SON XƏBƏRLƏR

QIRĞIZISTANIN DÜNYAYA ƏN BÖYÜK HƏDİYYƏSİ

2021.10.20, 07:36
QIRĞIZISTANIN DÜNYAYA ƏN BÖYÜK HƏDİYYƏSİ

Gunaz.tv
QIRĞIZISTANIN DÜNYAYA ƏN BÖYÜK HƏDİYYƏSİ 17.06-2.jpg Sağlığında dünya şöhrəti qazanmış, əsərləri 160-dan çox dilə çevrilmiş böyük qırğız yazıçısı Çingiz Aytmatov bizlərlə əbədi vidalaşdı. Gəncliyimizin əfsanələrindən, ideallarından biri olan, ancaq sonra dostuma çevrilmiş bu sadə insan ömrünün sonunadək yorulmadan yazdı və hər yeni əsəriylə ədəbiyyatın üfüqlərini genişləndirdi. Elə bil dünəndi; Bakıya gəlmişdi. Şəhidlər Xiyabanında, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycandakı nümayəndəliyində xeyli söhbət eləmişdik. Sonra üzrxahlıq eləyib ayrılmışdım. İki-üç saatdan sonra Ankaraya uçmalıydım. Ağlıma gəlməzdi ki, bu bizim son görüşümüz olacaq… Ötən yay Elazığa, «Xəzər Şeir Günləri»nə Çingiz bəy də gəlmişdi. İndi oxuculara təqdim olunan yazını da Çingiz Aytmatova həsr olunmuş bir görüş üçün hazırlamışam. Nə yaxşı ki, haqqında düşündüklərimi o özü dinləmiş, sonra xeyli isti söz demişdi. Bir neçə çıxışda türkiyəli dostlarımız Çingizin Nobel mükafatı almamasını haqsızlıq saydıqlarını dilə gətirdilər. Mən çıxışımın axırında bildirmişdim ki, Çingiz bəy çox böyük yazıçıdır və ona Nobel mükafatı lazım deyil. İkincisi də, Nobel mükafatı Azərbaycanın neft paraları hesabına formalaşmışdır. İnşallah, ondan da qiymətli bir ədəbi mükafatı yenidən təsis edərik və birincisini Çingiz bəy alar. Elazıqdan ayrılıq ərəfəsində məni otağına çağırdı. Gülə-gülə dedi: - Sən gözəl bir ideya verdin. 90 ildir bu «Nobel mükafatı» söhbəti gedir. Ancaq bilirsən, onu da siyasiləşdiriblər, ədəbi dəyərdən çox, ayrı meyarlar əsas götürülür. Niyə biz Türk Dünyasının, ya da böyük şairlər yurdu Azərbaycanın belə bir mükafatını yaratmayaq. Ona elə bir status qazandırmaq, onu elə yüksək tələbkarlıqla vermək olar ki, bu gün Nobelin sırasına düzülənlər, sabah da onun həsrətini çəkərlər. Bu barədə fikirləş! Bakıda dostlarla danış. Prezident İlham Əliyevə yaz. Ya da görüş, mənim də adımdan de. Mənə mükafat lazım deyil! Ancaq qoy böyük ədəbiyyatın üzünü Bakıya çevirək. Bu mükafatı Heydər Əliyev adına da təsis eləmək olar. Siyasətçi olanda nə olar?! Ədəbiyyatı, mədəniyyəti dəyərləndirən adam idi. Məncə, İlham Əliyev bu işin əhəmiyyətini biləcək və gözəl bir ənənə yaranacaq. Çingiz bəyin dediyi ağlıma batdı. Ədəbiyyatın Nobel mifini dağıtmaq üçün gözəl iş olardı. Ancaq Bakıda onun arzusunu yerinə yetirə bilmədim. Çünki qayıdandan bir neçə gün sonra eyni adda bir mükafatın təsis edildiyini oxudum. Ona bizim arzuladığımız şəkildə beynəlxalq status qazandırmaq fürsəti əldən qaçırılmışdı. İssikkul sahillərində görüşmək arzusuyla ayrılmışdıq. Deyə bilməmişdim ki, Səninlə görüşmək üçün Qırğızıstana gəlmək lazım deyil. Sən dünyanın hər yerində varsan və əbədi var olacaqsan! 2007-ci il. Türkiyənin Əlazıq şəhərində Xəzər şeir axşamlarının birində Aytmatova həsr olunmuş konfransda çıxışım Çingiz Aytmatov təkcə Qırqız və Türk Dünyasının deyil, Yer üzünün böyük yazarlarından biri, aramızda yaşya-yaşaya ismi min illərın ədəbiyyat karvanına qoşulmuş bir insandır. Bizlər - ədəbiyyat alanına ötən yüzilin 70-ci illərində atılmış yazarlar üçün Çingiz Aytmatov elə o çağlardan bir əfsanəvi qürur yeri idi. Qardaş Qırğızıstandan çıxmış bir türk övladının çox gənc yaşlarından tanınıb sevilməsi, kitablarının əl-əl gəzməsi, bir-birinin ardınca dünya dillərinə çevrilməsi ürəyimizi qanadlandırır, onun addımlarını və yeni kitablarını böyük maraq və intizarla gözləyirdik. Çingiz Aytmatov Sovetlər Birliyində yaşasa da, sadəcə bir sovet yazarı olmamışdır. O, bir ölkənin, bir recimin sınırlarına sığmayan, sınırları aşan və sözünü, özünün anlatdığı kimi, əbədiyyət və sonsuzluq ölçülərinə yönəldən, hər şeyə çağının yasaları üstündən baxan, uzaqgörən, filosof bir yazardır. Əsərləri çağının gücünü və gücsüzlüyünü, yaxşı və pis yönlərini göstərməklə, arasında yaşadığı insanların psixolocisini açmaqla bir həqiqəti sərgiləməkdədir: İnsanlıq doğru yolu sapmışdır. İşlər belə gedə bilməz. İnsan kökündən uzaqlaşa, dəyərlərini və hafizəsini itirə, ilahi sirlərə gözünü qapada, manqurtlaşa, ruhunu qeyb edərək robota çevrilə bilməz. Kitablarından birinə «Dağların və çöllərin nağılları» ismini vermişdir. Əslində Çingiz bəyin bütün kitabları Alatau və Tanrı dağlarının, İssikkulun, Çuimağur vadilərinin bitməz, əbədi türküləri, bu əski türk yurdunun ruhunun və mənəvi böyüklüyünün sözə köçürülmüş rəsmləridir. Gələn il Aytmatovun 80 yaşı olacaq. O, 12 dekabr 1928-də Qırğızıstanın Şəkər qışlasında dünyaya gəldi. Bir anadan kopdu. Ancaq Manas dastanından, qırğızların soy köküdən, Ana Maraldan, Tanrı dağının qutsal ruhundan, Qara Qırğız çöllərinin sonsuz kədərindən doğdu. Gəldi ki, bu ulusun könlündə yüz illərlə düyün bağlamış acıları dünyaya çatdırsın. Atası Aytmat gözəl qopuz çalandı. Çingizin sözü milyonlarla insanın könlünü çaldı. Çingiz torpağa, göyə bağlıdır. Heyvandarlık fakültəsini bitirib. Ancaq yazmaq eşqi onu Moskvaya, sonra da qəzetçiliyə çəkdi. 1952-59-cu illərdə Moskvada basılan «Pravda» qəzetinin Qırğızıstan müxbiri oldu və ömrünü bir yolluq qələmə bağladı. Bu illər Çingiz bal yığan arıya bənzəyirdi. Sonra 24 yaşında ilk hekayəsi çap olundu və elə ilk addımdan ədəbiyyata ciddi bir yazarın gəldiyini göstərdi. 29 yaşından başlayaraq hər biri yalnız qırğız ədəbiyyatında deyil, o zamanın Sovetlər Birliyində böyük ədəbi olaya çevrilən «Üz-üzə», «cəmilə», «Qırmızı yaylıqlı qovağım mənim», «İlk müəllimim», «Dəvəgözü», «Tarla ana», «Əlvida, Gülsarı», «Ağ gəmi» roman və povestləri yarandı. «cəmilə» povesti ona dünya çapında şöhrət qazandırdı, az zaman içində bir çox dünya dillərinə çevrildi. Aytmatovun şöhrətli günləri bu əsərin ünlü fransız şairi Lui Araqon tərəfindən fransızca tərcümə edilməsi ilə başlandı. Araqon bu povesti dünyanın ən gözəl eşq hekayəsi adlandırmışdır: «Ey Alfred de Musset. Qırğız boylarındakı bu avqust gecəsini də, otuz yaşında həyatını və gücünü heç qeyb etmədiyini söyləyə bilən bu gənci də qısqanmalısan, dostum. Budur, indi burada - Villonun, Hüqonun Parisində, kralların və devrimlərin Parisində, rəssamların yüz illik Parisi olmaqla öyünən, hər daşı ya bir tarixi, ya bir əfsanəni xatırlayan Parisdə… artıq bunların heç biri gözümdə deyil, çünki mən İkinci cahan savaşının üçüncü ilinin yayında, 1943-cü ilin o avqust gecəsində Kurkueu vadisində bir yerdə arabalarla gedən Daniel və cəmiləyə, bunların hekayəsini anladan küçük Seyidə rastladım». İllər keçəndən sonra Aytmatovun başqa bir tərcüməçisi Pyer Fryucer yazacaq: «Öz kökləri ilə Doğu və Batı kültürləri kimi iki böyük mədəniyyətə bağlı olan Aytmatovun yaradıcılığı bizim çağımızda özəl bir kültüroloci önəm daşımaqdadır və bizə iki kültürün bir insan qəlbində necə dialoq qura bildiyini dinləmək şansı verir. Aymatovun səsi vicdanı hərəkətə gətirən əbədi həqiqətin səsidir. İnsanlıq hər zaman bu həqiqətə doğru yürüyür, fəqət heç zaman ona çata bilmir. Məncə, dünyanı ayaqda saxlayan mənəviyyatı və lirizmi qoruduğu için Aytmatovu dünyanın bütün insanları sevir. Aytmatov Qırğızıstanın dünyaya ən böyük hədiyyəsidir». «cəmilə»dən sonra Aytmatovun ədəbi yolu hekayəçilikdən roman yazarlığına yüksəlir. İlk romanı olan «Torpaq ana» 1963-cü ildə nəşr edilir. Eyni ildə onun son dərəcə duyğusal «Əlvida, Gülsarı» romanı çapdan çıxır. 1963-cü ildə, 35 yaşında «Dağların və çöllərin nağılları» kitabı SSRİ-nin ən yüksək ödülü olan Lenin mükafatını qazandı. 40 yaşında isə o, Qırğızıstanın milli yazarıydı. O, iki dildə, rusca və qırğızca yazır. Yazarlığın dışında eyni zamanda siyasətçi, ictimai xadimdir: YUNESKO-da, Avropada Qırğızıstanı təmsil etmişdir. Aytmatovun bütün kitabları davamlı olaraq Azərbaycan türkcəsinə də çevrilmişdir. O, Türk Dünyasının ən böyük yazarları sırasında məktəb proqramları və dərsliklərdə yer almaqdadır. Çingiz bəylə mən öz yurdunda, Bişkekdə, 1982-ci ildə Asiya və Afrika gənc yazarlarının dördüncü konfransında görüşmüşdüm və «Bu yurd mənə tanış gəlir» adlı bir şeir də yazmışdım… Böyük yazarın kitablarından saatlarla danışmaq olar. Mən sadəcə bir neçə mövzuya toxunmaqla sözümü bitirmək istəyirəm. Çingiz Aytmatovun əsərlərinin ana mövzusu, məncə, insan və toplum, insan və zaman, yer üzərində yaşayan canlıların taleyidir. Sanki zamanın səsi, axışı eşidilir bu əsərlədə: «Uzaq çağlardan zamanımıza qədər günlər qum kimi axdı: saysız gecələr və dönüşsüz törən alayları keçib getdilər, illər, yüz illər karvanlar kimi uzaq üfüqlərə gedib qeyb oldular. Sonra biz onların izlərini tapdıq. O çağlardan bəri neçə-neçə insanlar yaşadı bu dünyada. Kuşkusuz, yer üzündəki daşlar qədər, bəlkə daha çox. Onların arasında ünlülər vardı, silik olanlar vardı, yaxşılar vardı, pislər vardı. Bəziləri dağlar qədər güclü idilər, bəziləri də qaplan qədər cəsur, qəhrəman idilər. Hər şeyi bilən bilgələr vardı, üstün yetənəklərlə donanmış sənət dahiləri vardı. Neçə millət neçə zamanlardan bəri yox olub getdilər və onların yalnız adları qaldı. Amma dünyada insan hafızəsi zamana meydan oxuyur. İnsanın öz hayatı göz açıb qapatıncaya qədər keçən zaman kimi qısadır. Ölümsüz olan düşüncədir, fikirdir və bu düşüncə insandan-insana keçər». Baxın, burda zaman sözə çevrilərək dil açmışdır. Zaman - keçmişdən qırğızları qoruyub yenidən dünyaya verən Ana Maraldan başlamış, bizim günlərimizdə bağımsız Qırğızıstanda para peşində olanların xəyanəti üzündən qırğız dağlarında o maralları və aslanları məhv eləyən yabançı ovçuların dağlara dırmanmalarına kimi yüz illərin zamanı - Aytmatovun baş qəhrəmanıdır. Onun ikinci baş qəhrəmanı toplumdur: öncə qırğız xalqı, öz milləti, sonra insanlıq, bəşəriyyət… Çingiz bəy yazırdı: «Hər yazar bir millətin cocuğudur və o millətin həyatını anlatmaq, əsərlərini öz milli gələnək və törələrindən qaynaqlanaraq zənginləşdirmək zorundadır. Mənim yapdığımda istəyim öncə budur - öz millətimin gələnəklərini və hayatını anlatmaq! Fəqət orada qaldığımız təqdirdə bir yerə varamazsınız. Ədəbiyyatın ulusal həyatı və gələnəkləri anlatmanın ötəsində də hədəfləri vardır. Yazar üfüqünü milli olanın o üzünə doğru genişlətmək və əvrənsəl olana ulaşmaq üçün qeyrət göstərmək uğrunda çalışmalıdır». Şəxsən mən millətdən kənarda bəşərilik bulmanın mümkünsüzlüyünü düşünürəm. Ümumbəşərinin bütün sirləri və böyük ölçüləri tipik olmayan, sıradan millət nəfərlərinin ruhundan və içindən başlanır. Amma Aytmatovun nə istədiyini də bilirəm. O, yazarı özünə də, dünyaya da daha geniş bilgilərlə, daha yüksək intellektlə baxmağa çağırır. Aytmatovun əsərləri Qırğızıstanın mənəvi və psixoloci durumunun gəlişməsinin bir ensiklopediyası yerindədir. Qırğızların tarix içində qazandığı dəyərləri, qəhrəmanlıqları, acıları, keçib gəldiyi məşəqqətli yolları öz əsərləri ilə bütün millətlərə açmışdır. Milləti millət edən dəyərlərdən birisi də ulusal – milli hafızədır və Çingiz Aytmatovun bütün əsərlərində yaddaşın önəmi göstərilməklə, onsuz tarixin, yolun və millətin yox olub gedəcəyi qənaəti ortaya qoyulur. Bu baxımdan onun «Ağ gəmi», «Dar ağacı», «Dişi qurdun röyaları» («Yalquzaq»), «Əsrə bərabər gün» kimi əsərləri milli hafizəyə aid əfsanə, dastan, nağıl, deyim, ata sözləri, mifik sücetlərlə doludur. Bu əsərlər etnoqrafik, kültürəl boyalarla zəngindir. Çingiz Aytmatovun əsərləri bir köprüdür və qədim qırğız mifləri, folkloru, psixolocisi, mənəvi zənginliyi, anlayış tərzi, bir sözlə, milli dəyər deyilən nə varsa, bu köprüdən anlayıb çağdaş dünya oxucularına ulaşmaqdadır. Aytmatov inqilabçı deyildir! Fəqət əsərlərində toplumun acılarından doğan bir inqilab ruhu vardır. «Dəniz kənarıyla qaçan alabaş» mənim ürəkdən sevdiyim əsərlərindən biri olmaqla Aytmatovun öz zamanına və cəmiyyətə üsyankar baxışını parlaq bir şəkildə göstərməkdədir. Okean üzərinə çökən, sularda azmış qayığı günlərlə davam edən bir qaranlığa gömərək ölümə sürükləyən sisə, dumana, buludlara deyilən «ya məhv et bizi, itir, ya da dağıl, göy üzü açılsın» sözləri tək bir kişinin sözü deyildi. Yazarının sözüydü. Sovetlər reciminə, bu günün və bütün zamanların böyük güclərinə, zülmə, şərə xitabən deyilmiş sözlərdir! Çingiz Aytmatov doğrudan doğruya hər zaman yüksələn bir yolda yürüyən, Qırğızıstandan kosmosa yüksələn böyük düşüncə sahibidir. Onun «biz hamımız bir qayıqdayıq» sözü yer üzünün və insanlığın taleyini göstərir. Çingiz Aytmatovun qorumaq istədiyi yalnız okean üstündə azmış yalqız təknə və ya ilkin, təmiz qırğız yurdları deyil, bütünlüklə Yer kürəsidir. «Kassandra damğası» romanı bu açıdan dünya ədəbiyyatının şah əsərlərindəndir. «Qiyamət bizim içimizdədir» sözləri bu romanın məqsədini dürüst göstərir. Bir sözlə, bu gün bizlər dünya ədəbiyyatının yaşayan canlı və ölməz klassiki ilə bir yerdəyik. Çingiz Aytmatov öz əsərləri ilə təkcə Qırğızıstanı yox, həm də Türk Dünyasını, türk yaşam tərzini, yəni türk kültürünü yüksəltdi və sevdirdi. Buna görə hər birimiz ona minnətdarıq. Sabir RÜSTƏMXANLI vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar