib.

 

Məlumata görə, zavodlarda çalışan bir qrup işçi yaranan problemə görə sənaye müəssisələrinin binaları qarşısında etiraz yığıncağı keçiriblər.

 

“Fulad Qəzvin” və “Arman Şəfəq” zavodlarının işçiləri şirkətin keçmiş sahibinin dövründə 7 ay, yeni sahibinin dövründə isə 1 ay maaş almadıqlarını bildirirlər. Əmək haqlarını tələb edən işçilər zavodların gələcək fəaliyyəti ilə bağlı da səlahiyyətli orqanlardan yardım gözləyirlər.

 

““Fulad Qəzvin” və “Arman Şəfəq” sənaye müəssisələrinin yeni şəxsə ötürülməsi problemlərimizi daha da artırdı. Ona görə də işçilər vaxtaşırı zavodun vəziyyəti və gecikmiş əmək haqlarını almaq üçün etiraz yığıncağı keçirməyə məcbur olur”- deyə fəaliyyəti dayandırılmış zavodların işçiləri bildirib.

 

Artıq bir neçə ildir ki, Güney Azərbaycanda fəaliyyət göstərən sənaye və istehsal müəssisələri iqtisadi gərginlik ucbatından öz fəaliyyətini məhdudlaşdırır və ya ümumiyyətlə fəaliyyətini dayandırır. Bu proses bölgədə işsizlər ordusunun sıralarını günü-gündən genişləndirir, nəticədə bir çox ailə doğma şəhər və kəndini tərk edərək İranın digər bölgələrinə köçür, bəziləri isə minimum maaş və ən ağır şərtlər altında işləməyə məcbur qalır. Bu vəziyyət uzun illərdir davam edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar