SON XƏBƏRLƏR

Qoşaçayda daha bir səyyar satıcı bələdiyyə məmurlarının hücumuna məruz qalıb - VİDEO

2021.10.20, 07:36
Qoşaçayda daha bir səyyar satıcı bələdiyyə məmurlarının hücumuna məruz qalıb - VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda Bələdiyyə İdarəsi məmurlarının səyyar satıcılar və küçə ticarəti ilə məşğul olanlara qarşı təhqiramiz hərəkətləri və onları döyməsi məsələsi növbəti dəfə sosial şəbəkələrin gündəminə düşüb.

 

Bu dəfə Qoşaçay küçələrində meyvə satan bir səyyar satıcı Bələdiyyə İdarəsinin “sədd-i məbər” məmurlarının hücumuna məruz qalıb.

 

Məmurlar satıcıya hücum edərək onun əşyalarını dağıdıb meyvələrini ayaqlar altına atıblar. Onlar satıcının alver etdiyi yerdən uzaqlaşmasını istəyiblər.

 

Fevralın 20-də sosial şəbəkələrin istifadəçiləri qoşaçaylı satıcının hücuma məruz qaldığı anı əks etdirən video yayıblar. Onlar zəhmətkeş bir insanın bu şəkildə hücuma məruz qalmasını qınayaraq bələdiyyə məmurlarının hərəkətini təhqiramiz adlandırıb.

 

https://www.youtube.com/watch?v=QAtQxnkOrl0

 

 

Ötən günlərdə Güney Azərbaycanın Xudabəndə şəhərinin İran parlamentindəki millət vəkili Əhməd Beygdeli İranda  səyyar satıcılığa üz tutanların 80 faizinin işsizlikdən bu işi seçdiklərini bildirmişdir. Millət vəkili vurğulayıb ki, səyyar satıcıların əksəriyyəti ali təhsilli insanlardır.

 

Son aylarda onlarla azərbaycanlı satıcı, Təbriz, Urmiyə, Qoşaçay, Xoy, Aslanduz, Qum və s. kimi şəhərlərdə Bələdiyyə İdarəsinin məmurları tərəfindən vəhşicəsinə döyülərək iş yerindən uzaqlaşdırılıb.

 

Qeyd edək ki, Güney Azərbaycanda səyyar satıcılıq kimi zəif peşələrə üz tutanların sayı getdikcə artır. Buna səbəb dövlət büdcəsinin əyalətlər arasında ədalətsiz şəkildə paylanılması, bölgəyə sərmayə yatırılmaması, istehsal və sənaye müəssisələrinin maliyyə problemlərindən dolayı bağlanılması və s. kimi amillərin nəticəsində ortaya çıxan işsizlik problemidir. Bəzi soydaşlarımız isə işsizlikdən dolayı doğma şəhər və kəndlərini tərk edərək İranın digər bölgələrinə köçməyə məcbur olur, onların bir çoxu getdikləri şəhərlərdə səyyar satıcılıq kimi zəif işlərlə məşğul olurlar.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar