SON XƏBƏRLƏR

Qızıl Aypara Cəmiyyəti: “Xalq tərəfindən seldən əziyyət çəkən bölgələrə göndərilən köməklər rekord qırıb”

2021.10.20, 07:36
Qızıl Aypara Cəmiyyəti: “Xalq tərəfindən seldən əziyyət çəkən bölgələrə göndərilən köməklər rekord qırıb”

Gunaz.tv

GünAz TV: Qızıl Aypara Cəmiyyətinin sədri Əliəsğər Peyvəndinin sözlərinə görə, bu günə qədər rəhbərlik etdiyi qurumun sel fəlakəti ilə üzləşmiş bölgələrin əhalisinə kömək məqsədi ilə açılmış hesablarına xalq tərəfindən 65 milyard tümən nəğd pul köçürülüb.

 

Bu göstərici Kirmanşahda baş vermiş zəlzələdən sonra toplanan vəsaitlərin həcmində qeydə alınmış rekord rəqəmi qırıb.

 

Qızıl Aypara Cəmiyyətinin Könüllülər Təşkilatının sədri Məhəmməd Nəsiri də ötən gün etdiyi çıxışı zamanı xalq tərəfindən yığılan məbləğin həcminin 65 milyard tümən olduğunu bildirmişdi. Onun sözlərinə görə, selin baş verdiyi ilk günlərdə vətəndaşlar Gülüstan vilayətinə 8 milyard tümən göndərmişdilər.

 

Qeyd etmək lazımdır ki, Gülüstan vilayətinə yardımları Güney azərbaycanlılar göndərmişdi. Sel fəlakətinin baş verdiyi ilk günlərdə farsdilli media orqanlarında bununla bağlı heç bir məlumat dərc edilməmiş, eləcə də rəsmilər məsələni ört-bastır etməyə çalışmışdılar. Lakin təbii fəlakətin miqyası genişləndikdən sonra artıq onun səbəb olduğu təlafat və zərərlərlə bağlı məlumatlar dünya media orqanlarına yol tapmışdı.

 

Kirmanşahda baş verən güclü zəlzələdən sonra xalqın bölgə əhalisinə etdiyi köməyin həcmi 63 milyard tümən elan edilmişdi. Lakin bölgə üçün toplanmış köməklərin səmərəsiz xərclənməsi sadə xalq, nəzarətçilər, sosial şəbəkə istifadəçiləri və İranın daxili media orqanları tərəfindən kəskin tənqid edilmişdi.

 

Bu hallar ölkə ərazisində baş vermiş digər təbii hadisələr baş vermiş bölgələrin əhalisi üçün toplanmış köməklərin istifadəsi zamanı da yaşanıb. Belə ki, Bəm şəhərində baş vermiş zəlzələdən sonra xarici ölkələrdən bölgə əhalisinə böyük həcmdə humanitar köməklər göndərildiyi bildirilmişdi. Buna baxmayaraq, zəlzələnin baş verməsindən bir neçə il sonra da yerli əhali hələ də müvəqqəti çadır və sığınacaqlarda yaşayırdı. Bu isə göndərilmiş yardımların dövlət qurumları tərəfindən mənimsənildiyini göstərirdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar